"Bakı şəhərində yol hərəkətinin tənzimlənməsi üçün çoxsaylı işlər görülür, yeni yol qovşaqları tikilir, qaydaları pozan piyadaların inzibati məsuliyyətə cəlb edilir. Lakin piyadaların üzərinə düşən vəzifələrin icrasında çətinliklər hələ də qalır. Piyadalar qanunla üzərilərinə qoyulmuş vəzifələri yerinə yetirməyə könülsüz yanaşır".
Mynews.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı açıqlamada bildirilir.
Qanunvericiliyə görə, avtomobil yolunun hərəkət hissəsini, küçələri yeraltı və yerüstü keçidlərlə keçmək lazımdır, piyada isə yolu istədiyi yerdən keçir. Qaydalara görə, piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra svetoforun siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər: "Amma bu qaydalara əməl edən piyadaların sayı o qədər də çox deyil. Təkcə onu qeyd etmək kifayət edər ki, bu ilin 8 ayı ayında 80 minə yaxın piyadaya yol hərəkət qaydasını pozduğuna görə inzibati protokol tərtib edilib. Qayda pozuntusuna görə ən çox zərər görən elə piyadaların özləridir. Onlar ya qanunla müəyyən edilmiş məbləğdə cərimə ödəməli olurlar, ya da daha pis aqibətlə üzləşirlər – xəsarət alır, həyatlarını itirirlər. Yollarda piyada ölümü nəticədir. Bunun əvəzinə piyada mədəniyyətinin tam formalaşmamasının səbəblərini – qanuna hörmət etməyi öyrənmək daha çox faydalı ola bilər, çünki şəxsi təhlükəsizlik hamının düşünməli olduğu ilkin şərtdir".
DYP piyadaları ictimai qınaq mexanizmindən istifadə etməyə də çağırıb: "Əgər piyada qaydaları pozduğuna görə ilk növbədə ətrafdakıların qınağına məruz qalacağını bilsə, bəlkə də yola addım atmazdan öncə düşünər. İctimai qınağın tərbiyə etmək gücü böyükdür. Bəzən yollarda baş verənlər elə təəssürat yaradır ki, sanki insanlar müdaxilə üçün kimisə gözləyir. Əgər avtobus sürücüsü hərəkət vaxtı telefonla danışırsa və ya sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olursa, buna sərnişindən daha tez kim reaksiya verə bilər? Digər tərəfdən piyadaların vurulmasını önləmək üçün polis inzibati üsullardan onsuz da istifadə edir. Hazırda piyadaların saxlanılaraq cərimələnməsi qəzaların sayının azalmasına təsir edir, görünən odur ki, elə bu prosesdə nisbətən işə yarayan da inzibati metodlardır. İctimai qınaq institutu isə hələ də işə düşməyib".