USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Dövlət Gömrük Komitəsi ləğv olunaraq, bu nazirliyə birləşdirilir SENSASSİON SƏBƏB

“Yaxın günlərdə Azərbaycanın Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) vahid bir qurumda birləşə bilər”.

15:52 11.01.2018
Dövlət Gömrük Komitəsi ləğv olunaraq, bu nazirliyə birləşdirilir SENSASSİON SƏBƏB
15:52 11.01.2018

Mynews.az ölkə.az-a istinadən məlumatına görə, bu barədə “Turan”-a mötəbər mənbələrdən məlumat verilib.

Məlumatlara görə, tezliklə Dövlət Gömrük Xidmətinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkan verəcək. Bu manevrdə məqsəd təkrarlanmanı aradan qaldırmaq və idarəetmənin səmərəliliyini gücləndirən sinergetik effekt əldə etməkdir.

Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov və iqtisadçı Natiq Cəfərli yeni yanaşmanın bugünkü reallıqlara və ölkənin maliyyə sahəsinin inkişaf perspektivlərinə təsiri barədə fikirlərini "Turan" ilə bölüşüblər.

Əkrəm Həsənov:

Vergi və gömrüyü birləşdirərək tək bir fiskal orqanının yaradılması qərarı özünü doğruldur. Dünyada belə yanaşma çərçivəsində uğurlu nümunələr çoxdur. Amma əks nəticələr də olub. Dünya praktikasında qurumların iri və əməliyyat baxımından yöndəmsiz, nöqsanlı səlahiyyət bölgüsü olan strukturlara inteqrasiyası təcrübəsi olub, bu zaman müxtəlif departamentlər onlara uyğun olmayan funksiyalar əldə edib. Ona görə də qərarların qəbulu çox vaxt əsassız olaraq uzun vaxt aparır, bəzən isə yenidən baxılmağı tələb edirdi. Birləşmənin müsbət nəticələri də olub: birgə vergi-gömrük yoxlamaları, qanunvericilik normalarının eyni cür anlaşılması, iki xidmət arasında tam informasiya mübadiləsinin yaradılması. Azərbaycanda kadrlar çox şeyi həll edir. Çünki hökumət strukturları vəzifəyə görə yaradılır, əksinə yox. Hesab edirəm ki, yeni fiskal orqana yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov rəhbərlik edəcək. Onu ikinci rolda saxlamaq üçün təyin etməyiblər. Xaqani Abdullayevin nazirin yeni müşaviri təyin edilməsi təsadüfi deyil. O, ötən payız Mərkəzi Bankın sədr müavini vəzifəsindən gedib.

X.Abdullayev vəzifədən özü getdi. Bu, Azərbaycanda gözlənilməz hadisədir. Yeri gəlmişkən,o, iqtisadiyyatı başa düşən nadir makroiqtisadçılardan biri, iqtisadiyyatı Vergilər Nazirliyi üçün tələb olunandan daha geniş anlayan iqtisadçı analitikdir. X.Abdullayevin Mərkəzi Bankdan getməsi ilə hələ o zaman fiskal sahədə mümkün dəyişikliklər barədə spekulyasiyalar var idi, çünki M.Cabbarovun səlahiyyətləri təkcə bu qurumla məhdudlaşa bilməzdi. Bundan əlavə, gömrük və Vergilər Nazirliyinin birləşdirilməsinin zərurəti barədə bir neçə ildir danışılırdı. Aydın Əliyevə gəlincə, o, daha çox texniki bir fiqurdur, yəni gömrüyü əslində o, idarə etmir.

