Mynews.az bizimyol-a istinadən Bakılı Sitçinlə bağlı yazını təqdim edir:
Məşhur Amerika yazıçısı, sensasiyalı fikirlərilə dünya alimləri arasında bir çox mövzularda fikir ayrılığı yaradan Zəkəriyyə Sitçin 1920-ci il iyul ayının 11-də Bakı şəhərində doğulub. Hələ kiçik yaşlarında Fələstinə köçən yəhudi əsilli alim, əski, müasir ivrit və digər bir sıra dillərə yiyələnib, Yaxın Şərqin arxeologiyası, tarixi, eləcə də Əhdi-Ətiq ("İncil"in həcmcə daha böyük, birinci bölməsi) ilə bağlı bilgilər əldə edib. Ömrünün böyük hissəsini İsraildə jurnalist və redaktor kimi çalışan Sitçinin Nyu-Yorkun nüfuzlu dərgilərində əsərləri dərc olunub, kitabları işıq üzü görüb. Onun əsərləri hətta Brayl əlifbasına çevrilərək, eşitmə və görmə məhdudiyyətli insanların mütaliəsinə təqdim edilib. ABŞ televiziyası və radiosunda Zəkriyyə Sitçinin qeyri-adi nəzəriyyələrinə həsr olunan onlarla veriliş və sənədli film hazırlanıb.
Nəzəriyyə
Sitçin nəzəriyyəsinə görə, qədim Şumer mədəniyyətininin yaradıcıları Nibiru planetindən gələn nəhənglər, tanrının övladları adlanan nefilimlərdir. Yazıçı-alim düşünür ki, astorid qurşağı şumerlərin Tiamat adlandırdıqları planetin bir parçasıdır. Sitçin iddia edir ki, onun araşdırmaları "İncili"in mətni ilə uzlaşır. Bu müqəddəs kitabda yazılanlarsa Şumer tarixini əks etdirir.
2010-cu ildə Nyu-Yorkda dünyasını dəyişən qalmaqallı alimin hesablamalarına görə, 2085-ci ildə Yer kürəsi Nibiruya yaxınlaşacaq. O, həmçinin 2012-ci ildə Maya təqviminin başa çatacağı haqda da məlumat vermişdi.
Sitçin nəzəriyyəsinin əsas ünsürü Babil mənbələrində də bəhs olunan Nibiru planetidir. O iddia edir ki, məhz Nibiru 10-cu planetdir və 3600 ildən bir Günəş sistemindən keçir.
Şumer kosmologiyasına görə, Nibiru Günəş sisteminin obyekti olub. Onun Tiamat adlı digər planetlə (Mars və Yupiterin arasında yerləşib) dağıdıcı toqquşması nəticəsində Yer planeti, Ay, kometlər və asteroidlər qurşağı yaranıb. Sitçinə inansaq, Şumer mifologiyasında təsvir olunan nəhəng insanabənzər annuanklar da məhz Nibirunun sakinləri olublar. Onlar bu toqquşmadan sağ çıxıb, Yer kürəsində məskunlaşıblar. Yerdə isə özlərinin və "homo erectus" genlərinin vəhdətindən bizim insan növümüzü yaradıblar. Sitçin buna "gen mühəndisliyi" adı verir. Alimin nəzəriyyəsinə görə yeni insan növünün yaradılmasında əsas məqsəd qızıl mədənlərində çalışacaq ucuz işçi qüvvəsini təmin etmək idi. Alim fərz edir ki, bu darmadağın olan planetin kiçik bir parçası hələ də Günəş sisteminin ətrafında dövr edir.
Tiamat planeti haqda nəzəriyyə
Тiamat "Enuma Eliş"də (yaradılış haqda babil-akkard eposu) tanrı adıdır. Sitçinə görə isə bu Nibiru ilə toqquşma nəticəsində iki parçaya bölünən planetdir. Onun birinci parçası bu asteroidlər kəmərinə çevrilib. İkinci parçası isə yaşadığımız Yer planetidir.
Nibiru
Babillərdə Marduk tanrı ilə assosiasiya edilən göy cismidir. Akkardca mənası "görüş yeri" kimi tərcümə olunur. Hazırda Nibirunun adı elmdə X Planeti kimi tanınır. Sitçinə görə Nibiru Şumer mətnlərində qapalı planet kimi təsvir olunub. Bu gizli planet Plutonun arxasında gizlənir.
Anu
Sitçinin fərziyyəsinə görə, Anu Nefilimlərin bir növüdür və Nibirunun sakinidir. Anu öz tacını nəvəsi Marduka verənədək 12 Tanrıdan biri olub. Anunun arvadı Tanrıların anası olub və ona sitayiş olunan məkan İrlandiya ərazisində yerləşir.
Tənqid
Sitçinin nəzəriyyəsi, fikirləri daim arxeoloqlar, alimlər, tarixçilər tərəfindən tənqid olunub. Qədim mətnlərin tərcüməsində təhrifə yol verdiyi üçün yalanı ifşa edilib. Lakin buna baxmayaraq çağdaş mədəniyyət nümayəndələri onun işlərinə maraqla yanaşırlar. Hazırda hər kəs "Sumerian lexicon" yəni Şumer leksikonu vasitəsilə Sitçinin tərcüməsində yol verdiyi təhrifləri üzə çıxarda bilər.