Bu sabah mesajı yox, qara xəbəri gəldi

2061
Bu sabah mesajı yox, qara xəbəri gəldi

Uşaqlıqda ata-anasını, böyüyəndə isə həyatını itirdi

 Dağlar dağımdı mənim,

Qəm oylağımdı mənim,

Dindirmə qan ağlaram,

Yaman çağımdı mənim…

Bir şəhid həyatı danışacağam sizə. Doyunca ata qayğısı görməyən, ana nəfəsi hiss etməyən, dünyadan nakam köçən bir şəhidin həyatını. Rəşadı demək olar ki, xalası-dayısı böyüdüb, bütün qayğılarını onlar çəkib. Bu gün də ardınca onlar ağlayır… Şəhid Cəfərzadə Rəşad Əliyar oğlu 1994-cü il oktyabrın 14-də Bakıda anadan olub. Rəşadın elə uşaqlıqdan bəxti gətirməyib. O, birinci sinfə gedəndə, atası ağır xəstəliyə tutulub. Skleroz xəstəliyinə tutulandan sonra bədəni hissə-hissə sıradan çıxıb. Qohum-əqraba təklif edib ki, xəstəni rayonlarına göndərsinlər, ata-anası, yaxınları baxsın. Amma Rəşadın anası bununla razılaşmayıb, xəstə yoldaşına özü baxıb. Rəşadın xalası Mahirə xanım "Rəşad mənim həyatımın bölünməz bir hissəsi idi. Mən ölənə qədər də bu belə olacaq" — deyən Mahirə xanım, şəhid Cəfərzadə Rəşadın xalasıdır. Mahirə xanım Sputnik Azərbaycan-a şəhidin dünyaya gəlişini belə anladıb: "Rəşad bacımın oğludur. Bacımın ailəsi qaçqın olub. 1993-ci ildə Ağdam işğal olunanda, bacım ailə həyatı qurub. O, ailəsi ilə cəbhəətrafı zonada yaşayırdı. Sonra atam onu yanımıza gətirdi. Yoldaşı ilə atamın ayırdığı bir otaqda yaşayırdı. Rəşad bizim evdə dünyaya gəlib. O qədər sevinmişdik ki…" Rəşad birinci sinifdə oxuyanda atası ağır xəstələnir. Elə həmin gündən ailənin sevinci-nəşəsi yoxa çıxır. "Bacım yoldaşını sevirdi. Hər qadın xəstə adama illərlə baxmaz. Amma bacım yoldaşına 8 il baxdı. Sonra bacım özü də xəstələndi. Süd vəzində xərçəng yaranmışdı. Bu uşaqların günü elə belə keçdi. Onlar uşaqlıq, valideyn qayğısı görmədilər. Əvvəlcə ata, sonra ana xəstə oldu" — deyir Mahir xanım. "Könüllü keçmişəm, kəşfiyyat uşaqları hörmətli olur" Rəşadı doğulan gündən öz balası kimi istədiyini deyən Mahirə xanım danışır ki, Rəşadın valideyinləri xəstə olduğu üçün hər zaman qəlbində bir nisgil, gözlərində bir kədər var idi: "Rəşad çox mehriban, istiqanlı uşaq idi. Bir bacı, bir qardaş idilər. Rəşad bacısından daha istiqanlı idi". Rəşad 2009-cu ildə atasını, 2012-ci ildə isə anasını itirir. Rəşadın anası 2005-ci ildən süd vəzi xərçənginə tutulubmuş. Əməliyyat keçirən qadın 2009-cu ilə qədər özünü yaxşı hiss etsə də, 2009-cu ildən xərçəng sümüklərinə yayılmağa başlayıb. Müəyyən zamanlarda müalicələr alan qadın 2012-ci il yanvarın 20-də dünyasını dəyişib.  