Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidən daha bir neçə şikayət
Mynews.az-a verilən məlumata görə, dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz inkişaf yolunu davam etdirməkdədir. Ölkəmizdə genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır, yeni iş yerləri yaradılır, aztəminatlı ailələrin və sağlamlıq imkanı məhdud insanların hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailələrin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğun təmin olunması ilə bağlı dövlət tərəfindən davamlı iş aparılır, mühüm dövlət proqramları həyata keçirilir. Beynəlxalq Valyuta Fondunun açıqladığı hesaba görə, yalnız ötən il ümumidaxili məhsulda artım 2,3 faiz təşkil edib. Bütün bunlar xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş uzunmüddətli inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsinin nəticəsidir.
Bununla belə, təəssüf hissi ilə vurğulamaq yerinə düşər ki, bəzi dövlət qurumları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmək istəmirlər. Daha doğrusu, bu istiqamətdə səhlənkarlığa yol verir, görülməli olan işlərə məsuliyyətsiz yanaşırlar. Belə qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu nazirliyin əsasnaməsin də dəyişikliklər edilib, səlahiyyətləri bir qədər də genişlənərkən və buna uyğun olaraq da münbit qanunvericilik bazası yaradılan zaman, ümidlər vardır ki, mövcud problemlər və nöqsanlar aradan qaldırılacaq. Amma "sən saydığını say, gör fələk nə sayır" məsəli olmasın, arzular cin olmadı, ümidlər də özünü doğrulmadı. İctimaiyyət arasında narazı fikirlər, mətbuatda yazılan şikayətlərə, eləcə də, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaydığı məlumatlara əsasən, demək olar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatların və dəyişikliklərin aparılmasına zərurət var. Bu qurumun yerli şöbələrində insanlarla kobud rəftarın edilməsi, haqlı tələblərə etinasız yanaşılması, sorğulara kobud cavabların verilməsi, süründürməçiliyin, get-gəlin ardıcıl xarakter daşıması adi hala çevrilib.
"3 aydır gedib-gəlməyimə baxmayaraq, pulu ala bilmirəm"
Redaksiyamıza daxil olan şikayətlərin də böyük əksəriyyəti bu nazirliyin payına düşür. Ünvanlı sosial yardımların təyin edilməsində, yeni doğulan uşaqlara birdəfəlik müavinətlərin verilməsində və digər məsələlərdə ciddi əngəllər mövcuddur. Sumqayıt şəhər, 26-cı məhəllə, ev 68/38, mənzil 29-da yaşayan Z.Axundov redaksiyamıza ünvanladığı şikayət məktubunda 3 aydır yeni doğulan uşağına görə, onlara verilməli olan birdəfəlik müavinəti ala bilmədiyini yazır. Bildirir ki, 2017-ci il iyulun 17-də "ASAN" Xidmətdən arayış almaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə təqdim edib: "Həyat yoldaşım Sabunçu rayonunda pasport qeydiyyatındadır. Yeni doğulan qızım haqqında doğum şəhadətnaməsini, arayışı və digər sənədləri Sabunçu rayon şöbəsinə təqdim etdim. Amma 3 aydır gedib-gəlməyimə baxmayaraq, pulu ala bilmirəm. Bürokratik əngəllər yaradılır. Bu bürokratik əngəllər şəxsən şöbənin rəisi Əlbarat Poladov tərəfindən həyata keçirilir. Dəfələrlə onun qəbulunda olub, problemin aradan qaldırılmasına yardımçı olmasını istəsəm də, istəyimə nail ola bilməmişəm. Çarəsiz və çıxılmaz durumdayam. Kimə və hara müraciət edəcəyimi də bilmirəm".
Z.Axundov problemin aradan qaldırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də olduğunu, ancaq nəticə əldə edə bilmədiyini qeyd edir.
