Son zamanlar sosial şəbəkələrdə xaricdə təhsil alan azərbaycanlı tələbələr arasında diplomlarının ölkəmizdə tanınmaması ilə bağlı müzakirələr gedir. Dağıstan, Ukrayna və Rusiya universitetlərində təhsil alan həmyerlilərimiz diplomlarının Azərbaycanda tanınmamasından narahat olsalar da, ekspertlər hesab edir ki, bu, düzgün qərardır.
Bu fikrin tərəfdarları əsas gətirirlər ki, həmin ölkələrdəki universitetlərdə Azərbaycanda imtahanlarda iştirak edib, ancaq heç 12 bal belə toplamayan tələbələr təhsil alır. Çox zaman da təhsil aldıqları ölkəyə getmədə, ancaq təhsil haqqını ödəyib, hazır diplom əldə edirlər.
Mynews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, təhsil eksperti Kamran Əsədovun dediyinə görə, Ukraynanın bir çox universitetinin azərbaycanlılara verdiyi diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmaması çox normaldır: "Çünki Ukraynada və bir neçə başqa ölkələrdə elə universitetlər var ki, ora sadəcə attestatın surətini təqdim etməklə qəbul olunurlar. Təhsil haqqını ödəyirlər və bir çox halda 4 il bakalavr, 2 il magistratura pilləsində cəmi bir neçə dəfə universitetdə olurlar, amma nəticədə diplom da alırlar".
"Bu diplomların tanınması sadəcə təhsil haqqı ödəmiş, cəmi bir neçə dəfə universitetdə görünmüş şəxslərin həmin sahələr üzrə mütəxəssis olmalarını təsdiq etmək deməkdir. Bu isə yüksək bal toplamış, illərlə universitet auditoriyalarında, kitabxanalarında istirahətindən, yuxusundan kəsərək dərs oxumuş, müxtəlif bilik və bacarıqlar əldə etmiş şəxslərə qarşı haqsızlıq olardı. Bu baxımdan, bəzi universitetlərin diplomlarının tanınmaması normaldır və bunu gənclərin xaricdə təhsili üçün maneə adlandırmaq doğru olmaz" - ekspert deyib.
Ölkədə xaricdə təhsil alanların təqaüdlərinin azaldılması məsələsi də var. Əsədovun sözlərinə görə, xaricdə təhsil alanların təqaüdlərinin azaldılması Azərbaycanın iqtisadi vəziyyəti və xərclərin azaldılması istiqamətində cəhdlərdən biri ola bilər: "Neftin qiymətinin aşağı olduğu dövrdə iqtisadiyyatı neftdən asılı olan ölkə digər bir çox səmərəsiz investisiya layihələrini, büdcə xərclərini azaldıb, ən çox xaricdə təhsilə ayrılan vəsaiti artırmalıdır. Azərbaycanı indiki və gələcəkdəki iqtisadi problemlərdən çıxaracaq insan kapitalına ayrılan daha çox vəsait ölkədə qalar".
Əsədov qeyd edib ki, azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər: "İlk olaraq diqqət etməlidirlər ki, gedəcəkləri universitetin xaricdən tələbə qəbul etmək icazəsi varmı? Digər tərəfdən, təhsil alacaqları xarici ali məktəblərin diplomlarının tanınması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı Sərhəd Qoşunlarına sorğu göndərilməlidir".
"Azərbaycanda məzun olan tələbələrin 7 mini Dağıstan universitetlərinə gedib. Dağıstan universitetlərinin diplomları isə ölkəmizdə birmənalı olaraq tanınmır. 4 il müddətində həmin təhsil ocağına bir dəfə belə getmədən aldığı diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir. Bu baxımdan, tövsiyə edirik ki, əhali xaricdə təhsil almaqla bağlı ciddi məlumatlanmalıdır" - müsahibimiz vurğulayıb.
Ekspert əlavə edib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş, lakin Azərbaycanda tətbiq edilməyən distant təhsil almaq, ümumiyyətlə tanınmır: "Bu, həm də "Təhsil haqqında" Qanunda nəzərdə tutulmuş və hazırda Azərbaycanda tətbiq edilən əyani və qiyabi şəkildə təhsil almalara aiddir. Məsələnin kökü ondadır ki, distant təhsil almaq ilə bağlı ölkəmizdə hansısa qanunvericilik bazası hazırlanmayıb. Buna görə də, eyni hüquqa malik, lakin müxtəlif formalarda təhsil alan tələbələr arasında diplomlarının tanınması ilə bağlı ciddi problemlər var".