USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Astarada yetişən nəhəng limon çəkisi də, qiyməti də fərqlidir

21:14 13.01.2018
Astarada yetişən nəhəng limon çəkisi də, qiyməti də fərqlidir
21:14 13.01.2018

Cənub zonası, xüsusən də Lənkəran-Astara bölgəsi öz zəngin süfrəsi ilə yanaşı, sitrus meyvələri ilə də tanınır. Özü də təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də məşhurdur. Astarada sitrusçuluq digər rayonlara nisbətən daha çox inkişaf edib. Astaranın Şiyəkəran kənd sakini Zəbiəli Əliyev uzun illərdir sitrus meyvələrinin əkini ilə məşğuldur. Zəbiəli kişi hələ sovetlər dövründə, sürücü işlədiyi vaxtlar öz həyətyanı sahəsində sitrus meyvələri əkib-becərməklə məşğul olub.

Mynews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Zəbiəli Əliyevin həyətində ölçüsü və dadı ilə digərlərindən fərqlənən limon sortu da var. O, həmin limon sortunu başqa ölkədən gətirdiyini bildirir: "1994-cü ildə Özbəkistana naringi, portağal və limon satışı üçün getmişdim. Orada əsgərlik dostumu gördüm və onun qonağı oldum. Özbək dostum mənə onun həmyerlisi və dostu olan bir şəxsin sitrus meyvələri ilə məşğul olduğunu dedi. Dostumdan xahiş etdim ki, məni onunla tanış etsin. O da sağ olsun, xahişimi yerə salmadı və məni dostunun evinə apardı. Dostumla həmyerlisinin həyətinə girəndə orada eni 5-6 metr, uzunluğu isə 10 metr olan istixana gördüm. İstixananın içərisində müxtəlif növ ağaclar və limonlar var idi. Limon ağaclarında olan meyvəni gördükdə heyrətləndim. Bizim limonlardan ölçüsünə görə dəfələrlə böyük idi".

"Mən əvvəlcə inanmadım ki, bu meyvə limondur. Lakin bağın sahibi dedi ki, bu limondur və birini də kəsib dadına baxdım. Meyvənin dadına baxandan sonra limon olduğuna dəqiq əmin oldum. Həmin özbək təsərrüfatçıdan limon ağacının tingindən 1-2-ni istədim. O isə səxavətli davranaraq mənə 10 ədəd ting hədiyyə etdi. Kəndə qayıdan kimi o tingləri əkdim və təxminən bir ildən bir az artıq müddətdən sonra ağaclar artıq bar verməyə başladı. Amma 1996-cı ilin əvvəlində güclü şaxtalar oldu və bu 10 tingdən 9-u yandı. Gördüyünüz kimi indi də həmin bir ağac qalıb. Yaxşı da bar verir. Bu bir ağacdan 693 ting əldə etmişəm. Bu tinglərin bir hissəsini həyətin müxtəlif yerlərində əkmişəm, bir hissəsini isə satmışam" - deyə Z.Əliyev əlavə edir.

Zəbiəli kişi özbək limonunun yerli limonlardan fərqli olaraq ilboyu bar verdiyini deyir: "Yerli Astara və ya Lənkəran limonu ildə 1 dəfə bar verir ki, bu da payız aylarının axırı, qışda olur. Bu ağacda isə limonu dərdinsə, bir müddət sonra yenidən çiçəkləyir və meyvə yetişir. Həm də yerli limon ağacını əkdikdən 3 il sonra meyvə verməyə başlayır, bu ağac isə 1-1,5 il sonra bar verir. Yerli limonlarımızın ən ağırı 150 qram olur, özbək limonunun isə ən balacası 500, ən böyü isə 900 qramdır. Qiyməti də ölçüsünə görə dəyişir. Çox sərfəli ağacdır. Yerli limonların birinin qiyməti 35-50 qəpik arası dəyişirsə, bu limon 2-3 manatdır. Bəslənməsində və qulluğunda isə qəti fərq yoxdur. Bizim limona necə qulluq edilirsə, bu ağac da elədir".

Zəbiəli Əliyevlə eyni kənddə yaşayan bioloq Yunus Qulamov isə Özbəkistandan gətirilən "nəhəng limon"ların yerli limonlarla dadında və tərkibində də fərq olduğunu deyir: "Zəbiəli kişinin o vaxt Özbəkistandan gətirdiyi bu limon sortu yerli limonlardan daha da turşdur və tərkibində qiymətli maddələr daha çoxdur. Yəni bu limon qan təzyiqi olan insanlara daha tez təsir edir. Ümumiyyətlə, qalın qabıqlı limonlar digər limonlardan daha çox vitaminlərə sahib olmaları ilə fərqlənirlər. Onu da deyim ki, bir çox ölkələrdə insanlar içdikləri suyun tərkibinə limon şirəsi əlavə edirlər. Bu da bir çox xəstəliklərin, xüsusən də xərçəngin qarşısının alınmasında kömək edir. Buna görə də mən tövsiyə edərdim ki, vətəndaşlarımız limondan daha çox istifadə etsinlər".

Z.Əliyev vurğulayır ki, özbək limonunun tingləri üçün bütün rayonlardan, xüsusən də Aran rayonları və Gəncədən sifarişlər çox olur. Satışında isə problem yoxdur.


Xəbər lenti

300x200r