Lent.az saytı intihar məktubu ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olan İsmayıl Adıgözəlovun ailəsinə baş çəkib.
Mynews.az həmin reportajı təqdim edir:
"İndi Ağdaşda hamı bu olaydan danışır. 12 yaşlı məktəbli İsmayıl Adıgözəlovun intiharından. O intihar ki, neçə gündür belin qırıb bu ailənin; atası Çingiz beşcə dəqiqə sakit dayana bilmir, bacıları “ay qardaş” deyə fəryad edirlər. Ana da ki, heç...
Zavallı ana, sonuncu dəfə məhz o görüb axı oğlunu sap-sağlam. Hələ öz əliylə yedirdib də intihardan qabaq. Və nəhayət, balaca İsmayılın özünə qəsd eləməsi, bir sirri-xuda olub bu ailə üçün.
Niyə? Nədən? Nə baş vermişdi axı? 12 yaşlı şagird, idmançı uşaq özünə niyə qıysın ki?
Elə Ağdaşa yollanmağımızın səbəbi də məhz bu suallara aydınlıq gətirmək idi.
***
Dekabrın 3-də, günorta saat 12 radələrində anası tapıb onu. Yox, daha doğrusu, əvvəlcə kağız tapıb paltar yuduğu yerdə. Kağızı oxuyan kimi isə cəld tövləyə tərəf qaçıb zavallı. Oğlunu tövlədəki dəmir çardaqda ipdən asılı vəziyyətdə tapıb. Baxıb ki, hələ çırpınır, nəfəsi gedib-gəlir. Amma nə qədər çalışsalar da, həyatını xilas edə bilməyiblər 12 yaşlı İsmayılın.
O məşum məktubda isə belə yazılıbmış: “Mama siz bunu oxuyanda sevimli peyğəmbərimizin yanında olacam. Mama, haqqınızı halal edin. Ataya de ki, məni bağışlasın və haqqını halal etsin. Bacım, mənim gözəl Leyla bacım, Allah səni xoşbəxt eləsin, xoşbəxt ol. Mama, mənim ağzımdan Ülkər bacımı, Muradı, bir də Sədaqət xalanı öpün. Mənə görə toyu təxirə salmayın. Bacı, Leyla bacı, səndən bir xahiş etsəm, oğlun olsa, adını İsmayıl qoy.
Tovlaya baxın”.
Ana da elə sonuncu cümləni oxuyan kimi tövləyə baxıb və sonuncu dəfə və özü də can verən oğlunu görüb.
***
Atası Çingiz danışır ki, İsmayıl evin sonuncu uşağı olub.
- İki böyük qızım var. Biri ərdədir, ikincinin toyuna hazırlaşırdıq. Mən sizdən bir şey xahiş edəcəm. Sensasiya xətrinə heç nə yazmayın. Onsuz da mənim dərdimi özümə bəsdir. İki gündür telekanallar, saytlar ağzına gələni yazır. Hamısını da qovmuşam qapıdan. Mən sizə həqiqəti deyəcəm, eləcə də yazın.
Çingiz deyir ki, İsmayıl çox şirin, özünü sevdirən uşaq olub. Həm dərslərini əla qiymətlərlə oxuyub, həm idmana gedirmiş, həm də yerli Ləki qəsəbə məscidində dini dərslərə meyl göstərirmiş.
- Məktəbdə hamı onun başına and içirdi. Həyatsevər bir uşaq idi. Təsəvvür elə, mənim mədəmdə bəzi problemlər var, tez-tez həkimlərə gedirəm. Deyirdi ki, ata, darıxma, həkim olub hamınızı sağaldacam. Taekvandoyla məşğul olurdu. Rayon və respublika səviyyəsində nəticələri də vardı. Heç yatıb yuxumuzda belə bu cür müsibəti görməzdik ki, balam başımıza açdı.
Çingiz deyir ki, həmin gün İsmayıl gec yuxudan durub. Anasına deyib ki, onun üçün pomidor-yumurta hazırlasın. Anası da bişirib.
- Sanki nəsə hiss edirmiş kimi öz əliylə yedirib balamı. Boğazı ağrıyırmış, amma anasına deyib ki, ürəyim xurma istəyir. Anası deyib ki, soyuqdu, boğazına ziyan olar. İsmayıl təkid edib. Anası da xurma doğrayıb verib. Həmin vaxt paltar yuyurmuş həyətdə yoldaşım. Deyir, iki dəqiqə keçmədi ki, gördüm həyətdə yoxdur. Fikirləşib ki, yəqin evə girib. Bir də görüb ki, məktub. Sonuncu cümləni oxuyanda tövləyə qaçıb.
Göz yaşlarını saxlaya bilmir Çingiz…
İsmayılın intiharından sonra əsas vurğu onun yazıb qoyduğu məktuba yönəlib. Xüsusən də “sevimli peyğəmbərimin yanında olacam” ifadəsinə. İndi bəziləri hesab edirlər ki, İsmayılın dini dərslərə getməsi onun intiharına rəvac verib.