Bu iki qurumun inteqrasiyası obyektiv addımdır, çünki onların funksional mahiyyəti dövlətin gəlirləri, inzibatçılıq metodologiyası ayrı-ayrı fəaliyyət sahələrində üst-üstə düşür və onların ayrılması doğru deyil. Məsələn, beynəlxalq əqdlərdə ƏDV-ni gömrük orqanları tutur, halbuki bu, vergidir, gömrük rüsumu deyil. İki təşkilat arasında sıx əməkdaşlıq var. Bütövlükdə, birləşmə biznes maraqları baxımından da vacibdir, çünki bu, bir pəncərə məsələsidir. Biznes iki maliyyə qurumunun təzyiqi altında inləyir. Məsələn, əvvəllər bəyan edilməmiş məhsulların tədarükü ilə bağlı problemlər vardı. Əslində gömrük qanunsuz idxala icazə verir, vergi qurumu isə etiraz edirdi. Bu, həmin strukturların ayrılmasının məqsədəuyğun olmadığına bir misaldır. Nəhayət, dövlət üçün iki qurumun saxlanılması çətindir, çünki bu, büdcə üçün əlavə bir yükdür.

Bütün sənaye cəhətdən inkişaf etmiş ölkələrdə maliyyə siyasəti profil qurum tərəfindən həyata keçirilir. Əlbəttə ki, burada fərqli bir yanaşma ola bilər. Dünya praktikasında vergi və gömrük xidmətləri funksiyaları Maliyyə Nazirliyində inteqrasiya olunur və ya bu strukturlar bir çox ölkələrdə ayrı-ayrı fəaliyyət göstərir. Amma vergi və gömrük siyasətini Maliyyə Nazirliyi həyata keçirir. İndiki halda xidmətlərin funksiyaları dövlət yığımları ilə məhdudlaşıb. Ölkəmizdə vahid dövlət maliyyə siyasəti orqanına ehtiyac var. Fiskal orqanlar bu profil quruma tabe ola və ya olmaya bilər. Amma maliyyə siyasəti ilə profil dövlət strukturu məşğul olmalıdır.

Bizdə bu məsələdə tam pərakəndəlik var. Sonda heç kəs həç nəyə görə məsuliyyət daşımır. Maliyyə Nazirliyi vergi, gömrük və bank sahələri üçün məsuliyyət daşımadığını bəyan edir. Fiskal orqanları birləşdirməklə iş bitmir, vergi və gömrük xidmətlərini Maliyyə Nazirliyinin tərkibinə daxil etmək lazımdır. Amma bu, gələcəyin işidir. Bu gün Maliyyə Nazirliyinin şəxsində maliyyə siyasətinə cavabdeh olan vahid fiskal struktura ehtiyac var. Kadr məsələlərinə gəlincə, vergi və gömrük sahəsində siyasət M.Cabbarova həvalə ediləcək. Ancaq bu, yanlışdır, çünki vergi və gömrük xidmətləri onların birbaşa vəzifələri - dövlət yığımları ilə məşğul olmalıdır. Xatırlatmaq lazımdır ki, hazırkı maliyyə naziri Samir Şərifov müstəqil və güclü bir fiqurdur. Ona görə fiskal və maliyyə qurumlarının birləşməsindən danışmaq hələ çox tezdir. Bu, gələcəkdə mümkündür.

İki qurumun birləşməsi ideyası yeni deyil, amma hesab edilirdi ki, keçmiş vergilər naziri üçün bu, çox olar. Yeni, yetərincə güclü bir fiqurun meydana çıxması yeni idarəetmə strukturunun yaradılması üçün zəmin yaradır.

Natiq Cəfərli:
Gömrük və vergi xidmətlərinin bir fiskal orqanda birləşməsi 2013-cü ildən Respublikaçı Alternativ Hərəkatının (REAL) proqramında öz əksini tapıb. Bu iki qurumun birləşməsi labüddür. Dövlət Gömrük Komitəsinin timsalında ayrıca dövlət strukturunun olması məqsədəuyğun deyil. Vergi və gömrük xətləri üzrə büdcə gəlirləri bir rəhbərlik altında bir istiqamətə getməlidir. Ümumiyyətlə, belə bir arzu olsa deyilən yanaşma biznesin xeyrinə daha çevik vergi və gömrük siyasəti yürütməyə imkan verir.

