Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Qurbanovanın 4-cü sinif şagirdi Kamran Soltanovu döyməsi ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi rəsmi məlumat yayıb.
Mynews.az xəbər verir ki, bu idarədən Sonxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 238 nömrəli tam orta məktəbdən verilən məlumata görə, oktyabrın 20-də özünü 4 "B" sinfinin şagirdi Soltanov Kamran Bəhruz oğlunun valideyni kimi təqdim edən Zaur adlı (özünü Kamranın dayısı olaraq təqdim edib) şəxs övladını evə aparmaq adı ilə sinfə daxil olub və sinif müəllimi Qurbanova Nəzakət Əfsər qızını şagirdlərin qarşısında hədələyib. Həmin şəxs müəllimi Kamran Soltanova məxsus 2015-ci il nəşri olan dərsliyin 2013-cü il nəşr olunan dərsliklə əvəz etməkdə günahlandırıb.
"Məktəb rəhbərliyi tərəfindən Soltanov Kamran Bəhruz oğlunun valideyni məktəbə dəvət edilib, fikirləri dinlənilib və məsələ aydınlaşdırılıb. Eyni zamanda, müəllimi təhqir edən Zaur adlı şəxs oktyabrın 23-də məktəbə gələcəyini və etdiyi hərəkətlərə görə müəllimdən üzr istəyəcəyini bildirib".
Bununla belə, Vəfa xanım (valideyn) daha sonra Kamranın məktəbə gəlmək istəmədiyini, müəllimin ona xəsarət yetirdiyini iddia edib. Valideynə iddiası barədə hüquq mühafizə orqanlarına məlumat vermək təklif olunub.
İdarədən qeyd edilib ki, təkliflərə məhəl qoymayan valideyn bu zaman ümumiyyətlə uşağını oxutmaq istəmədiyi və ya təhsilini başqa məktəbdə davam etdirmək istədiyi barədə təzadlı fikirlər səsləndirib. Daha sonra isə valideyn öz adından və övladının adından üzr istədiyini bildirib və məktəbi tərk edib.
"Onu da qeyd edək ki, məsələ ilə bağlı məktəbdə araşdırma aparılıb, sinif müəllimi Nəzakət Qurbanovanın, sinif Valideyn Şurası üzvlərinin, həmin sinifdə dərs deyən digər fənn müəllimlərinin izahatları alınıb və şagirdlərlə söhbət aparılıb. Məktəbdaxili araşdırma zamanı valideynin söylədiyi fikirlər öz təsdiqini tapmayıb.Hazırda məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır".- BŞTİ-dən bildirilib.