Kənddə reyd Məmurlar toya hücum edib yeməkləri apardı

614
Kənddə reyd Məmurlar toya hücum edib yeməkləri apardı

Tacikistanın cənubunda bir qrup yerli məmur qızına toy hazırlıqları görən sakinin evinə gələrək toy yeməklərinin çoxunu müsadirə edib.

Virtualaz.org xəbər verir ki, bu barədə "Azadlıq” radiosunun tacik xidməti bildirir. Bu, Tacikistanda dəbdəbəli toyların qarşısının alınması çərçivəsində edilib.

Xəbərdə deyilir ki, Zeydulla Xudayarovun evində evin böyük qızının toyuna son hazırlıqlar gedirdi. Ancaq toyun başlanmasına bir neçə saat qalmış bir dəstə yerli məmur gələrək ailənin toy üçün hazırladığı yeməklərin çoxunu müsadirə edib. Rəsmilər hazırlanan yeməklərin «israfçılıq» həddinə çatdığını deyərək, bunun Tacikistanın mərasim qanununa yeni düzəlişlərə zidd olduğunu iddia ediblər. Sözügedən qanun ailələrin toy, yas və digər özəl mərasimlərə xərcini nizamlayır və məhdudlaşdırır.

«Biz kənddə qanun pozuntusunun qarşısını ala bildik. Reyd zamanı israfçılıq həddində yemək hazırlamış ailəni müəyyən etdik. Onlar bəyin evində keçiriləcək toy üçün xüsusi yuxa və halva da hazırlamışdılar. Biz yeməyi müsadirə edərək Kulyab psixiatriya xəstəxanasına verdik», – yerli məmur Xalmurad İbrahimov avqustun 26-da Kulyab şəhərinin yaxınlığındakı Dahana yaşayış məntəqəsində keçirilən reyd haqqında danışır.

İbrahimov toy üçün hazırlanan yeməyin dəyərinin «yoxsul» ailənin gəlirlərinə uyğun olmadığını da vurğulayıb. Tacikistanda «tənzim» adıyla tanınan bu qanun ilk dəfə 2007-ci ildə qəbul olunub. O zaman da ölkə prezidenti İmaməli Rəhman bahalı toy və yas ənənələrinin ailələrə maddi yük olduğunu demişdi.

Tacik toy ənənələrinə görə, toydan öncə gəlinin ailəsi yemək hazırlayaraq bəyin evinə yollayır. 44 yaşlı Xudayarov deyir ki, həyat yoldaşına və ailənin qadın üzvlərinə bəy evinə göndərməyə bu qədər çox yemək hazırlamamağı tapşırıb.

Xudayarov sevinir ki, yeni qanunu pozduğuna görə nəzərdə tutulmuş ağır cərimədən qurtula bilib. Qanunu pozmağa görə 4 min dollar cərimə nəzərdə tutulub. Qanunu təkrar pozanları isə 5 min 700 dollar cərimə cəzası gözləyir. Müəllimlərin və dövlət sektorunda çalışan digər işçilərin aylıq maaşının orta hesabla 150 dollar olduğu ölkədə hökumət belə yüksək cərimələrlə insanları yeni qaydaları pozmaqdan yayındırmağa çalışır.

Tacikistan parlamentinin avqustun sonlarında qəbul etdiyi bu yeni düzəlişlərə görə, qanunu pozaraq bahalı mərasimlər keçirən dövlət rəsmiləri vəzifələrindən kənarlaşdırıla bilərlər. Yeni düzəlişlər bəzi ənənəvi mərasimləri, ümumiyyətlə, yasaqlayır. Bundan sonra uşağa adqoyma, körpənin ilk saçını kəsmə kimi mərasimlər keçirmək, oğlan uşaqlarına sünnət toyu etmək olmaz.

Ailələrə bunun əvəzində uşaqlarının adına bank hesabı açaraq yığılan pulları uşaqların təhsil və rifahına xərcləmək tövsiyə edilir.

Yeni düzəlişlər yas mərasimlərində verilən ehsanları da tənzimləyir. Yeddi və altı ay mərasimləri isə tamam qadağan edilir. Məqsəd ailələrin üzərindən maddi yükü qaldırmaqdır. Ölkədə yaşayış səviyyəsinin aşağı, işsizliyin yüksək olmasına baxmayaraq, taciklər bəzən maddi imkanları yetməyəcək qədər bahalı və təmtəraqlı toy mərasimləri keçirirlər. Çox zaman ailələr keçirəcəkləri toyun pulunu illərlə yığırlar, kişilər bundan ötrü Rusiya və başqa yerlərdə miqrant işçi kimi çalışırlar.

Avqustda prezident Rəhman yerli məmurlara yeni qaydaları xalqa izah etməyi, qanunun nüsxələrini hər evə paylamağı tapşırıb. Məqsəd kök atmış ənənələrə birdəfəlik son qoymaqdır.

Dahanada qızını yenicə ərə vermiş Xudayarov isə deyir ki, onun başına gələnlər ətrafda bütün ailələrə dərs olacaq.

Xatırladaq ki, Azərbaycanda da toy, ziyafət və yas məclislərində israfçılıq, həddən ziyadə dəbdəbə illərdir vaxtaşırı olaraq ictimai müzakirələrə səbəb olur. Bir müddət əvvəl parlamentdə toy və yas mərasimlərini tənzimləmək üçün Tacikistanın nümunəsində xüsusi qanunun qəbul edilməsi məsələsi qaldırılmışdı, hətta layihə hazırlandığı deyilirdi. Lakin daha sonra bu məsələ gündəmdən çıxdı. Doğrudur, bəzi bölgələrdə yerli camaat öz aralarında yas məclislərində nisbətən sadə ehsan süfrəsi ilə kifayətlənmək barədə razılığa gəlib və belə razılıq tətbiq edilir. Amma toylarla bağlı məsələ dəyişməz qalır. Son vaxtlar isə daha bir ənənə-xına mərasiminin şadlıq saraylarında xüsusi dəbdəbə ilə qeyd olunması ənənəsi formalaşır. Bu günlərdə Bakının rayonlarından birinin icra hakimiyyəti başçısının qızının şadlıq saraylarından birində keçirilən dəbdəbəli xına mərasimindən görüntülər yayılmışdı.

Xəbər lenti