Bir neçə gündür mətbuatda “Yeni Həyat” MMC-nin müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə dair “Yeni Həyat Şirkətlər Qrupu” MMC rəsmi açıqlama verdi.
Açıqlamada deyilir: "Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun müflis olunması barəsində yerləşdirilən məlumatlar tam yanlışdır və heç bir əsası yoxdur. Şirkətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və layihələrimiz mərhələli şəkildə təhvilə hazırlanmaqdadır"
"Yeni Həyat" Şirkətlər Qrupunun bir layihəsi də "Grand Həyat"dır.
Mynews.az xəbər verir ki, Metbuat.az saytna daxil olmuş müştəri müraciətində göstərilir ki, "hazırda şirkətin rəsmi saytında layihənin mərhələli bitmə müddətinə 92 gün qaldığı qeyd olunur. Ancaq layihə başlayanda "mərhələli bitmə" deyilən bir şey yox idi. Birdəfəlik bitmə müddəti göstərilirdi, 2017-ci ilin son ongünlüyünə təsadüf edəcəyi qeyd edilirdi. İndi isə əlaqə saxlayırıq, bizə verilən cavabda təxminən 2019-cu ildə başa çatacağı deyilir. Bu nə dərəcədə doğrudur?.."
Grandhayat.az saytının ilkin versiyada "skrin" olunmuş şəklinə DİQQƏT: Layihə başlanarkən "LAYİHƏNİN BİTMƏSİNƏ QALAN GÜN" göstərilib.
http://web.archive.org/web/20150314220151/http://grandhayat.az/
Bu gün isə "Grand Həyat" rəsmi saytında "Layihənin mərhələli təhvil verilməsinə qalan gün" qeyd olunur.
Məsələni aydınlaşdırmaq üçün şirkətlə əlaqə saxladıq.
"Yeni Həyat" Şirkətlər Qrupunun marketinq meneceri Metbuat.az-a açıqlamasında dedi ki, "tikinti hazırda həyata keçirilir. Saytda indi hansı tarix qeyd olunubsa, o tarixdə də mərhələli şəkildə müştərilərə təhvil veriləcək.
Saytda əvvəl nə yazılıb, nə yazılmayıb o suallara cavab vermək mənim səlahiyyətimdə deyil."
Sualımıza cavab almaq üçün əməkdaşdan bizi yönləndirməsini xahiş etdik. O isə cavabında bizi heç kimə yönləndirə bilməyəcəyini dedi: "Dəqiq məlumat üçün rəsmi müraciət edin"...
Məsələ diqqətimizdədir.