Milli Məclisin deputatı Əsabil Qasımova məxsus olduğu bildirilən, Bakı şəhəri Azadlıq prosepktində yerləşən "Karat” MMC-yə məxsus çoxmərətəbəli yaşayış binasında kommunal xidmət haqların bahalaşdırılıb. Bu qərar sakinlərin narazılığına səbəb olub.
Azxeber.com-in məlumatına görə, bu barədə həmin binada yaşayan sakinlərdən biri "Bizim Yol”a bildirib. "Özbaşınalığa etiraz etdiyinə görə həmin ünvanda "Karat” MMC-yə məxsus 4 binaya kommunal xidmətdə süni problemlər yaradırlar. Öz evimizdə kirayədə qalırıq sanki”,-deyə sakin bildirir.
Onun sözlərinə görə, əvvəllər kommunal xidmət haqqı 80-110 manat idi. Hazırda MTK rəhbərliyi sakinlərdən 180-220 manat məbləğində kommunal xidmət haqqı tələb edirlər.
"Keçən il və bu il kommunal xidmət haqqını ödəməyimizlə bağlı əlimizdə qəbzlər var. Hər mənzildən 180-220 manat almaq həddindən artıq çoxdur. Sakinlər ödəməkdən imtina etdiyi bildiriləndə "Karat”a məxsus 4 yaşayış binasının mənzillərinə qazın verilişi və qazanxananın fəaliyyəti dayandırıldı”,-deyə sakin bildirdi.
Qeyd edim ki, "Karat MMC” deputat Əsabil Qasımov tərəfindən yaradılmış və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti vəzifəsini daşımış və birbaşa rəhbərliyi də həmin şəxs həyata keçirmişdir. Adı çəkilən "Karat” MMC 2008-ci ildən Mənzil Tikinti Kooperativi kimi qeydə alınmışdır. 2006-cı ildən isə «Karat MMC»-nin də daxil olduğu "Karat Holdinq" yaradılmışdır. Həmin Holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra onun oğlu Taleh Qasımov və yaxın qohumları Umud Umudov və Qərib Əmiraslanov həyata keçirsə də, faktiki rəhbərliyi və nəzarəti yenə də Milli Məclisin deputatı Əsabil Qasımovdadır.