Bakıda paytaxt sakinlərinin çoxsaylı müraciətləri əsasında polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan cinsi azlıq nümayəndələri məcburi həkim müayinəsinə cəlb ediliblər.
Mynews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, müayinələr tam başa çatmasa da, ilkin nəticələr ciddi narahatlığın olduğunu göstərir.
Tibbi müayinə zamanı cinsi azlıq nümayəndələrindən hələlik 16 nəfərində təhlükəli yoluxucu xəstəlik olan QİÇS və sifilis aşkar edilib: “Bu, bir daha onu sübut edir ki, istər əhalinin polisə müraciəti, istərsə də polisin belə reydlər keçirməsi əsassız olmayıb. QİÇS və digər yoluxucu dəri-zöhrəvi xəstəliklərin daşıyıcıları onlarla təmasda olan neçə-neçə gəncin həyatına, sağlamlığına təhlükə yaradıb. Yeri gəlmişkən, onu bildirim ki, belə reydlər heç də cinsi azlıqların bütün nümayəndələrini əhatə etmir. Əsasən o şəxslər saxlanılır ki, onlar nümayişkaranə, ətrafdakılara hörmətsizlik edərək, öz hərəkətləri ilə insanlarda qıcıq, nifrət və ikrah hissləri yaradır və hansısa yoluxucu xəstəliyin daşıyıcısı olması barədə polis və səhiyyə orqanlarında məlumatlar var”.
E. Zahidov onu da əlavə edib ki, tibbi müayinələr davam edir.
25.09.2017 16:18
Azərbaycanda saxlanılan transseksual şəxslərdən bir neçəsində QİÇS virusu aşkarlanıb.
Mynews.az xəbər verir ki, bu barədə lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.
Nazirlik rəsmisinin bildirdiyinə görə, ötən günlərdə vətəndaşların şikayətinə əsasən saxlanılan və tibbi müayinədən keçirilən transseksuallar arasında QİÇS və sifilis xəstəsi olan şəxslər aşkarlanıb.
Rəsmi məlumata görə, saxlanılan şəxslərdən 5 nəfərdə həm QİÇS, həm də sifilis aşkar edilib. Bir nəfərdə isə yalnız sifilis xəstəliyi aşkarlanıb: "Mövcud qanunlara əsasən, biz onların adlarını açıqlaya bilmirik. Polisin bu əməliyyatı bir daha göstərdi ki, bu cür tədbirlər vətəndaşlarımızın tibbi təhlükəsizliyi üçün çox vacibdir. Vətəndaşlarımız bu cür təhlükəli halları müşahidə edəndə mütləq polisə müraciət etsinlər", - deyə E.Zahidov qeyd edib.
14:00
Son günlər sosial şəbəkələrdə Bakıda LGBT üzvlərinin kütləvi şəkildə saxlanıldığı və inzibati qaydada həbs edildiyi barədə məlumatlar yayılır. Yayılan xəbərlərdə bildirilir ki, son bir neçə gündə paytaxtda 100-dən çox homoseksual saxlanılıb. Bildirilir ki, saxlanılan cinsi azlıq nümayəndələri məcburi qaydada tibbi müayinədən keçirilir və onların QİÇS xəstəsi olub-olmadığı dəqiqləşdirilir.
Mynews.az xəbər verir ki, Lent.az yayılan məlumatlarla bağlı Daxili İşlər Nazirliyinə sorğu verib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, son günlər Bakıda LGBT üzvlərinin saxlanıldığı barədə xəbərlər doğrudur, lakin bu hal kütləvi xarakter daşımır: "Vətəndaşların polisə daxil olan şikayətləri əsasında, Bakı şəhərində əsasən gecələr "fəaliyyət” göstərən cinsi azlıqlara qarşı əməliyyat keçirilib. Hər hansı xüsusi bir səbəb olmayıb. Vətəndaşlar şikayət edib, polis də şikayətə əsasən əməliyyat keçirib”.
Nazirlik sözçüsü bildirib ki, mətbuatda saxlanılan şəxslərin arasında QİÇS-ə yoluxanların olduğu barədə xəbərlər yayılsa da, bu da həqiqəti əks etdirmir: "Bizim əlimizdə belə bir rəsmi məlumat yoxdur. QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi də bu məlumatı təsdiq etmədi. Ümumiyyətlə, polisin saxladığı adamlar sağlıq müayinəsindən keçirilir. Lakin onlardan hər hansı xəstəliyin tapılması barədə rəsmi məlumat yoxdur".