SOCAR borca görə “Palmali”yə məxsus 14 gəmini müsadirə edib, eyni zamanda öz zavod və müssisələrinə şirkətin gəmilərinin daxil olmasına qadağa qoyulması ilə bağlı xəbərlər yayılıb.
Mynews.az xəbər verir ki, məsələylə bağlı “Palmali”nin prezidenti Mübariz Mənsimov “Qafqazinfo”ya telefonla müsahibə verib.
– Sizin şirkətə məxsus 14 gəminin SOCAR tərəfindən müsadirə olunmasını necə şərh edərdiz?
– Aylardır mətbuatda eyni xəbərlər yayılır. Nə deməyə çalışdıqlarını başa düşə bilmirəm. Bizim SOCAR-la ortaq şirkətimiz var idi, burada pay nisbəti 35/65 idi. İki il öncə həmin şirkətdən ayrılma qərarı aldıq. İki tərəfli anlaşma əldə olundu, həmin şirkətdən ayrıldığıma görə 14 tankeri SOCAR-a buraxdım. Ayrılma qərarını özüm aldım. Burda kimin haqlı olub-olmaması ilə bağlı müzakirə açmaq istəmirəm. Məhkəmə yolu açıqdır, istənilən zaman hər iki tərəf məhkəməyə müraciət edə bilər. Yazırlar ki, “Palmali” batır. Hə yoxdur “Palmali” rahatlasınlar. Nə istəyirlər? Birincisi, şirkətin batmağını həyatda görə bilməzlər. İkincisi, niyə mənim vətənimdən haqqımda düzgünolmayan informasiyalar yayırlar. Belə sifarişli yazılarla vicdanları sızlamır? Nə etmək istəyirlər mənim başım çıxmır.
– Qeyd olunur ki, “SOCAR” tankerlərinizi də öz zavoduna buraxmır.
– Təəssüf ki, bu yalan deyil. SOCAR rəhbərliyinin bunu nə səbəbə etdiyini bilmirəm. Hazırda Çingiz Mustafayev adına gəmimiz limana buraxılmayıb. Canları sağ olsun. Bu, Azərbaycan dövlət şirkətidir. Mən heç bir zaman vətənimə, dövlətimə ziyan verəcək bir iş görmərəm.
– Sizin konkret SOCAR-a borcunuz var?
– Xeyr, mənim borcum yoxdur. Mənim SOCAR-a nə borcum olacaq? SOCAR-ın bu 14 gəmini alanda verdiyi kredit var idi. Gəmilər kimdədir, şirkət kimdədir, nə borc? Tam tərsinə mənim oradakı pullarım qaytarılmayıb.
– Şirkətinizin maddi durumunun pis olduğu yazılır… Vəziyyətiniz hazırda necədir?
– Dünyada vəziyyət necədirsə, bizim şirkətdə də elədir. Bilirsiz “Palmali” beynəlxalq şirkətdir. Təəssüf ki, “Lukoyl”la məlum olan məhkəmə prosesimiz var. Onun xaricində şirkət öz normal inkişafını davam etdirir. Gəmilər sifariş edirik. O demək deyil ki, şirkət sıxıntıdadır, gəmilərimizin hamısı suyun üzərindədir. Dünyada məlum olan iqtisadi sıxıntıların bizə də sıçrayışları var. Ancaq belə şeyləri danışmaq ayıbdır.
– Son vaxtlar azərbaycanlı iş adamlarının müflis olmasıyla bağlı məlumatlar yayılır. Əvvəlcə, AST Telman, ardınca siz.
– Bilmirəm bunu Azərbaycanda kim edir, heç bilmirəm Telmana nə olub. Belə şeylərə inanmaq da istəmirəm. Bir iş adamı bata da bilər, yüksələ də. Bu o demək deyil ki, onun vətənində 24 saat haqqında yazmalıdırlar. Mənə göstərin ki, dünyanın hansı yerində bir iş adamı haqqında gecə-gündüz yazırlar. Bu qədər paxıllıq, qısqanclıq haradandır? “Palmali”ni və Mübariz Mənsimovu xəyal etdikləri şəkildə görə bilməzlər. Bunun qarantiyasını verirəm. “Palmali”nin olmasın 200 gəmisi, olsun 10 gəmisi. Deyək ki, bütün dünyada gəmilərimiz dayandı, bundan o insanlar , bəlli şəxslər nə qazanacaq? Onların özləri və övladları kimi oğurluq etmirik, bəlkə, bu onların gözünə batır.
– Son illərə qədər Azərbaycanla münasibətləriniz yüksək səviyyədə olub. Birdən-birə nə baş verdi, vəziyyət dəyişdi?
– Mənim münasibətlərim yenə də yaxşıdır. Azərbaycanın inkişaf etməsinə çox sevinirəm. Həmişə qürur duymuşam ki, azərbaycanlıyam. Ölkədə baş verən yaxşıya sevinirik, pisə isə üzülürük. Biz iş adamıyıq, dövlətin işinə qarışmırıq. Bizim üçün önəmli olan odur ki, vətənimiz inkişaf etsin, parıldasın, başda ermənilər olmaqla paxıllıq edənlər qısqansın. Biz rüşvət olan yerdə işləmək istəmirik, bunu heç kimdən də saxlamıram. Bundan sonra da qorxumuz olmayacaq. Gecə-gündüz əleyhimizə işləyən saytların rəhbərləri mənə maraqlıdır ki, əllərini vicdanına qoyub necə yatırlar? İndiyə kimi imkansız olan 18 minə yaxın tələbəni oxutdurmuşam. Bunu Azərbaycanda bilməyən yoxdur. Belə şeyləri yazmaq ayıbdır. Bunu bilə-bilə yazırlar. Maliyyə institutlarının qarşısında bizi gözdən salmaq məqsədiylə edirlər. Etsinlər, görüm nə olacaq? Sadəcə, 4 uşağım var, qızlarım zəng vurub məndən soruşurlar ki, bu nədir haqqında yazırlar?
– Mübariz bəy, konkret hansı hadisədən sonra münasibətləriniz gərginləşdi?
– İki il bundan əvvəl SOCAR-dan ayrılandan sonra bu cür yazılar yazılmağa başlanıldı. Biz dövlətə hörmət edirik, Azərbaycana ziyan gəlməsin deyə susuruq. Yazmışdılar ki, FTB-dən bizi araşdırırlar, kəşfiyyat dairəsinin ticari şirkətdə nə işi var? Belə xəyalları hardan qururlar? Deyirlər ki, vergidən yayınmışıq. Rusiyada dənizçiliyin saytına baxsınlar, orada dənizçiliyin vergisi yoxdur. Belə uydurma olar? Onsuz da üstümüzə gəlirlər. Sifarişlə 4 il əvvəl vergi dairiəsi bizi 3 il yoxladı, heç nə tapa bilmədiyib çıxıb getdilər. Məhkəmələrdə də bizə uduzdular.