Los Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub.
Mynews.az -ın məlumatına görə, bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.
Los Ancelesdəki Baş Konsulluq tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə geniş məlumat verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, dini dözümlülük ənənələri, eyni zamanda zəngin mədəniyyəti barədə hərtərəfli məlumat əldə ediblər. Həmçinin, stenddə quraşdırılmış monitorda Azərbaycanın təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilib. Bundan başqa, Los Ancelesdə yaşayan Azərbaycan diaspor fəallarının nümayiş etdirdikləri milli geyimlərimiz sərgi ziyarətçilərində xüsusi maraq oyadıb.
Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Qeyd olunub ki, stenddə quraşdırılmış, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub. Həmçinin, Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla Qarabağa dair müvafiq kitabça dərc olunaraq, sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunub və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanıb.
Məlumata görə, sərgidə Azərbaycanın geniş iştirakından, xüsusilə Qarabağın tarixi Azərbaycan torpağı kimi təbliğindən narahat olan Kaliforniyanın erməni lobbisinin nümayəndələri, müxtəlif təxribatçı və aqressiv hərəkətlərlə Azərbaycan stendinin işinə mane olmağa cəhd etsələr də, sərginin təhlükəsizlik xidmətinin və Los Anceles polisinin işə qarışması nəticəsində öz məqsədlərinə nail ola bilməyiblər.
Qeyd edək ki, təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir.