Sentyabrın 23-də “Milli Şura” növbəti şousunu keçirdi. Paytaxt sakinləri “Məhsul” stadionunda açıq məkanda “mitinq” adlanan daha bir şounu izlədilər.
Şou təyin olunan vaxtdan yarım saat gec başladı. Çünki AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli və şounun digər təşkilatçıları kənardan boş stadionu izləyərək onun bir qədər də dolmasını gözləyirdilər. Amma stadionun həmişəki kimi boş qalacağı gözlənilən idi.
Milyonları arxasına almaq istəyən, iqtidara göz dikən “Milli Şura” rəhbərliyini dəstəkləmək üçün stadiona gələnlərin sayını hesablamaq elə də çətin olmadı. Quruma daxil olan AXCP, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi mitinq-şouya gəlmişdi. Hər halda, bu say “Milli Şura”nın rəhbərliyinə növbəti dəfə yerini göstərdi və iddialarının reallıqla uyğunsuzluğunu ortaya qoydu.
Stadionu doldurmaq təbii ki, “Milli Şura”nın qabiliyyətindən irəli gələn bir iş deyildi. Elə isə boşluğu mahnılarla doldurmaq pis olmazdı. Türkiyədə məşhur olan “Diriliş Ertuğrul” serialının musiqisinin səslənməsi isə çox gülünc seçim idi. Bu musiqi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın seçki kampaniyasının musiqisi olub. “Mənim ayaqqabımı geyinə bilərsən, amma mənim yerişimi yeriyə bilməzsən” deyimi burada yerinə düşür. 2002-ci ildən bu yana keçirilən seçkilərdə heç bir rəqib tanımayan Ərdoğanın seçki kampaniyasında istifadə etdiyi musiqi təbii ki, “milli şuraçıları” seçkilərin qalibi etməyəcək. Amma bu musiqinin sədaları altında xəyallar qurmaq mümkündür. Bundan artığı yox!
Musiqilər də stadionu doldurmağa, ən azından yoldan keçən gəncləri cəlb etməyə kifayət etmədi. Tribunadakılar kənarda dayanan insanları stadiona dəvət etdilər. Bu çağırışa dəstək verən iştirakçılar isə “meydana gəl” deyə qışqırırdılar. Yenə xeyri olmadı.
AXCP sədri Əli Kərimlinin ənənəvi din kartından istifadə etməsi də şounun anşlaqlı keçməsinə kömək etmədi. Mitinq-şounun Məhərrəm ayının ilk günlərində keçirilməsi də təsadüf deyildi. Stadionu dindarların köməyi ilə doldurmağa ümid edirdilər. Ekstremistlərə başçılıq etmiş və dövlətçiliyimizin əleyhinə fəaliyyət göstərmiş Taleh Bağırovun azad edilməsinin tələb olunması da bu niyyətdən xəbər verirdi. Amma Əli Kərimlinin niyyətlərindən hamı məlumatlıdır. Azərbaycan vətəndaşları onun yalanlarına daha inanmaq istəmirlər.
"Milli Şura"nın mitinq-şousunda Feysbuk üzərindən canlı yayım etdirən Əli Kərimli növbəti dəfə ermənilərdən dəstək aldı. Canlı yayım zamanı erməni sosial səbəkə istifadəçisi Karen Nazaryan Ermənistan bayrağı və digər emodzilərlə mitinqə qatılanlara "dəstək" olduğunu göstərib.
Feysbuk demişkən, AXCP sədri şouya bir neçə gün əvvəl başlamışdı. Feysbuk səhifəsində guya canlı yayımda çıxışının əngəlləndiyini iddia edən Əli Kərimli buna görə də sonradan çıxışının videosunu yüklədiyini bəyan etdi. Sual yaranır: mitinqə rəsmi icazə verilibsə, Feysbukda canlı yayıma niyə maneə törədilsin? Hər halda, ucuz şou idi və kimisə inandırmaq mümkün deyildi.
"Milli Şura"nın “Məhsul”da etdikləri həqiqətən şou idi. Ora gələnlərin tribunadakı çıxışlara qulaq asmayaraq selfi çəkməklə məşğul olmasına başqa nə ad qoymaq olardı?
AXCP və "Milli Şura" üzvləri hətta "liderlərinin" çıxışlarına heç bir əhəmiyyət verməyərək, telefonları vasitəsi ilə fotolarını çəkməklə məşğul idilər.
Mitinq-şouda diqqət çəkən məqamlardan biri də qaldırılan bayraqlar idi. İştirakçılar Azərbaycan bayrağı və AXCP-nin bayrağı ilə yanaşı, Avropa İttifaqının da bayrağını qaldırmışdı. Bu isə mitinqin Avropadan sifariş verildiyinə dair iddiaları gündəmə gətirir. Müəyyən mənada başa düşmək olar. Qrantları başqa halda almaq mümkün deyil.
Amma burada sözün həqiqi mənasında sevinmək lazımdır. Hər halda, İŞİD bayrağının qaldırılmasındansa Avropa İttifaqının bayrağının qaldırılması müsbətə doğru addım sayılmalıdır. Xatırlamaq lazımdır ki, “Milli Şura”nın 2016-cı ilin sentyabrında keçirilən mitinqində İŞİD bayrağı qaldırılmışdı. Yenə həmin mitinqdə ABŞ prezidenti Barak Obamanın şəkli olan plakat qaldırılmışdı. Məntiqlə, Donald Trampın şəkli bugünkü mitinq-şounun bəzəyi olmalı idi.
Avropa İttifaqından danışarkən, diqqət çəkiləsi bir nüans var. Mitinq-şoular Avropa ölkələrinə getmək istəyənlər üçün gözəl imkandır. Onlar burada şəkil çəkdirirlər, bunu sosial şəbəkələrdə yayıb müxalif olduqlarını, guya hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldıqlarını göstərirlər. Necə deyərlər, burada Avropa İttifaqının bayrağı altında çəkilən hər şəkil xaricdə yerbəyer olmaq üçün asanlaşdırıcı amil sayıla bilər.
Sonda şounun iştiraçılarının sayına qayıdaq. Yuxarıda da deyildi kimi, mitinq-şouya 1500 nəfər qatılıb. Əli Kərimli isə Feysbuk səhifəsində 214 min izləyicisinin olduğunu bildirir. Bir neçə gündür sosial şəbəkələrdə “mitinqə gəlməyən peysərdir”, “şərəfi, qeyrəti, namusu olan mitinqə gələcək, olmayanlar isə yox” kimi təhqir dolu ifadələrə rast gəlinirdi.
Görəsən, Əli Kərimlinin Feysbuk səhifəsindəki 212,5 min izləyicisinə bu söyüşlərdən pay düşürmü?