Bu gün Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasındakı iddiası üzrə Suraxanı Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.
Bizimyol.info xəbər verir ki, xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub.
Vəkil Elçin Sadıqov bildirib ki, xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da vəsatət təmin edilməyib.
Növbəti proses 27 fevral saat 09:30-da keçiriləcək.
Qeyd edək ki, iddia Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun icraatındadır.
Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyir. Məhkəmə şikayəti təmin edəcəyi təqdirdə Mehman Hüseynovu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.
DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.