AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi noyabrın 15-də Ağdamda baş vermiş zəlzələnin nəticələrinə dair açıqlama yayıb.
Mynews.az xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, 15.11.2017-ci il tarixində, yerli vaxtla saat 23:48:02-də, Ağdam ərazisində baş vermiş zəlzələnin makroseysmik tədqiqatlarının aparılması məqsədilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyevin rəhbərliyi ilə episentral zonada və zəlzələnin hiss olunduğu ətraf rayonlarda tədqiqat işləri aparılıb.
Tədqiqat işləri zamanı müəyyən olunub ki, zəlzələ episentral zonada 6 bal intensivliyinə qədər hiss edilib (12 ballıq MSK-64 seysmik cədvəli üzrə).
Zəlzələnin episentri Ağdam rayonunun Quzanlı yaşayış məntəqəsindən 5 km şimali-qərbdə yerləşir. Zəlzələnin pleysoseyst zonasının ölçüləri 24 x 28 km, ocağının dərinliyi isə 25 km təşkil edir.
Zəlzələ inzibati baxımdan ən yüksək intensivliklə Ağdam, Bərdə və Tərtər rayonlarının bir sıra yaşayış məntəqələrində hiss olunub. Bunlar Quzanlı, Poladlı, Üçoğlan, Xındırıstan, Çəmənli, Hüsənli, Köçərli, Xanərəb, Qazyan, Qaynaq, Evoğlu, İlxıçılar, Xəsili, Ketəlparaq, Qaravəlli və Xanaqala kəndləridir.
Qeyd olunmuş ərazilərdə əhali tərəfindən yanlış məlumatlar vermələrinə baxmayaraq, RSXM əməkdaşları tərəfindən onların evlərində əmələ gəlmiş çatların əvvəllər baş vermiş zəlzələlər və 2016-cı ildə “Aprel döyüşləri” nəticəsində əmələ gəlməsi - zərər çəkməsi, yəni evlərində zəlzələdən əvvəl də zədələnmələrin olması, bu zəlzələnin isə həmin çatları bir qədər də böyütməsi, qəzalı evlərin isə bir qədər də acınacaqlı hal alması müəyyən olunub.
RSXM-nin zəlzələnin ən yüksək intensivliklə hiss olunduğu Ağdam və Bərdə seysmik stansiyalarında heç bir çat müşahidə olunmayıb.