Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Bugünkü iclas, ötən dəfə olduğu kimi, yenə də vəkil Cavid Rzazadənin məhkəməyə gəlməməsi üzündən təxirə salınmaq təhlükəsi ilə üzləşmişdi. Bütün vəkillər və təqsirləndirilənlər zalda olsalar da, C.Rzazadə yox idi. Məhkəmənin katibi məlumat verdi ki, dəfələrlə zəng etsə də, vəkil dəstəyi qaldırmır. Prosesə sədrlik edən hakim Həbib Həsənov təqsirləndirilən Səlim Məmmədovdan vəkili barədə xəbərinin olub-olmamasını soruşdu. Təqsirləndirilən son bir həftədə vəkillə görüşmədiyini bildirdi. Daha sonra hakim Həbib Həsənov arayış verdi ki, Vəkillər Kollegiyasının sədr müavini ilə bu barədə danışıb. Hətta Cavid Rzazadənin çalışdığı 3 saylı Hüquq məsləhətxanasının rəisi ilə danışdığını və rəisin də vəkilin telefona cavab vermədiyini dediyini qeyd etdi.
Bu səbəbdən, prosesə təqsirləndirilən Səlim Məmmədova aidiyyatı olmayan epizod üzrə şahidlərin dindirilməsi ilə başlandı.
22 yaşlı gənc 40 min dolları necə borc verir?
Zərərçəkmiş Zaur İbrahimovun iddiası üzrə epizod çərçivəsində dörd şahid dindirildi. Xatırladaq ki, Z.İbrahimov təqsirləndirilən Akif Çovdarovun ondan 525 min dollar aldığını demişdi. Həmin pul “BakTel”in bir əməkdaşının keçmiş MTN şefi Eldar Mahmudova məxsus olduğu bildirilən “AyTel” şirkətinə olan borcuna görə tələb olunubmuş.
Şahid Orxan Hüseynov zərərçəkmiş Zaur İbrahimovla dost olduğunu, 2009-cu ildə ona 40 min dollar borc verdiyini və bu pulun Zaurun nəyinə lazım olduğunu soruşmadığını qeyd etdi. Şahid onu da əlavə etdi ki, pulunu hələ də geri ala bilməyib.
Təqsirləndirilən Akif Çovdarovun vəkillərinin suallarına cavab verən Orxan Hüseynov 30 yaşının olduğunu dedi. Vəkil Kamandar Nəsibov o vaxt 22 yaşı olan və özünün dediyi kimi, iki ali məktəb bitirmiş, yəni həmin zaman tələbə olan gəncin 40 min dollara necə yiyələndiyini soruşdu. Şahid bildirdi ki, hələ 16 yaşından mobil operatorların kontur kartlarının topdan və pərakəndə alış-verişi ilə məşğuldur və “bu işdə pul var”. Vəkillərin xeyli sayda suallarını cavablandıran şahidin indiyə qədər də həmin işlə fərdi qaydada məşğul olduğu, lakin bu fəaliyyətlə qanunun tələb etdiyi kimi vergi orqanlarında qeydiyyatdan keçmədən məşğul olması üzə çıxdı.
Daha sonra ifadə vermiş şahidlərdən Həzrət Əlimirzəyev Zaur İbrahimova 3000, Firuz Süleymanov isə 2500 dollar verdiklərini və indiyə kimi pullarını geri ala bilmədiklərini bildirdilər.
“Aztelekom”un məsul işçisinin oğlu hara yoxa çıxıb?
Eyni epizod üzrə şahid qismində ifadə verən “Aztelekom”un baş energetiki Səməd Məhərrəmov günün, bəlkə də bütün prosesin ən müəmmalı çıxışı ilə yadda qaldı.