Rəşad və xalası Mahirə xanım Mahirə xanımın sözlərinə görə, əvvəlcə atasını, sonra anasını itirmək Rəşada pis təsir edir. O, uzun müddət özünü toparlaya bilmir: "Mən nə Allah deyiləm, nə də həkim. Amma nə vaxt bacımın vəziyyəti ağırlaşırdısa, Rəşad zəng edirdi ki, "xala gəl, anam pisdir". Onlar mənə belə öyrəşmişdilər. Mən əlimdən gələni edirdim ki, bacım yaşasın və uşaqlar heç olmasa ataları olmasa da, ana nəfəsi hiss etsinlər. Anası rəhmətə gedəndən sonra Rəşadla bacısı bizimlə yaşamağa başladılar. Ürəkləri harada istəyirdisə, orda qalırdılar". Yetkinlik çağları anasının xəstə vaxtlarına təsadüf etdiyi üçün Rəşad ali təhsil ala bilmir. Lakin hərbi xidmətə də bir qədər gec gedir: "Bacısı ailə həyatı qurduqdan 3 ay sonra Rəşad hərbi xidmətə getdi. 2014-ci il oktyabrın 23-də biz Rəşadı hərbi xidmətə yola saldıq. Oktyabrın 14-ü doğum günü idi. Danışıb razılaşdıq ki, əsgər getdiyi günlə ad gününü bir yerdə keçirək. Biz hər zaman fikirləşirdik ki, Rəşad əsgər gedəcək, onu incidəcəklər. Çünki kövrək uşaq idi. Amma elə olmadı. Əvvəlcə Gəncəyə düşmüşdü, 3 ay sonra Tərtərə göndərdilər. Biz hərbi hissəyə onunla görüşə gedib ad-soyadını deyəndə, dedilər ki, o, kəşfiyyatdadır. Doğrusu, mən qorxdum. Kəşfiyyat ordunun ürəyidir. Ondan soruşanda ki, niyə məhz kəşfiyyat, dedi "könüllü keçmişəm, kəşfiyyat uşaqları hörmətli olur". Biz hər zaman Rəşadın yanına gedirdik ki, gözü yolda qalmasın". "Elə bil ürəyinə dammışdı ki, bizi bir daha görməyəcək" Sonuncu dəfə Mahirə xanım 2015-cı il oktyabrında 17-də görür Rəşadı. Rəşad şirniyyat sevən olmasa da, xalasının bişirdiyi tortu sevirmiş. Mahirə xanım da Rəşadın ad gününə tort bişirib aparıb: "Sonuncu dəfə dekabrın 12-də danışdıq. Elə bil bir az bikef idi. Dayılarıyla, bibiləriylə danışdı. Neçə dəfə soruşdum ki, "nəsə olub", dedi "yox". Yadıma gəlir, sonuncu dəfə Rəşadın yanından qayıdanda elə baxırdı ki, sanki bizi bir daha görməyəcəkdi. Hərbi hissədə olanda mənə bir qol saatı verdi. Dedi ki, düşmənin iki əsgərini öldürdüyünə görə veriblər. Əlaqəmiz vardı, ara-sıra danışırdıq". © FOTO: ŞƏXSİ ARXİVİNDƏN Şəhid Cəfərzadə Rəşad Xalası Rəşad üçün qız da seçibmiş. Amma gözləyirmiş ki, Rəşad hərbi xidmətini bitirəndən sonra onu evləndirsin. Rəşad 2015-ci il dekabrın 16-da Ağdam uğrunda gedən döyüşlərdə şəhid olur: "Kəşfiyyat bölümünün atəş tağımında olduğu üçün Rəşad öndə gedirmiş. Geri qayıdanda Rəşad qəlpə yarası alır. Əsgər dostu Heydərov Rəşadı çiyninə alıb, döyüş bölgəsindən çıxarır. Həmin vaxt dostu Rəşadın yaralı olduğunu bilmirmiş. Döyüş bölgəsindən çıxarılandan sonra görürlər ki, Rəşad çox qan itirib. Qəlpə Rəşadın bütün kürəyini yaralayıb, sol ayağının şah damarını kəsibmiş. Rəşad çox qan itirdiyi üçün dünyasını dəyişir". Hər səhər yazılan mesaj: "Necəsən ürəyim?" Mahirə xanım danışdıqca göz yaşlarını saxlaya bilmir, hönkür-hönkür ağlayırdı. Deyirdi ki, Rəşad hər səhər yuxudan duranda ona mesaj yazırmış. Dekabrın 17-də Rəşaddan mesaj gəlmir. Mahirə xanımın ürəyinə damır ki, Rəşada