Bir neçə gün əvvəl bəzi yerli KİV-lərdə “Kremlin Azərbaycanda yeni layihəsi” barədə sensasiyalı xəbərlər yayıldı. Bu xəbərlərin məğzi ondan ibarət idi ki, milyarder Fərhad Əhmədov 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qoşulacaq və prezidentliyə namizədliyini irəli sürəcək. Həmçinin, Rusiyanın eks-senatoru olmuş milyarderin yeni müxalifət partiyasına rəhbərlik edəcəyi iddia olunurdu.
Xatırladaq ki, “Forbes” jurnalının versiyasına əsasən, Fərhad Əhmədov ötən il Rusiyanın ən zəngin insanları siyahısında 51-ci yeri tutub.
Hazırda öz yaxtası ilə dünya səyahətində olan milyarder Fərhad Əhmədov haqqın.az saytına verdiyi müsahibədə haqqında gəzən söz-söhbətlərə açıqlama gətirib.
Fərhad Əhmədov prezident seçilmək istəyi barəsində iddiaları cavablandırıb:
“Kimlərsə qaranlıq otaqda qara pişik axtarmaq əməliyyatlarına pul ayrımağa tənbəllik etmirlər. İndi bütün seçkilərdə Moskvanın “əlini” axtarmaq tendensiyası dəbə düşüb. O nə seçkidir ki, orda Moskvanın əli olmasın. İndi artıq Azərbaycanda da Moskvanın “əl”ini axtarmağa başlayıblar. Halbuki, iki ölkədə münasibətər ideal səviyyədədir. Yox əgər, Moskvanın müdaxiləsi həqiqətən yoxdursa onda kimlərsə bunu özündən icad etməyə başlayır. Mənim Elçibəy və Vəzirovla sıx əlaqələrim olduğunu da yazmışdılar, amma onlarla şəxsi tanışlığım yox idi, indi isə belə söhbət yayırlar ki, guya Putinin planına əsasən Azrbaycanın növbəti prezidenti mən olmalıyam. Məqalə müəllifi onu bilməliydi ki, Putin hər zaman öz planlarını mütləq reallaşdırır və kimsə bu planları pozanda ona xoş gəlmir. Lakin xoşbəxtlikdən, mənim təyinatım onun planlarına daxil deyil. Mən heç bir zaman prezident və ya hər hansı ölkənin siyasi lideri olmaq fikrində olmamışam. Mən siyasətdə 5 il oldum. Senator olarkən siyasətin iç üzünü gördüm. Siyasətçi, üstəlik prezident özü-özünə məxsus deyil. Prezidentlik əslində qul əməyi tələb edən ağır işdir. Mən isə azadlıq sevirəm. Bu mənlik deyil. Bu nankor işdir. Bu mənə lazımdırmı ? Mənim işim bizneslə bağlıdır. Mən əgər siyasəti düşünsəydim çoxdan partiya qurar, siyasi bazamı formalaşdırardım. Mən bunların heç birini etmirəm”
Beynəlxalq investor kimi Azərbaycandakı fəallığı barədə sualı cavablandıran milyarder bildirib ki, Azərbaycanda demək olar ki, fəaliyyət göstərmir. Ölkədə atasının xatirəsi üçün inşa etdiryi bir zavodu fəaliyyət göstərir. Müntəzəm olaraq böyük layihələrdə iştirak etmək üçün dəvətlər alsa da, Fərhad Əhmədov sərmayələrini emosiyalardan uzaq şəkildə yerləşdirdiyini bildirib.
Fərhad Əhmədov həmçinin KİV-lərdə Əliyevlər ailəsindən intiqam almaq istəyi barədə yer alan iddialara da açıqlama verib.
“Mənim atam Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində, sovet hakimiyyəti dövründə həbs olunub və güllələnib Düzdür mən əminəm ki, o müqəssir deyildi. Lakin kommunist partiyası rejimi mövcud idi və Heydər Əliyev özü də illər sonra bu rejimdən əziyyət çəkdi. Mən intiqam almaq düşüncəsində olmamışam. Mən prezident İlham Əliyev və onun ailəsinə hörmət edirəm. Mehriban Əliyevanın vitse-prezident seçilməsini isə vacib addım hesab edirəm, bu Azərbaycanın və prezidentlik institutunun nüfuzunun artmasına xidmət edəcək. Bizim İlham Əliyevlə məqsədimiz birdir. Azərbaycanın ərazi bütövlüyü və tərəqqisi. Bizim düşmənimiz də eynidir. Bir şeyi də qeyd edim ki, məhz onun humanizmi nəticəsində mən atamın məzarını tapdım və layiqli şəkildə dəfn etdim. Belə bir prezidentə xəyanət etmək olmaz" (Bizimyol.info).