İndi biznesin lehinə qərar qəbul edərkən nazirlik və qurumların maraqları toqquşur. Bu məsələ ölkə müstəqillik əldə qazanandan işgüzar dairələri narahat edir. Çünki gömrük və vergi xidməti sahibkarlığın inkişafına mane olur. Onların birləşdirilməsi idarəetmənin səmərəliliyinə kömək edəcək, çünki bəzi qeyri-hökumət, amma hökumət qurumları problemləri səmərəsiz həll edir. Vahid qurumun yaradılması bizneslə hökumət arasında dialoqa kömək edəcək.

Fiskal orqanların birləşməsinin digər müsbət tərəfi qənaətdir. Çünki ayrıca Gömrük Komitəsi dövlət büdcəsinə baha başa gəlir. İki qurumun birləşməsi gömrük orqanlarında ixtisarla nəticələnəcək və kadrların effektivliyi artacaq. Bu orqanları Maliyyə Nazirliyinin strukturunda birləşdirmək yaxşı olardı. Amma icra hakimiyyəti üzərində zəif nəzarətlə xarakterizə olunan mövcud hakimiyyət sistemində belə bir nazirliyin yaradılması biznes üçün problemlər yaradar. Səlahiyyətlilərin genişliyi nəticəsində onun sahibkarlığı əzəcək bir dövlət nəhənginə çevrilməsi riski var. Əgər perspektivdə hakimiyyət orqanları üzərində şəffaflıq və ictimai nəzarətə nail olunsa üç qurumun birləşməsi təbii bir addım olacaq.

Fazil Məmmədovun gedişi gözlənilən idi. Son vaxtlar işgüzar çevrələr tərəfindən Vergilər Nazirliyinin ünvanına çoxlu sual və iradlar müşahidə olunurdu. Son həlledici məqam isə Turan agentliyinin məhkəmə təqibi oldu. Bu vəzifəyə Mikayıl Cabbarovun təyin edilməsi də həmçinin məntiqli və gözlənilən idi, çünki keçmiş təhsil naziri iqtisadi bloka daha çox uyğun gəlir. Hələlik onun təyin edilməsi ilə hansısa köklü dəyişiklik olmayıb, çünki az vaxt keçib. Yaxşı olardı, nazirliyin yeni rəhbəri açıq şəkildə öz planları barədə danışsın. Təəssüf ki, bizim ölkədə ictimaiyyətlə hakimiyyət nümayəndələri arasında dialoq yoxdur. Dünya praktikasından fərqli olaraq bizdə belə mədəniyyət mövcud deyil.

Ümumilikdə isə vahid fiskal orqanın yaradılması ilə yanaşı, qanunvericilikdə islahatlar aparılmalıdır, çünki mövcud qanunvericilik absurddur.

Yeni anlaşılan, yığcam və həcmli Vergi Məcəlləsi lazımdır. Vergi siyasətinə yanlış münasibətdən əl çəkmək lazımdır.

Tərəflərin - biznes və dövlətin hüquq və öhdəliklərində aydınlıq tələb olunur.

Bir sözlə, aydın Vergi Məcəlləsi olmadan vergi islahatları mümkün deyil. Digər tərəfdən, gəlirlərin bəyan edilməsi ilə bağlı qərar işə düşməlidir.

Məmurlar və bütün işləyən əhali hər il vergi bəyannaməsi təqdim etməlidir. Bu, idarəetmənin şəffaflığını yüksəldəcək və büdcə daxilolmalarını artıracaq. Nəhayət, fiskal orqanlar cəza orqanı olmamalıdır. Biznes onlardan qorxmamalı, onlarla əməkdaşlıq etməlidir. Bütün bunlar vacib aspektlərdir və onlarsız real dəyişikliklər mümkün deyil.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə isə bu addımın atılmasına əsas səbəb bu yaxınlarda ölkəyə külli miqdarda aksizsiz məhsulların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd olunmasıdır. 


Cəmiyyət

Xəbər lenti

300x200r