USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycan gəncləri prezidentin bu qərarını alqışlayır

16:31 11.01.2018
Azərbaycan gəncləri prezidentin bu qərarını alqışlayır
16:31 11.01.2018

"Azərbaycan Prezidentinin indiyə kimi atdığı hər bir addım ölkəmizin milli mənafeyinə, dövlətimizin maraqlarını qorumaqla perspektivli inkişafa xidmət edib. Dövlət başçısı tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi bütövlükdə Azərbaycan cəmiyyəti, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək rəğbətlə qarşılanıb. Hətta Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə bu hadisə ilə bağlı cənab Prezidentə təşəkkür də edib. Xaricdəki azərbaycanlı ziyalılar dünəndən Prezidentin bu addımına görə ona minnətdarlıq edirlər. Yəni 2018-ci ilin ölkəmizdə "Cümhuriyyət ili" elan edilməsi tək Azərbaycanın daxilində deyil, bütün dünyada qəbul edilir. Buna görə də hər bir azərbaycanlı prezidentimizlə qürur duymalı və onun ətrafında sıx birləşməlidir". 

Mynews.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsinə münasibətində bildirib.

Dövlət başçısının bu qərarını alqışlayan millət vəkilinin fikrincə, Azərbaycanın hər bir vətəndaşı bu qərardan irəli gələn öhdəliklərlə bağlı prezidentə dəstək olmalıdır: "Cənab prezident özü də çıxışında qeyd etdi ki, indiki müstəqil Azərbaycan dövləti Azərbaycan xalqına məxsusdur. Bu varisliyi dövlətimiz öz üzərinə götürür. Ölkə başçısı son addımı ilə əvvəllər söylədiyi "Mən hər bir azərbaycanlının prezidenti olacağam" fikrini bir daha təsdiqlədi. Hər kəs bunun şahididir ki, İlham Əliyev bütün azərbaycanlıların, eyni zamanda ölkə hüdudlarından kənarda yaşayan həmyerlilərimizin prezidentidir. Bunu hər bir vətəndaşımız görür və yüksək qiymətləndirir".

Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu xatırladan komitə sədri dövlət başçısının bu qərarından hər bir azərbaycanlının yararlanacağını vurğulayıb:

"Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə qatılması tariximizdə qürurverici hadisə kimi yaddaşlara həkk olunub. Yüzillik tarixin varisi indiki müstəqil Azərbaycandırsa, biz bununla öz dövlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq. Bu bizim üçün böyük üstünlükdür və dövlət başçısının bu addımı bizim hər birimizə daha düzgün yol göstərdi. Təsadüfü deyil ki, Ümummilli lider Heydər Əliyev M.Ə.Rəsulzadənin ailəsinə, Azər Rəsulzadəyə, Rais Rəsulzadəyə daim diqqət və qayğı göstərib. Bu qayğı və diqqət bu gün də Ümummilli liderin siyasi davamçısı olan cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Fransanın paytaxtı Parisin Sen Klu (Saint-Cloud) məzarlığında yerləşən məzarı üstündə qəbirüstü abidə ucaldılıb və tarixi əhəmiyyətə malik sinə daşı ölkəmizə gətirilərək Nizami muzeyinin ekspozisiyasına daxil edilib.

Prezident İlham Əliyevin göstərişi ilə əməkdar rəssam Rais Rəsulzadənin 70 illik yubileyi keçirilib, fərdi sərgisi açılıb və kitabı nəşr edilib. 

Dövlət başçısının təşəbbüsü ilə istiqlaliyyət qurucularının ailələri ilə daim əlaqə saxlanılıb, ikinci dünya müharibəsi qəhrəmanı olmuş Mehti Hüseynzadənin isə Sloveniyada Xatirə muzeyi açılıb.

2018-ci ilin "Cümhuriyyət ili" elan edilməsi dövlətiçiliyimizin daha da inkişaf etdirilməsində, dünya səviyyəsində Azərbaycanın tanınmasında atılan mühüm addımların davamıdır. Azərbaycan gəncləri adından cənab prezidentin bu qərarını alqışladığımızı bildirir və hər zaman dövlətçilik və müstəqilliyimizin qorunub saxlanmasına töhfə verəcəyimizə söz veririk! Bizim borcumuz da tarixin bizə bəxş etdiyi lideri qorumaq və ona ölkəmizin inkişafı naminə gördüyü hər bir işdə dəstək olmaqdır".


Cəmiyyət

Xəbər lenti

300x200r