Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsidir.
Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. İlk çərşənbənin də su çərşənbəsi olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.
İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.
Bu çərşənbədə də insanlar süfrə açarlar. Hər çərşənbənin öz xörəyi, öz xonçası var. Su çərşənbəsi xonçasında bulaqdan, quyudan, kəhrizdən gətirilmiş pak, təmiz su mütləq olmalıdır. Dövrəsinə quru meyvə, rəngbərəng şamlar, ləbləbi – kişmiş, çətənəli, küncütlü, fındıqlı-qozlu qovurğa qoyarlar.
Su çərşənbəsində yaşlıları da unutmazlar. Onlar üçün qovurğadan qovut çəkər, üstünə bəhməz və ya bal tökərlər.
Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.
Su çərşənbəsi həm də “əzəl çərşənbə”, “ gül çərşənbə” adlanır. Bu çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləmək də inanclar sırasına daxildir. Su çərşənbəsi günü hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inancına görə, su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.
Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır. , həmçinin bu gün övladı olmayan bir qadının başından camla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram əhval-ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Qeyd edək ki, 2017-ci ildə fevralın 21-də ilk çərşənbə - Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.
Yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaq.