“Bacım ölmüş anamın döşünü əmərək sağ qaldı”

501
“Bacım ölmüş anamın döşünü əmərək sağ qaldı”
Xocalı faciəsinin canlı şahidləri danışır...
Vəsilə Həsənova: “Meyitlərin başı ilə futbol oynayırdılar”

 

Bizimyol.info Karabakhmedia.az-a istinadən Xocalı faciəsinin canlı şahidi olmuş şəxslərin xatirələrini təqdim edir: 
 
Xatirə Orucova: - Yanvarın 20-dən biz dərsə getmirdik. Mənim 8 yaşım vardı. Biz 4 uşaq, atam, anam, bir də xalam yola çıxdıq. Atam Qarqar çayında yaşlı insanlara, uşaqlılara kömək edirdi ki, Xocalıdan çıxarsınlar. Meşə ilə getdik. Dağ var idi. O dağla kəsə çıxmaq istəyirdik. Amma erməni əsgərləri qoymadılar çıxaq. Xüsusi dəhlizlərdə milləti ora yığıb öldürürdülər. Ermənilər bütün ağrı-acısını Xocalılardan çıxardırdılar. Əsgərlərdən xahiş etdilər ki, qocalara, qadınlara yol versinlər, kişilər qalsın. Amma razı olmadılar. 6 yaşlı bacım atamın belinə bağlanmışdı. Yaş yarımlıq bacımı da anam öz belinə sarımışdı. Mən də anamın əlindən tutmuşdum. Qardaşım da o biri əlindən. Dayım anama kömək etmək üçün qardaşım Anarı qucağına aldı. Dayım bir az getmişdir ki, dedi ki, Telmanı vurdular. Yəni atamı. Anam da araxaya baxanda gördü ki, atam yıxıldı. Anam atama tərəf qayıdanda anamı da vurdular. Amma mən başa düşmürdüm ki, atam-anam öldü.
 
Bacım ölmüş anamın döşün əmərək sağ qaldı...
 
Dayım, bacım, qardaşım və mən uçqunda daldalandıq. Həmin vaxt bacım ölmüş anamın döşünü əmərək sağ qaldı. Bütün dünya bilsin ki, ermənilər biz xocalıları və müsəlmanların başına nə oyun açdılar. Atam, anam, bacım, əmim şəhid oldular. Qardaşım eplepsiya xəstəsidir. Ermənilər ölü bilib, ölüsündən də əl çəkməyibdlər. Tüfənglə başına-başına döymüşdülər.
 
 
Xocalı sakini Rüstəmova Firuzə: - Dünyamızın dağılan günü idi o gün. Gözümüzün ağı-qarası bir qardaşımızı itirdik. Xalam oğlanlarını, anamızı itirdik. Bir evdən beş –altı insan Xocalıda qaldı. Yas-yasa qarışmışdı. Heç kim heç kimin yasına gələ bilmədi. Ağlaşmasında iştirak etmədi. Çünki bütün Xocalının yası idi. Xocalıdan bizi qardaşım çıxartdı. Heç kim köməyə gəlmədi. Milli Qəhrəman Rüstəmov Füzuli Salahoğlu mənim qardaşımdır.
 
Xocalı sakini Azad Kərimov II qrup Qarabağ əlili: - Gözümün qabağında atamın, qohumlarımın meyiti gəlir. Atam yanımdaca öldürüldü. O vaxtı 32 yaşım vardı. Məni ermənilər iki ay girov saxladılar. Sonra erməni qadınla dəyişdirdilər. Gün ərzində 4-5 dəfə döyürdülər. Barmaqlarımı sındırmışdılar. Onların birini şaqqalaysaydılar mənim kimi 3-4 nəfər adam çıxardı. Yəni elə güclü adamlara döyülürdüm. İndi də belə yarıcan yaşayıram da hələ ki. Keçmiş hakimiyyət dövründə əzilən də, qırılan da biz idik. Və günahı da bizdə görürdülər. Bugünkü gün dünyanın siması dəyişib. Dünya 50-60% ağı-qaradan ayıra bilir. Bilirlər ki, haqlı bizik. Amma niyə ədalətə rəvac vermirlər? Bax bunu bilmirəm. Biz heç kimin pəncərəsinə daş atmamışıq. Heydər Əliyev hakimiyyətə gələndən sonra dünyamız düzəlməyə başladı. Prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində biz öz torpaqlarımıza qayadıb, bayrağımızı asacağıq. 
 
Qəbir evinə kimi bunu unutmayacağam...
 
Azad Kərimov söhbətinə davam edir:
 
- Atamla meşədəydik. Qarqar çayını keçəndə ayaqlarım yaş oldu. Don atmış ayaqlar... Siz təsəvvür edin də bu nə deməkdir. Meşədə qarın arasında "puşlat" tapdıq, atamla bunun üstünə uzandıq. Bədənimi hiss eləmirdim. Dişimlə ətimi dişlədim. Amma hiss eləmədim ki, öz-özümü dişləyirəm. Atama dedim ki, ayaqlarımı itirmişəm. O da dedi ki, ayağını qoy qoltuğumun altına. Ayağımı atamın qoltuğuna qoyanda bir az isindiyini hiss etdim. O epizod mənim yaddımdan çıxmaz. 
 
- Ağlayır. Bizə də bu vəziyyətdə söhbəti davam etdirmək çox mətin idi. 
 
1992-ci ildən sonra "qarlı qış" olmayıb...
 
Gözüyaşlı müsahibimiz acı xatirələrini dilləndirməyə davam edir:
 
- Bu hadisələrdən sonra içimiz də, çölümüz də soyuqdur. İnsan gərək daxilən isti olsun. Allah erməninin evini yandırsın. Bütün varlığımızı aldı bizdən. 1992-ci ildən sonra mən "qarlı qış" yaşamamışam. İndiki keçən qışlar, yağan qar elə-belə şeydir. Elə qar yağırdı, elə soyuq varıydı ki, təsəvvür edə bilməsiniz... 
 
Bu daşın altında kim var ki?..
 
Birinin villası var. Birinin var-dövləti var. Kimsə o var-dövləti arzulayır. Amma mən atamın qəbrinin olmasını istəyirəm. Gedim ziyarət edim, gül qoyum. Hər il gəlirik bu heykəli ziyarət edirik. Nə olsun, onun altındakı heç kim yoxdur? Qanı qanımızdan, canı canımızdan, ruhu ruhumuzdan olan insanlarımızki burada əbədiyyətə qovuşmayıb. Belə mənim kimi milyonlarla insanlar var.
 
Nəsil-kökün 70 faizi yoxdur...
 
Xocalı camaatı hamısı bir-birinə qohumdur. Şəhid olanlar, əsirlikdə qalanlar bizim əzizlərimizdir. İki əmioğlu, əmim arvadı Xocalıda öldürüldü. Hansını deyim ey bunun?
 
- Yenə ağlamağa davam edir.
 
Bütünlükdə götürəndə nəsil-kökün 70 faizi yoxdur. Mənim oğlum o vaxtı bələkdə gəlmişdi. İndi onun bələkdə övladı var. Tarixi unutdurmuruq. Mən deyirəm ki, evimiz belə olub, bağımız elə olub. Nə olsun, deməklə nə olacaq axı? Gərək unutmasınlar, övladlarımıza bələkdəykən həqiqətləri aşılasınlar. Necə ki, erməni dünyaya gələn uşağının qulağına türk sənin düşmənindir deyir. Biz də Qarabağ bizimdir, ermənilər təcavüzkardır bunu uşaqlarımızın qulağına pıçıldayaq.
 
Xocalı sakini Vəsilə Həsənova: Meyitlərin başı ilə futbol oynayırdılar.
 
Xocalı soyqırımı zamanı 13 yaşım vardı. O günü çox pis xatırlayıram. Yaddaşımda unudulmayan bir gün idi, o gün. Meyitləri pis günə qoydular. İnsanları öldürürdülər. Sonra meyitin üzərinə təcavüz edir, başlarını kəsirdilər. Futbol topu kimi istifadə edirlər. Atam yaralı bacımı və onun yoldaşını Ağdam xəstəxanasına gətirdi. Döndü yenə Xocalıya. Sonra özü də heç qayıtmadı. Heç onun şəkli də yoxdur. Ağdamda məscidlərin içərisinə girdim. Atamın meyitini axtardım, amma tapa bilmədim. Hər gün gözüm yoldadır. Elə bilirəm ki, gələcəklər. Ağlayır. 

Xəbər lenti