Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bağçalar və musiqi məktəbləri pullu olarsa…

Hökumətin «neft kapitalını isnsan kapitalına çevirəcəyik» vədi vəd olaraq qaldı

Natiq Cəfərli: «Belə bir qərar qəbul olunsa, bu Konsitutsiyaya zidd yanaşma olacaq»

“Azərbaycanda məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər”. Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. O qeyd edib ki, böyük maliyyə vəsaitlərini cəlb etmək imkanına malik qurumlarda korporativ idarəetmə standartları tətbiq olunmalıdır: “Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da ölkə prezidentinin apardığı siyasətdir. 

Sosialyönümlü siyasət üstünlük təşkil edəcək. Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə ictimai nəzarətin tətbiqinə gətririb çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər”. 

S.Şərifov bildirib ki, musiqi məktəblərinin müştərək maliyyələşmə prinsiplərinə də baxıla bilər: "Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələrə başlamışıq. Musiqi məktəblərində də müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər. Bir hissəsi dövlət və bir hissəsi maraqlı valideynlər tərəfindən ola bilər. Valideynə maraqlıdırsa ki, uşaq bu sahədə oxusun, yəqin ki, cüzi də olsa, bu prosesdə iştirak etməlidir”.

Dövlət Statistika Komitəsinin 2016-cı ilin əvvəlinə olan məlumatına görə, hazırda Azərbaycanda uşaqların yalnız 20 faizi bağçaya cəlb olunub. Bu rəqəm  2014-cü ildə 14 faiz təşkil edib. Hazırda ölkə üzrə dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin  sayı dəqiqləşdirilməsə də, iki il öncənin statistik  məlumatında qeyd olunub ki, Azərbaycanda 1680 dövlət və özəl məktəbəqədər təhsil müəssisəsi var. Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi 1-5 yaşlı uşaqların ümumi sayına nisbətən 13,3 faizdir. Bu göstərici şəhərdə 19,2%, kənddə 7,5% təşkil edir.

Bu şəraitdə məktəbəqədər təhsil müəssisələrinin ödənişli olmasına ehtiyac varmı?

Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, nazirin qaldırdığı məsələni məqbul hesab etmir. ««Müştərək» sözü isə ümumiyyətlə mənə çatmır. Məktəbəqədər təhsilə biz onsuzda böyük zərbə vurmuşuq. 90-cı illərdə biz 300-ə qədər bağçanı özəlləşdirməyə çıxardıq. Bunların təyinatı dəyişməyəcək deyilsə də, dəyişdirildi. Nəticədə böyük əksəriyyətinin yerində şadlıq sarayları, göydələnlər tikildi. Bu məsələ təhsilə dair dövlət strategiyasında da öz əksini tapdı ki, bizdə 75 faiz məktəbəqədər müəssisə yetərsizliyi var. 2020-ci ilə qədər bu boşluğu doldurmaq üçün hədəflər müəyyənləşdirilib. Digər tərəfdən, təhsilin əsası məktəbəqədər təhsildir. İndi məktəbəqədər təhsillə bağlı məktəbə hazırlıq məsələsi önə çıxarılıb. Biz başa düşürük ki, büdcə kəsiri var və onu doldurmaq lazımdır. Ancaq elə sahələr var ki, orada dəyişikliklər etmək olar. Biz qeyd etdik ki, neft kapitalını insan kapitalına çeviririk, uşaqlar bizim gələcəyimizdir və s. Büdcə də sosial büdcədir. Siyasətimiz də sosial yönümlüdür. İndi məktəbəqədərki təhsili də ödənişli etmək, musiqi məktəbi ilə birləşdirmək hansı anlama gəlir?”.

N.İsrafilov hesab edir ki, bunlar sadəcə təklifdir. Belə söhbətlər olub və yəqin ki, müzakirələr zamanı buna sərt reaksiya verənlər olacaq: “Bu məsələni birmənalı qarşılamaq olmaz. Təhsilimizin keyfiyyətinə, gələcək perspektivlərinə inamı onsuzda azaldırıq. İndi insanların maddi vəziyyəti, sosial durumu yaxşı deyil. Müəyyən insanlar var ki, işləmək üçün uşağı bağçaya qoymalıdır. İndi kimsə uşağına görə işindən ayrıla bilər. Kütləvi işsizlik problemləri meydana çıxa bilər. Bu təklif təhsildə dövlət siyasəti ilə uzlaşmır. Təhsil siyasətinin öz prinsipləri var. Humanistləşmə, demokratikləşmə və s. Burada hansı humanistləşmədən, demokratikləşmədən söhbət gedə bilər? Bu qərarın qəbul edilməsi bütövlükdə bizim təhsil siyasətimizə zidd olan məsələdir”.

İqtisadçı ekspert Natiq Cəfərli də qəzetimizə açıqlamasında bildirdi ki, son zamanlar baş verən proseslər büdcədə yaranmış problemlərlə əlaqəlidir. Ekspert təəssüflənir ki, hökümət hələ də büdcədəki problemlərin əsas mənbəyi kimi vətəndaşın cibini görür: “Yəni, ciddi islahatlar yolu ilə deyil, vətəndaşın cibi vasitəsi ilə problemlərin həll edilməsini düşünür.  Əslində yanaşmanın özü problemlidir. Azərbaycanın Konstitutsiyasında da sosial dövlət prinsipi yer tutub. Ən azından dövlət təhsilinin pulsuz olacağı haqqında maddə yer alıb. Bağça da, musiqi məktəbləri də təhsilin bir hissəsidir. Belə çıxır ki, təhsilin dövlət müəssisələrində belə pullu olmasının yolu açılır. İlkin addım kimi belə bir qərar qəbul olunsa bu Konsitutsiyaya zidd bir yanaşma olacaq. Sonradan digər təhsil ocaqlarında da yəni məktəblərin özündə belə pullu xidmətlərin təklif olunmasına gətirib çıxara bilər. Əslində bunun doğuracağı fəsadları indidən söyləmək olar. Çünki ən azından musiqi məktəbləri ödənişli olsa, bir çox valideynlərin sadəcə imkanı olmayacaq ki, öz uşaqlarına musiqi təhsili versinlər. Çünki ağır iqtisadi ağır durumda, qiymətlərin çox sürətlə artdığı indiki vəziyyətdə onlarla, yüzlərlə istedadlı uşaqların gələcəkdə musiqi təhsili almaqdan məhrum olma prosesi baş verəcək”.

Ekspertin sözlərinə görə, bu çox ciddi sosial məsələdir. Bir çox hallarda valideynlər sadəcə musiqi məktəblərindən imtina edəcəklər: “Uşaq bağçalarına gəldikdə isə onsuzda özəl bağçalar vardı. Yəni kimin imkanı vardı, ödənişli əsaslarla öz uşaqlarını ora yönləndirirdilər. Dövlət bağçalarında əsasən aztəminatlı ailələrin uşaqları gedirdi. Əgər orda da ödənişlər yüksək səviyyədə olsa, aztəminatlı ailələr ümumiyyətlə bundan imtina edəcəklər. Uduzan yeni gənc nəsil olacaq. Azərbaycan uzun illərdir sözdə də olsa elan etmişdi ki, neft kapitalını insan kapitalına çevirəcək. Biz bunu bacarmadıq. İndi gənclərin, uşaqların gələcəyi ilə bağlı belə qərarların verilməsi minlərlə uşaqların təhsilinə, onların gələcəyinə təsir göstərəcək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...