Xatırladaq ki, ötən iclaslardan birində Səməd Məhərrəmovun əkiz oğullarından biri İlqar Məhərrəmov ifadəsində qardaşı, keçmiş MTN şefi Eldar Mahmudova məxsus olduğu iddia edilən “AyTel” şirkətinin direktoru Vüqar Məhərrəmovun müəmmalı şəkildə itkin düşməsi barədə danışmışdı. O zaman İ.Məhərrəmov qeyd etmişdi ki, qardaşı ilə münasibətləri yaxşı olmayıb, onun iş fəaliyyəti və necə yoxa çıxması barədə məlumatlı deyil.
2009-cu ilin sentyabr ayının 30-da itkin düşmüş Vüqar Məhərrəmovun atası Səməd Məhərrəmov şahid ifadəsində bildirdi ki, oğlu ilə bir evdə yaşasa da, səhərdən gecəyə kimi işdə olduğu üçün onun fəaliyyətindən xəbərsiz olub, hətta oğlunun şəxsi sürücüsünü də heç zaman görməyib.
Şahid qeyd etdi ki, günlərin birində oğlu evlərinin həyətində üç nəfərlə görünüb, maşından düşərək evə qalxıb və onun kürəyində “dubinka” izləri olub. Səməd Məhərrəmov bu barədə heç kimə və heç bir hüquq-mühafizə orqanına bildirmədiklərini və oğlunun da hadisə barədə açıqlama vermədiyini dedi.
Şahid öz ifadəsində işi ilə əlaqədar Cəlilabadda ezamiyyətdə olduğu vaxt evdən həyat yoldaşının zəng edərək, Vüqar Məhərrəmovun evdən getməsi və itkin düşməsi barədə xəbər aldığını bildirdi. Onun sözlərinə görə, bu barədə polisə ərizə ilə müraciət edib və növbəti 3 ay ərzində oğlundan heç bir xəbər çıxmayıb.
Vəkillərin suallarına verdiyi cavabdan məlum oldu ki, şahid oğlu itkin düşdükdən sonra hətta onun iş yerində belə olmayıb və şirkətə bundan sonra kimin rəhbərlik etdiyini də bilmir. Ümumiyyətlə, 8 il əvvəl oğlu itkin düşmüş ata polisə ərizə ilə müraciət etməkdən savayı, bu işlə qətiyyən maraqlanmayıb.
Haşiyə çıxaraq, qeyd edək ki, proses boyunca bu qədər müəmmalı və məntiqə sığmayan ifadə eşidilməmişdi. Təbii ki, Vüqar Məhərrəmovun indi harada olması barədə də atası heç nə söyləmədi. Amma qardaşının və atasının açıq-aşkar etinasız ifadələrindən də hiss eləmək çətin deyil ki, Eldar Mahmudovun keçmiş işçisinin “itkin düşməsi” qaranlıq və sona qədər açılması arzulanmayan məsələdir.
19 mənzil üç dəfə başqa-başqa adamların adına rəsmiləşdirilib
Zərərçəkmiş qismində çıxış edən Cahangir Alışov ifadə verərək bildirdi ki, 2010-cu ildə sədrlik etdiyi MTK-nın əməkdaşı Nadir Feyziyev MTN-ə çağırılıb və bir gün səhərdən axşama kimi orada saxlanılıb. Ertəsi gün N.Feyziyevlə MTN-ə yollanan Cahangir Alışovdan şəriki, hazırda həbsdə olan və bu işdə zərərçəkmiş kimi çıxış edən Nəsib Əliyevin borclarına görə 19 mənzilin təqdim olunan adamların adlarına rəsmiləşdirilməsi və əlavə olaraq 500 min dollar pul tələb olunub.
Zərərçəkmiş qeyd etdi ki, uzun alverdən sonra təqsirləndirilən Akif Çovdarov məbləği 350 min dollara qədər aşağı salıb, lakin 19 mənzil və qeyri-yaşayış sahələrinin bir hissəsi təqdim edilən adamların adlarına rəsmiləşdirilib.
