Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə A.Rüstəmova özünü təqsirli bildiyini söyləyib. O, sərbəst ifadəsində iki qızının olduğunu deyib: "Hadisə zamanı həyat yoldaşım xəstə idi, evdə yatırdı. Evdə söz-söhbət oldu deyə, həmin hadisə baş verdi. Həmin zaman qızım Cəmalə qapının qarşısında dayanmışdı. Ona dedim ki, "gəl keç bu tərəfə". Sonra da məlum hadisə oldu".
Daha sonra hakim A.Rüstəmovanın istintaqa verdiyi ifadəsini elan edib. O, istintaqda dindirilən zaman söyləyib ki, həyat yoldaşından ayrı yaşayır: "Evlərdə xadiməlik edirəm, əziyyətlə uşaqlarımı böyütmüşəm. Böyük qızım mənə qulaq asmırdı. Axşam tərəfi qızım çimərliyə getdi, oradan da gec qayıtdı. Gələn kimi də evin ikinci mərtəbəsinə qalxdı. Onu çağırdım ki, "niyə icazəsiz çimərliyə getmisən və həm də gec gəlmisən?" Qızım mənə qulaq asmadı və sonra onu bıçaqla vurdum".
Təqsirləndirilən qadın bildirib ki, az da olsa, ittihamda qeyd edildiyi kimi danışıb.
A.Rüstəmova vurğulayıb ki, cinayət işində zərərçəkmiş qismində adı keçən qızı Cəmalə Həmidova hazırda ölkə xaricindədir: "Qızım işi ilə əlaqədar Türkiyədədir. Ayın 20-dək Bakıya qayıdacaq. Nəsə deyəsən bilet problemi yaranıb, ona görə də gələ bilmir. Özü də gəlib məhkəmədə ifadə verəcək və hadisənin necə baş verdiyini danışacaq".
Təqsirləndirilən qadın bıçaqladığı qızının xanəndə olduğunu bildirib.
Hakim qeyd edib ki, zərərçəkmiş Cəmalə Həmidova növbəti məhkəmə iclasına gəlməsə, onun barəsində məcburi gətirilmə qərarı çıxarılacaq.
Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.
İttiham aktına əsasən, A.Rüstəmova ötən ilin yayında qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Rüstəmova barəsində həbs qətimlan tədbiri seçilməyib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.