Yalançı seyidlər Hər adına "Mir" yazılana inanmayın!

540
Yalançı seyidlər Hər adına "Mir" yazılana inanmayın!

Mirhəsən, Mirmahmud, Mirseyid... Əgər yaxın ətrafda bu cür adları daşıyanlar  varsa, cəmiyyətin bu tip insanlara xüsusi yanaşması var. Heç kəsə sirr deyil ki, ta qədimdən Azərbaycanda seyid nəslindən olan insanlara xüsusi hörmət və ehtiram olub.

Xüsusilə, bölgələrdə qəribə tendensiya mövcuddur. Filankəs seyiddirsə, onu məclislərinin başında əyləşdirirlər, hörmətini saxlayırlar. Hətta xeyir-duanı da həmin seyiddən alırlar. Amma son 15 ilə nəzər salanda seyidlərlə bağlı dəyişik məqamlar gözə dəyir. Bəziləri seyid adından istifadə etməklə cəmiyyətdə nüfuz qazanmağa çalışır. Bu da ondan irəli gəlir ki, kökü seyidlərə gedib çıxmayan insanlar övladına rahatlıqla seyid adı verir.
Əslində, bu məsələlərin kökü necədir? 

Şəcərə olaraq seyid olmayan insanlar seyid adını daşıya bilərmi? 

Mynews.az  modern.az-a istinadən xəbər verir ki, Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli açıqlamasında deyib ki, heç də adının önündə "Mir" yazılan insanların hamısı seyid olmur.

"Yalançı seyidlər ifşa olunmaqdadır"

"Azərbaycan xalqı öz mənəvi dəyərlərinə sahib çıxan və dini dəyərlərin mühafizəsi yolunda  mücadilə vermiş xalqdır. Şükürlər olsun ki, Azərbaycan dövləti həmin dəyərlərin qorunması uğrunda mücadilənin önündədir. Amma dini mühitdə zaman-zaman boşluqların baş verməsi gerçək islamın gətirdiyi qaydaların, prinsiplərin dinin doğru tərəflərinin insanlara çatdırılmamasının acı nəticələri özünü göstərir. Bunun nəticəsi olaraq Azərbaycan xalqının həqiqi əhli beytə olan sevgisindən bəzi insanlar zaman-zaman sui-istifadə edib. Məsələn, "Mir" sözü əsrlərdir ki, Azərbaycanda əhli beyt mənsublarının adının önünə əlavə olunurdu. Hər kəs həmin şəxsin seyid olduğunu bilirdi. Təəssüflər olsun ki, 10 il, 20 il bundan öncə adının önündə "Mir" sözü yazılmış yüzlərlə insanın həqiqi əhli beytə aidiyyatı yoxdu. Buna görə maarifləndirmə işi aparılmalıdır. Həmçinin, ideoloji təbliğat işlərinin də burada əhəmiyyəti böyükdür. Artıq yalançı əhli beyt insanları ifşa olunmaqdadır. Həqiqi islama, əhli beytə aidiyyatı olan insanların sayı azalır". 

Oğlunun adını Mirhəsən qoy və...

Seyid Camal deyir ki, seyid nəslindən olmayanlar yuxuda onlara sifariş olunan adları övladlarına qoyurlar.

"Belə hallar çoxdur. Adam var  yatıb yuxuda görür ki, oğlu olsa, adını Mirhəsən, yaxud da,  Mirmahmud qoymalıdır. Bu necə ola bilər axı. Bu doğru deyil. Bu bizim milli kimliyimizə zərərdir, milli mənəviyyatımıza qarşı "səlib yürüşü"dür. Bir gerçəklik var ki, uzun illər sonra o adı daşıyan həmin şəxs cəmiyyətdə, toplumda nadan hərəkətlərə yol verəndə insanlar təəccüblə belə adamların təhlükəli olduğunu düşünür. Amma gerçək dəyərlərə dayanan insanlar bəzən kölgədə qalır. Düşünürəm ki, bu cür hallar yolverilməzdir və peyğəmbər soyuna qarşı hörmətsizlikdir. Cəmiyyətin, tolumun içində sifariş olunmalıdır ki, bu cür seyidlər ifşa olunsun. Kimsə evini zooparka çevirməsin. Ən yaxşısı, gedib  heyvanat aləmi ilə məşğul olsun. Əgər bir insan əhli beyt mənsubudursa, o şəcərəsi, əməli, mənəvi dəyəri ilə tanınır. Dini kimliyi ilə bərabər, həm də milli kimliyinin vəhdətini daşımalıdır. Təəssüf ki, belələri də azdır. Fikir vermisizsə, adımın önündə "Mir" sözü yoxdur. Övladlarımın adının qarşısında isə Mir" sözü var. Amma övladlarım heç bir yerdə seyid olduqlarını demirlər. Onlar öz imanları ilə vətənlərinə, dövlətlərinə xidmət edirlər. Düşünürəm ki, Azərbaycanda "Mir" sözü istismara məruz qalıb".

Xəbər lenti