Məsələyə münasibət öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin rəisi Əlbarat Poladovla əlaqə saxladıq. Rəis dil-boğaza qoymadan şikayətçinin iddialarının əsassız olduğunu sübut etməyə çalışdı. Bildirdi ki, guya onun sənədlərində qüsurlar və çatışmazlıqlar var. Məntiqli suallarımızdan sonra "burda mənlik bir şey yoxdur, yuxarılara şikayət etsin. Sənədlərini toplasın, pulu da verərik. Cibimdən vermirəm ki, dövlətin puludur da?!" deyib telefon söhbətinə yekun vurdu. Əslində, bu şəxsdən belə də cavab gözləyirdik. Sözləri bitəndə, fikirləri yarımçıq olanda, ağıllarına deyil, ağızlarına gələni danışmaq bu kimi şəxslər üçün adi haldır.
Milli Məclisin deputatı Elmira Axundova bildirir ki, yeni doğulan uşaqlara görə birdəfəlik müavinətlərin verilməsi üçün yaşayış yerindən və xəstəxanadan doğum haqqında arayışları almaq kifayət edər: "Birgə nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə ehtiyac yoxdur. Axı nikahsız dünyaya gələn uşaqlar da var. Onda belə çıxır ki, nikahsız ailədə doğulan uşaqlara müavinətlər verilməyəcək. Müavinətlər ata-anaya görə yox, uşağa görə verilir".
"Sonda rədd cavabı aldım"
Redaksiyamıza ünvanladığı şikayət məktubunda Cəbrail Fərzəliyev də bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə yeni doğulan övladına görə birdəfəlik müavinət almaq istəyi ilə gedib-gəlsə də, heç nə əldə edə bilməyib: "Təqribən 5 ay gedib-gəldim. Hansı sənədi istədilər, təqdim etdim. Sonda rədd cavabı aldım". C.Fərzəliyev bildirir ki, get-gəldən yorulduğundan, ailəsinə çatmalı olan birdəfəlik müavinətdən imtina etməli olub.
Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 saylı qərarı ilə təsdiq olunan "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edilən vəsaitin hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə görə Azərbaycanda yeni doğulan uşağa birdəfəlik 90 manat verilir. İşləyən qadın "analıq məzuniyyəti" ana işə çıxmırsa, uşağı 1 yaş yarıma çatana qədər 20 manat, 3 yaşınadək isə 15 manat ödənilir. Söz yox ki, kifayət qədər az məbləğdir. Bu məbləğ uşağın heç 2 günlük yeməyinə bəs etmir. Beynəlxalq praktikaya, dünya dövlətlərinin təcrübələrinə əsasən, demək olar ki, Azərbaycanda yeni doğulan uşaqlara və analara "analıq məzuniyyəti"nə görə ödənilən məbləğ kifayət qədər azdır. Ukraynada doğulan yeni uşağa 1800 dollar, Rusiyada 400, Almaniyada aylıq 270 avro, Böyük Britaniyada birdəfəlik 500, aylıq isə 150 avro, Fransada birdəfəlik 1000, aylıq 320 avro ödənilir. Uşaqların sayı artdıqca, müavinətlərin də həcmi artır. Azərbaycanda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə yeni təşəbbüslər, ideyalar və ya qanunvericik layihəsi ilə çıxış etməməsi səbəbindən müavinətlərin məbləği az, problemlər, bürokratik əngəllər isə kifayət qədər coxdur.
Araşdırmalara və şikayətçilərin fikirlərinə əsasən, demək olar ki, neçə-neçə ailə süründürməçilikdən, bürokratik əngəllərdən yorulduğundan, onlara verilməli olan müavinətdən imtina etmək məcburiyyətində qalırlar. Bu isə, heç də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə başucalığı gətirmir. Əgər bunun fərqində deyillərsə, sadəcə, təəssüflənirik. Həm də, son olaraq onu vurğulamaq istərdim ki, nazirliyin yerli şöbələrində hökm sürən hərc-mərclikdən, bürokratik əngəllərdən, eləcə də, kadr potensialının bilik və bacarıq səviyyəsindən, rəhbərliyin yığım kampaniyalarından faktlarla, sübutlarla çox yazmaq və qeyd etmək olardı. Sadəcə... Hələ ki, bu qədər.
1
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
428 dəfə oxunub
2
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
423 dəfə oxunub
3
İlham Əliyev fərman imzaladı
414 dəfə oxunub
4
Gəncədə yük avtomobili yaşlı qadını vuraraq öldürüb
409 dəfə oxunub
5
Yük avtomobili qadını vurub öldürdü
374 dəfə oxunub