Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BŞİH-dən "qanunsuz" adı ilə sökülən evlərin yerində tikinti işlərinin aparılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

"Qafqaz" Xəbər Agentliyinin "Qafqaz" Xəbər.Az saytında Şam meşəliyində vətəndaşların "qanunsuz" adı ilə sökülən evlərinin yerində tikinti işlərinin aparılması ilə bağlı 23.12.2017-ci il tarixində dərc olunmuş məqalə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) açıqlama verib.

Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən açıqlamada bildirilir: "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Suraxanı rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə Suraxanı rayonunun inzibati ərazisi sərhədində yerləşən yaşıllıq sahəsində naməlum şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi və həmin ərazidə özbaşına tikinti işlərinin aparılması ilə bağlı məlumat daxil olub. Qeyd olunan faktların araşdırılması zamanı müəyyən edilib ki, sözügedən ərazi Suraxanı rayonunun inzibati ərazisinə daxil olmasına baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2013-cü il tarixli, 2in(82)-1196/2013 saylı qərarı ilə qanunsuz olaraq vətəndaş Məmmədova Kəklik Hüseyn qızına 0,24 ha torpaq sahəsinə icarə müqaviləsinin bağlanılması vəzifəsi Nizami rayon Bələdiyyəsinə həvalə edilmiş və sonradan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 inz(103)-814/2013 saylı, 20.06.2013-cü il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-404/14 saylı, 12.03.2014-cü il tarixli qərarı ilə ləğv olunub. Lakin ləğv olunmuş məhkəmə qərarlarına heç bir əhəmiyyət verilmədən, əvvəllər məhkum olunmuş Kəramət adlı şəxs və havadarlıq etdiyi bir qrup şəxslər tərəfindən həmin ərazidə qanunsuz tikinti işləri aparılıb. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə 14.11.2017-ci il tarixdə həmin ərazidə özbaşına inşa edilmiş tikintilərin söküntüsünü apararkən, həmin qanunsuz tikinti işlərini həyata keçirən əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Kəramət adlı şəxs və onun havadarlıq etdiyi ona yaxın olan adamlar tərəfindən hücuma məruz qalmış, həmin şəxslər əməkdaşlarımıza soyuq silah olan bıçaqla hücum edərək xəsarət yetirməyə cəhd ediblər. Həmin vaxtı qanunsuz tikinti işlərini həyata keçirən şəxslərdən biri öz qanunsuz əməllərinə bəraət qazandırmaq üçün özünə xəsarət yetirməyə səy göstərmiş və bunun da qarşısı tez bir zamanda alınmışdır. Həmin şəxsin qeyd olunan qanunsuz əməli Bakı Şəhər icra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə müvafiq qaydada aktlaşdırılıb. Bütün bunlara baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan ərazidə qanunsuz inşa edilmiş 2 ədəd fərdi yaşayış evi və 5 ədəd yarımçıq inşa edilmiş tikililər sökülmüş və ərazi tamamilə təmizlənib. Həmin söküntü işləri zamanı Bakı Şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən onları təhqir edib bədən xəsarəti yetirməyə cəhd göstərən və həmin qanunsuz tikinti işlərini həyata keçirən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Kəramət və onun havadarlıq etdiyi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Suraxanı rayon Prokurorluğuna müraciət edilib və hazırda iş üzrə araşdırma aparılır. Məlumat üçün bildiririk ki, kütləvi informasiya vasitələrində, eləcə də müxtəlif xəbər saytlarında dərc olunan məqalələrlə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən bir daha əraziyə baxış keçirilərək həmin ərazidə mövcud olan ağac və kolların siyahıya alınması təmin edilib, həmçinin ərazinin qorunması və qulluq göstərilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Yaşıllaşdırma Birliyinə müvafiq tapşırıqlar veriliib. Hazırda həmin ərazidə heç bir ağackəsmə və tikinti işlərinin aparılması faktı aşkar edilməmiş, yaşıllıq zolağında boş qalan ərazilərdə isə müxtəlif növ ağacların əkilməsi işlərinə başlanılıb. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, kütləvi informasiya vasitələrində, eləcə də müxtəlif xəbər saytlarında dərc olunan, heç bir mənbəyə əsaslanmayan yalan və iftiralarla dolu məlumatlar əvvəllər dəfələrlə məhkum olunmuş Kəramət və onun yaxın havadarlıq etdiyi şəxslər tərəfindən yayılır, xəbər saytları isə bu məlumatların mənbəyini araşdırmadan onları dərc etməklə Bakı Şəhər İcra Hakimiyyətinin və tabeliyində olan təşkilatların işgüzar nüfuzuna xələl gətirir. Bakı Şəhər İcra Hakimiyyəti bir daha kütləvi informasiya vasitələrinin, eləcə də müxtəlif xəbər saytlarının nəzərinə çatdırır ki, Bakı şəhərində yaşıllıqların məhv edilməsinə, ağacların kəsilməsinə və qanunsuz tikinti işlərinin aparılmasına cəhd göstərən şəxslər barəsində qanun çərçivəsində ciddi tədbirlər görüləcək".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...