“Zakir hərbi xidmətə yolananda gəlib burda hər kəslə vidalaşdı. Sanki taleyindən xəbərdar imiş kimi…”
Söhbət cəbhədə son iki gündə davam edən döyüşlərdə şəhid olan Zakir Nazim oğlu Cəfərovdan gedir.
Zakir Cəfərovun təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecinin direktor müavini Nicat Göyüşlü cebhe.info-ya açıqlamasında şəhidlə bağlı xatirələrindən danışıb.
Onun sözlərinə görə, Zakir çox vətənpərvər tələbə olub:
“Hər zaman döyüşdən, torpaqların işğaldan azad edilməsi kimi müqəddəs vəzifədən danışılanda gözlərində sanki bir qığılcım parlayırdı. Zakir 1996-cı il mayın 3-də Bakıda anadan olub. 2011-ci ildə Bakı şəhəri R.Orucova adına 109 N-li məktəbdə orta təhsilini başa vurub və həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisasına qəbul olunub. 2014-2015-ci tədris ilində Kollecimizi müvəffəqiyyətlə başa vurub. Hərbi xidmətə yollananda da gəlib burda hər kəslə vidalaşdı. Sanki taleyindən xəbərdar imiş kimi. İnşaat Kolleci həm üzgündür, həm də bir nümunə ola biləcək, vətəni canından çox sevən igid yetişdirdiyinə görə qürurludur. Zakir özü də şəhidlik zirvəsinə ucaldığına görə bizim üzülməyimizi deyil, onunla fəxr edib qürrələnməyimizi istəyərdi. Lakin bu, çox ağır itkidir. İndi hər birimiz pərişanıq. İnşallah həm Zakirin həm də ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəmanlarımızın, şəhidlərimizin qanı yerdə qalmaz, torpaqlarımız tezliklə işğladan azad olunar. Allah rəhmət eləsin!”
Qeyd edək ki, Zakir Cəfərov fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Şəhid olmuş digər hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
515 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
461 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
456 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
442 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
425 dəfə oxunub