Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məktəblər necə qorunur? - "Nəsə baş verərsə, biz də cavabdeh olacağıq" - NAZİRLİK

8 il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsinin baş verməsindən sonra ali təhsil müəssisələri, həmçinin də, məktəblərin mühafizəsi məsələsi zamanla medianın gündəliyində əsas yer tutdu. Hadisədən 8 ildən də artıq vaxt ötməsinə baxmayaraq, bu istiqamətdəki problemlər hələ də həllini tapmayıb. Dünya ölkələrinin təcrübəsindən də göründüyü kimi, bu gün terror üçün ictimai nəqliyyatla yanaşı potensial məkanlardan biri də təhsil ocaqlarıdır. Bakıda bir çox məktəblərdə xüsusi mühafizə xidmətinin olmaması valdieynlər üçün narahatlıq yaradıb. 

Maraqlıdır, arzuolunmaz hal baş verərsə buna görə kim, hansı qurum məsuliyyət daşıyacaq?

Mynews.az xəbər verir ki, sorğumuz Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı şəhər Baş Təhsil İdarəsinə yönləndirilib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. 

Bakı şəhər Baş Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, tabeliklərində olan təhsil müəssisələrində mühafizə xidmətinin təşkil edilməsi üçün idarənin xərclər smetasında vəsait nəzərdə tutulmayıb. 

Bildirilir ki, gələcəkdə təhsil müəssisələrinin mühafizə xidməti ilə təmin edilməsi məsələləri müzakirə ediləcək.

Paytaxtdakı bir neçə məktəbdə şagirdlərin və müəllimlərin təhlükəsizliyini təmin etmək üçün valideynlərin razılığına əsasən, özəl mühafizə xidməti fəaliyyət göstərir.

B.Məmmədovun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 8 təhsil müəssisəsində təhlükəsizliyin təmin olunması məqsədilə mühafizə xidmətinin təşkili Daxili İşlər Nazirliyi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Bildirilib ki, eyni zamanda, təhsil müəssisələrində mühafizə xidmətinin təşkil olunması üçün təhsil idarəsi tərəfindən monitorinqlər keçirilib, mühafizə xidmətinə ehtiyacı olan təhsil müəssisələrinin siyahısı Təhsil Nazirliyinə təqdim edilib. Hazırda həmin müəssisələrin mühafizə ilə təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.

Təəssüflər olsun ki, nə Təhsil Nazirliyindən, nə də ki, Bakı Şəhər Baş Təhsil İdarəsindən bu siyahını əldə edə bilmədik. 

Bəs, məktəblərdə mühafizə xidmətinin olmaması ilə əlaqədar təhlükəli vəziyyət yaranarsa, buna görə kim cavabdehlik daşıyacaq?

Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Jalə Məmmədova Cebhe.info-ya açıqlamasında bildirib ki, arzuolunmaz hal baş verərsə, digər aidiyyəti qurumlar və şəxslərlə yanaşı Təhsil Nazirliyi də hadisəyə görə cavabdeh olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...