Bu il fevral döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Tural Haşımlının oğlu dünyaya gəlib.
Şəhidin atası Əbdül Haşımlı deyib ki, uşağın da, ananın da səhhəti normaldır:
“Ötən gün nəvəm dünyaya gəlib. Hələ ki, adını qoymamışıq. Amma hamı Tural olmağını istəyir. Adını rəsmi şəkildə Tural qoymaq üçün gərək qohumlar bir araya gəlsin və məsləhət versinlər.
Uşağın da, anasının da səhhəti normaldır. İşə baxın ki, Tural fevralın 24-dən 25-nə keçən gecə şəhid olmuşdu. Oğlu da senytabrın 24-dən 25-nə keçən gecə dünyaya gəlib. Tural şəhid olmazdan 6 saat öncə ata olacağını bilmişdi. Amma üstündən az keşməmiş şəhid olduğu barədə xəbəri gəldi bizə.
Mən oğlumun ata olacağı xəbəri ilə şəhid olduğu xəbərini eyni vaxtda almışdım. İndi balaca Tural bizə böyük təsəllidr. O, oğlumuzun yolunu mütləq davam etdirəcək. Tural nəvəm dünyaya gəlişi ilə məni çox sevindirdi. Elə bilirəm, oğlum Turaldı, hələ yeni doğulub. Onu böyütmək, məktəbə yollamaq, ali məktəbə göndərmək, toyunu görmək kimi arzularım var. Oğlum Turalın ətrini, qoxusunu nəvəm Turaldan alacam. Nəvəm gəlişilə məni diriltdi, əyilmiş qəddimi düzəltdi. Əminəm ki, o da atası kimi və vətəninə layiqli övlad olacaq”.
Əbdül Haşımlı ailələrinə edilən diqqətdən də söz açıb.
“Bizim ailə ilə çox insanlar əlaqə saxlayır. Amma ən çox zəng edib maraqlanan dövlət işçilərindən Xocavəndin icra başçısı Eyvaz Hüseynovdur. Demək olar ki, hər həftə mənə zəng edir. Hərtərəfli yardım edir. Hətta Xocavəndə gedəndə məni heç yerə buraxmır, öz evində qonaq edir. Nəvəm dünyaya gələndə də ilk təbrik edənlərdən olub. Ordubad ın icra başçısı Elşad Məmmədov, şəhər sovetinin rəhbəri Əli Qəmbərov, Ordubad sakini Cəmaləddin Əhmədov da bizə çox kömək edib. Hətta Naxçıvan Ali Məclisinin tapşırığına əsasən Naxçıvan televiziyası Tural haqqında film də hazırlayıb”.
Qeyd edək ki, şəhid Tural Haşımlı doğulduğu Naxçıvanın Ordubad şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. //modern.az