Qeyd edək ki, C.Alışovun ifadəsinə görə, həmin 19 mənzil o vaxta kimi vicdanlı alıcılar tərəfindən alınıbmış və beləliklə, sahibləri olan mənzillər ikinci dəfə rəsmiləşdirilərək, başqa adamların adına keçirilib. Lakin iş bunluna da bitmir. Sonradan MTN-in siyahısı üzrə mənzil sahibi olmuş şəxslər də öz növbələrində həmin mənzilləri üçüncü şəxslərə satıblar. Beləliklə, eyni mənzilin normal şəkildə pul ödəyərək yiyəsinə çevrilmiş iki şəxs var.
Zərərçəkmiş bildirdi ki, 2012-ci ilə qədər tələb olunan 350 min dolları Akif Çovdarova çatdıra bilmədiyi üçün ondan MTN siyahısı üzrə rəsmiləşdirdiyi 6 mənzili sataraq, pulu gətirməsi istənilib və o, bu mənzilləri satıb.
Qeyd etmək lazımdır ki, Cahangir Alışovun çıxışı zamanı təqsirləndirilən Akif Çovdarov hakimdən icazə alaraq, zalı tərk etdi. Sonradan onun vəkilləri bildirdilər ki. general müayinədədir və o gələnə qədər iclasda fasilə elan olunmasını istədilər. 15 dəqiqəlik fasilə elan edildi
“Ölmədik, bu günü də gördük”
Baxılan epizod üzrə ifadə verən şahid Məhərrəm Mehdiyevin çıxışı zalda gülüşlə qarışıq gərginlik yaratdı. Belə ki, şahid həqiqəti söyləyəcəyinə dair iltizama imza atarkən ucadan “Ölmədik, bu günü də gördük” ifadəsini işlətdi. Hakim Həbib Həsənov onun nəzərinə çatdırdı ki, məhkəmə artıq-əskik ifadələr işlətməyin yeri deyil və xitabət kürsüsündə yerini tutsun. Bu ittiham 3-4 universitet bitirdiyini deyən şahidin xoşuna gəlmədi və o, üzünü prosesə sədrlik edən hakimə tutaraq dedi: “Xahiş edirəm, mənimlə belə danışmayasan. Həddini də aşma”. Həbib Həsənov şahidin nəzərinə çatdırdı ki, protokola qeyd edilən yazılı xəbərdarlıqdan sonra da o, işin mahiyyətindən kənar ifadələr işlətsə, barəsində inzibati həbs qərarı belə çıxarıla bilər.
Daha sonra şahiddən and içməsi xahiş edildi və o, bir daha etirazını bildirdi: “Mən sovet hüququnu çox yaxşı bilirəm, bunu gərək məndən iltizama imza atana qədər istəyəydiniz”. Uzun çək-çevirdən sonra şahidin epizod üzrə ifadə verməsinə nail olundu.
O, öz adına olmayan, lakin şəriki olduğu mənzili zərərçəkmiş Cahangir Alışova bağışladığını və bir müddət sonra bunun əvəzində “Karvansara” ticarət mərkəzində iki mağaza aldığını bildirdi.
Akif Çovdarov zala qayıtmadı
Epizod üzrə üç şahid dindirilsə də, müayinə üçün zalı tərk etmiş təqsirləndirilən Akif Çovdarov geri qayıtmadı. Buna generalın vəkillərindən daha tez prosesə sədrlik edən hakim Həbib Həsənov reaksiya verdi. Yalnız bundan sonra vəkilləri Akif Çovdarovun da şahidlərə suallarının yarana biləcəyini və onsuz iclası davam etdirməyin mümkün olmadığını dedilər.
Hakim Həbib Həsənov təqsirləndirilənin səhhətində yaranmış problemlərlə əlaqədar prosesin bitdiyini və növbəti iclasın çərşənbə günü, fevralın 22-də keçiriləcəyini bildirdi.(virtualaz.org)