Deyirlər bir dəfə "Kim? Harada? Nə vaxt?" televiziya verilişində sual səslənib ki, dünyanın hansı yerində marşrut avtobusları pulsuz işləyir. "Çilov adasında" cavabını veriblər.
Bəlkə bu əhvalat həqiqətən olub. Bəlkə də gülərüz, mehriban ada sakinləri özlərinin yaşadıqları bənzərsiz məkanın daha bir özəlliyini dilə gətirmək üçün bu söhbəti düzüb-qoşublar. Amma hər halda bu, bir həqiqətdir ki, Çilov adasında ictimai nəqliyyat vasitələrində, yəni marşrut avtobuslarında gediş haqqı tələb olunmur.
Avtobuslar qəsəbənin bu başından o biri başına hərəkət edərək neftçiləri mədənlərdən evlərinə aparır, eləcə də mağazaya, məktəbə, xəstəxanaya gedən sakinləri mənzil başına çatdırırlar. Onlardan gəmi limanına, vertolyot meydançasına tələsənlər də istifadə edirlər.
Avtobuslar ahəngdar işləyir. Sürücülər sərnişinlərlə mədəni davranır, qocaya, uşağa maşına minib-düşməkdə kömək edirlər. Hər tərəfdən Xəzərin sularının "qucaqladığı" bu məkanda - ada şəraitində, ümumiyyətlə, insanların bir-birinə qayğı və diqqət göstərmək, arxa-kömək olmaq hissi daha güclüdür.
Çilov qəsəbəsi o qədər də kiçik deyil və burada tək bir avtobus hərəkət etmir. Lakin sakinlər hansı avtobusun nə vaxt gələcəyini, haradan-haraya qədər gedəcəyini əzbər bilirlər. Qəribədir ki, bu avtobuslar heç nömrələnməyib axı...
Nisbətən işlənmiş, bir qədər köhnəlmiş avtobuslarla yanaşı, Çilovun küçələrinə təzələri də çıxıb. Onları çilovlulara Azərbaycan Respublikası Dövlət Neft Şirkəti verib. Ada sakinləri belə bir hədiyyədən çox məmnun olublar.
Ən maraqlısı isə budur ki, Çilovda qadınlara və kişilərə ayrı-ayrı avtobuslar xidmət edir. Bəlkə kimsə bunu köhnəliyin əlaməti hesab edər. Amma belə deyil. Çünki Çilov tamamilə müasir bir qəsəbədir. "28 May" NQÇİ-nin inzibati binaları, böyük bir neft və qazçıxarma sexi, digər sahələri adada yerləşir. Burada yüzlərlə qadın və kişi çiyin-çiyinə çalışır. Qəsəbənin digər idarələrində, xidmət sahələrində də belədir.
Fikrimizcə, qadınların ayrı, kişilərin isə ayrı avtobuslarda getməsinin səbəbi yalnız onların hamısına rahatlıq və sərbəstlik yaratmaq istəyindən irəli gəlib.
Bir gün Çilovun qonağı olarkən, ada camaatının dili ilə desək, "pulsuz avtobuslar"a biz də mindik. Bu avtobuslarla adadakı uşaq bağçasına, stasionara, dəniz suyunun təmizləndiyi sahəyə, neftin nəql olunduğu sexə getdik. Adanın hamar küçələrindən keçdik, birmərtəbəli kiçik, lakin çox rahat evlərini, xudmani, gül-çiçəkli həyətlərini gördük. İnsanlarla çox tez ünsiyyət qurmağı bacaran, qonaqları çox sevən ada sakinləri ilə bir yolun yolçusu olduq...
Elə həmin avtobuslardan biri də Çilovun gündən-günə yaşıllaşan, çiçəklənən ərazilərindən keçərək bizi düz vaxtında vertolyot meydançasına çatdırdı. Daimi sərnişinlərinin hamısının adlarını bilməsə də, onları üzdən tanıyan sürücü buraya nabələd olduğumuzu dərhal duyaraq "Gediş haqqı lazım deyil" dedi. Bu sözləri gün ərzində adada bir neçə dəfə eşitdik...