Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fikrət Qocanın oğlunu öldürən - Yalçının ölümündən sonra telefonunu aparıb satdım

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqsirli bilinən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mynews.az sfera.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Ruslan Məmmədov ifadə verib.

O, qətlə yetirilən Yalçın Qocayevlə birgə yeyib-içdiklərini bildirib: "Sonra Elnur Yalçına söhbəti olduğunu dedi. Birgə yedik-içdik. Rəhmətlik Elnura "niyə gecələr mənim evimə zəng edirsən” dedi. Sonra Elnurla aralarında mübahisə yarandı. Yalçın söyüş söyməyə başladı. Elnur onu itələyəndə Yalçın yıxıldı. Sonra Pərviz onu qaldırmaq üçün məndən kömək istədi. Onu yerindən qaldırdıq. Biz təcili tibbi yardım maşını çağırdıq. Hələ rəhmətlik məndən də siqaret istədi. Bir qədər keçəndən sonra Yalçının səsi xırıldadı, nəfəsi az gəlirdi. Elnur çox qorxdu, ağlamağa başladı. Hadisə yerinə təcili tibbi yardım maşını gəldi. Yalçın öləndən sonra evimizə getdim. Yalçının telefonu da məndə idi, aparıb satdım. Çünkü pulum qurtarmışdı”.

Ruslan Məmmədov Yalçın Qocayevin də içki içən olduğunu deyib: "Mən Vətən Müharibəsi Veteranlar Birliyində mühafizəçi işləyirdim. Tez-tez orada oturub, yeyib-içirdik”.

Məhkəmədə Ruslan Məmmədovun istintaqa verdiyi ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəsini özünün yazmadığını, yalnız imza etdiyini deyib.

Qeyd edək ki, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədovla birlikdə daha iki nəfər həbs edilib. Onlar Pərviz Hüseynov və Ruslan Məmmədovdur.

İttihama görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yalçın Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində Elnur Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...