nəsə olub: "Rəşad öz oğlum olsaydı, məni belə yandırmazdı. O, bacımın yadigarı idi, qoruya bilmədim. Səhər işdə idim. Zəng elədim, zəng çatmadı. Baxdım "whatshapp"dan silinib, "facebook" səhifəsinə baxdım. Gördüm əsgər dostu bunun adının qarşısına gözyaşı işarəsi qoyub. Fikirləşdim ki, yəqin telefonu əlindən alınıb, uşaqlar bununla zarafatlaşır. Yoldaşım zəng elədi, dedi "hardasan", dedim "işdə". Dedi mən də şəhərdəyəm. 15 dəqiqə sonra yoldaşım ağlaya-ağlaya içəri girdi. O vaxtlar böyük qardaşım ağır xəstə idi. Biz ona ata kimi baxırdıq. Gördüm o da gəldi içəri, yumağa dönmüşdü. Dedim "heç kim mənə Rəşad deməsin".  Mahirə xanım danışır ki, atası rəhmətə gedəndə Rəşad getmək istəmirdi. Deyirmiş ki, gedəndə atamın yoxluğunu bilirəm. Getməyəndə isə elə bilirəm, sağdır, babamgildə yaşayır. Anası öləndə isə Rəşad deyib ki, "mənim üçün dünya bitdi". "Bacımın yoldaşını rayonda, özünü burada dəfn etmişik. Amma yoldaşının şəklini də başdaşına vurdurmuşuq" — deyir Mahirə xanım. Rəşadın xalası Mahirə xanım Xalası Rəşad dünyasını dəyişməmişdən bir neçə gün öncə yuxuda bacısını görür. Uzun ağ paltar geyinmiş bacısı yuxuda ona deyir ki, Rəşad mənim yanımdadır: "Mən Allaha inanan insanam. Gördüm bacım dayanıb qarşımda, əynində ağ paltar var idi. Yaxası bütün qan içində idi. Dedi ki, narahat olma, Rəşad mənim yanımdadır. Yuxudan çox narahat ayıldım. Sonra fikirləşdim ki, yəqin anası Rəşadı qoruduğunun demək istəyir. Rəşad şəhid olanda qoymadım Şəhidlər xiyabanında dəfn edilsin, anasının yanında dəfn etdirdim". Rəşadın valideynləri həyatda olmadığı və bacısı 18 yaşı keçdiyi üçün ailəyə "şəhid ailəsi" statusu verilmir. "Mən Rəşad öləndən sonra da heç bir qapı döyməmişəm. Biz heç bunu istəmirik də. Biz nə müavinət, nə də hansısa imtiyaz istəmirik. Yeganə istəyimiz Rəşadın adının əbədiləşdirilməsidir. Hər hansı bir küçəyə, ya da məktəblərin birinə Rəşadın adı verilsin" — deyə xalası bildirir. "Arzularım çox idi, Rəşad üçün heç nə edə bilmədim. Mən Rəşadı məzara qoyub yaşayıramsa, bu o demək deyil ki, yaşayıram. Mənim hər günüm Rəşadla başlayır, Rəşadla bitir. Biz şəhid ailəsi statusu almadığımız üçün İcra Hakimiyyətinə bu barədə məktubla müraciət edə bilmirəm. Qardaşım o uşaqların qəyyumu olub. Bizim məhkəməyə müraciət etmək fikrimiz yoxdur. Müvafiq qurumlardan, dövlət başçısından xahiş edirik ki, Rəşadın adının əbədiləşdirilməsi üçün tapşırıq versinlər. Heç olmasa, yaşadığı küçəyə adı verilsin və ya şəkli vurulsun. Bəlkə o zaman ürəyimiz sakit olar. Bizə pul, imtiyaz lazım deyil" — Mahirə xanim deyir. Qeyd edək ki, Cəfərzadə Rəşad Əliyar oğlu 2015-ci dekabrın 16-da Ağdam ətrafında gedən döyüşlərdə həlak olub. Şəhid prezident tərəfindən 3-cü dərəcli fərqlənmə medalı ilə təltif olunub.

 

Xəbər lenti