Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Sonxeber.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə bir 4 zərərçəkmiş dindirilib.
Həmin şəxslər ifadələrində qeyd ediblər ki, təqsirləndirilən M.Ağayev onları polisə və ASAN xidmətə işə düzəldəcəyi vədini verib, ümumilikdə 10 min manatdan çox pul alıb. Daha sonra M.Ağayev verdiyi vədə əməl etməyib.
Zərərçəkmiş Məmmədmirzə Tağıyev dindirilərkən söyləyib ki, təqsirləndirilən şəxs onu tikintiyə işə düzəltmək adı ilə ondan hissə-hissə 10 min manat pul alaraq qaytarmayıb. O həmçinin deyib ki, M.Ağayev qardaşı Mirşahin Ağayevin də adından istifadə edib: "Mirəddin Ağayev qardaşı Mirşahin Ağayevin yaxşı əlaqələrinin olduğunu bildirdi. Bu işdə mənə köməklik edəcəyini qeyd etdi. Pulları da qardaşının adından istifadə edərək aldı".
Təqsirləndirilən M.Ağayev bəzi epizod üzrə ittihamları rədd edib.
Məhkəmənin növbəti iclası yanvarın 8-nə təyin olunub.
Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. Təqdim olunan sübutlar əsasında cinayət işi açılıb və bir neçə gün sonra M. Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
İttihama görə, M.Ağayev bir neçə vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.
Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.