Mynews.az saytının verdiyi məlumata görə, oktyabrın 30-da dövlət başçılarının iştirakı ilə bu nəhəng layihənin rəsmi açılış mərasimi olacaq.
İstanbulda təşkil edilən tədbirdə üç ölkənin dövlət başçılarının iştirak edəcəyi ilk səfərin Azərbaycanın paytaxtı Bakıdan başlayacaq.
Yüksək səviyyəli qonaqların da iştirak edəcəyi tədbirlə əlaqədar olaraq Ələt limanında hazırlıq işləri görülməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan Prezidenti Giorgi Kvirikaşvili və bir çox dövlət və hökumət nümayəndələrinin də iştirakı ilə reallaşacaq BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanında baş tutacaq. Qatarla ilk rəsmi səfər dövlət başçılarının iştirakı ilə keçiriləcək.
Qarsda təməlqoyma mərasimi keçirilən və tikintisi uğurla başa çatdırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimin Bakıda təşkil olunması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsüdür. İlk sınağı sentyabrın sonlarında həyata keçirilən BTQ dəhlizi Avropa ilə Çin arasında fasiləsiz dəmir yol əlaqəsini təmin edəcək. Bu dəmir yolu vasitəsilə Çindən Avropaya yüklər 12-15 gün ərzində çatdırılacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl isə Qazaxıstandan Türkiyənin Mersin şəhərinə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə taxıl aparan birinci yük qatarı yola salınıb.Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarını hazırlamağa başlayıb. Həmin qatar Rumıniyaya çatdırılması nəzərdə tutulan kömürlə yüklənəcək.