Amma həm atası, həm də Ləki qəsəbə məscidinin imamı Əbdülxaliq Ağəmmədov bunu qətiyyətlə inkar edirlər.
Məscidin imamı bizimlə söhbətində deyir ki, əslində İsmayıl məscidə Quran dərslərinə yay aylarında gəlib.
- Bilirsiniz, biz rəsmi qeydiyyatdan keçmiş dini qurumuq. Bizə əsasən namaz qılmağı öyrənmək və Qurani-Kərimi oxumaqla bağlı müraciətlər olunur. Uşaqları isə ancaq və ancaq valideynlərinin razılığı əsasında götürürük. Mərhumun ailəsi dindar ailədir. Həm ailənin başçısı Çingiz, həm xanımı, həm də qızları dindar, namaz qılandırlar. İsmayıl da belə bir ailədə anadan olub, böyüyüb. Atası deyirdi ki, İsmayıl peyğəmbər adıdır, ona görə də məndən xahiş edib yanıma gətirmişdi. Tez qavrayan, nümunəvi bir uşaq idi. Kimin ağlına gələrdi ki, belə bir iş baş versin. O qədər ailəcanlı uşaq idi ki... Fikir verin, son məktubda belə ona görə bacısının toyunun təxirə salmamağı xahiş edir.
***
Atası deyir ki, bəzi saytlar onun qızına cehiz almaq imkanı olmadığını, İsmayılın da bunu özünə dərd edib intihara əl atdığını yazırlar.
- Guya uşaq psixoloji sarsıntı keçirib. Bu yalanları niyə yazırlar, məqsədləri nədir, bilmirəm. Bu dərd özümə yetər, bir dərdi də sensasiya axtaran jurnalistlər gətirir üstümə.
Həmkəndliləri deyir ki, düzdür, Çingizin ailəsi o qədər də imkanlı deyil, amma kasıbçılıqla da yaşamır bu ailə. Əvvəl dükan işlədib, sonra təsərrüfatla məşğul olub. İndi də həm təsərrüfatla məşğuldur, həm də ustalıqla. Necə deyərlər, əksər kənd sakinləri kimi.
- Özü də Çingiz qızına cehiz ala bilməsə belə, o, bunu uşaqlarını yanında deməz heç vaxt.
Məscidin imamı deyir ki, hazırda məsələylə bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi başlanılıb: “Hazırda araşdırmalar gedir. Bu məsələnin bizimlə heç bir əlaqəsi yoxdur. Elə dəfndə ora gələnlərin hamısına dedim ki çox inanclı, nümunəvi bir uşaq idi. Onda nə vaxtsa intihar edəcəyinə dair heç nə hiss etməmişəm. İndi deyirlər ki, hər gün məscidə gəlirdi, cümə namazlarından qalmırdı. Yalan söhbətlərdir. O, cümə günləri məsciddə namaz qılmağa gəlməyib. Bizə həm QMİ-dən, həm də dövlət strukturlarından tapşırıblar ki, azyaşlı uşaqların vaxt namazlarında valideynin iştirakı olmadan namaz qılmaqlarına icazə verilmir. Uşaq həmin vaxt məktəbdə olmalıdır.
***
Yenə yuxarıdakı suallara qayıdırıq.
Bəs niyə?
Bu arada yerli bələdiyyə sədri Ayaz Kərimovun fikirləri maraq doğurur. Sitat:
“Baş verənlər telefonda olan hansısa oyunla əlaqəlidir. Qonşu uşaqların, ətrafdakıların məlumatına görə, kimlərsə telefonda onu hədələyib. O, qorxudan özün asıb. Adını da dəqiq bilmədim, amma deyilənlərə görə, “balina ovu” idi”.
Bu isə Ləki qəsəbəsinin ağsaqqallar şurasının sədri Misir Misirovun açıqlamasıdır: “Telefonda “Mavi balina” oyununa baxırmış. Gör nə qədər məcburiyyətə düşüb ki, atasından ayrılmaq qərarını verib”.
Misirovun da, Kərimovun da dediklərini ciddiyə almazdıq. Amma iş ondadır ki, mötəbər mənbədən aldığımız xəbərə görə, Ağdaş prokurorluğu məhz bu istiqamətdə araşdırma aparır.
Düzdür, atası Çingiz bizimlə söhbətində İsmayılın, ümumiyyətlə, telefonu olmadığını deyir. Amma başqa bir mənbənin dediyinə görə, İsmayıl tez-tez qəsəbədəki internet klublarına gedirmiş. Bu oyunu oynayıb-oyanmadığını isə təbii ki istintaq müəyyən edəcək.
Amma öz tərəfimizdən bir məqamı xüsusi vurğulayaq: “Mavi balina” oyunundan sonra intihar edən uşaq və yeniyetmələrin hekayələri göstərir ki , bunlar İsmayılın intiharıyla qəti uyğun gəlmir. Çünki o lənət gəlmiş oyunda son komanda, yəni intihar et komandası gecə saat 2 radələrində verilir. İkincisi isə həmin komanda ya skaypla, ya da vatsapla gəlir. İsmayıl isə günorta intihar edib, telefonu olmayıb".