USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Durduğum yerdə özümü işə saldım. Daş mənim başıma" Xəlil Rzanı təhqir edən yazıçı

19:20 15.01.2018
"Durduğum yerdə özümü işə saldım. Daş mənim başıma" Xəlil Rzanı təhqir edən yazıçı
19:20 15.01.2018

İki gün əvvəl facebook hesabında Azərbaycanın mərhum xalq şairi, Meydan Hərəkatının liderlərindən biri olan Xəlil Rza Ulutürk haqqında tənqidi fikirlər yazan bununla da ciddi hücumlara məruz qalan yazıçı Kəramət Böyükçölün BakuPost-a müsahibəsi:

- Kəramət, Xəlil Rza Ulutürk haqqında məlum statusu yazanda dostlarının ilk reaksiyası belə oldu: "Yenə içib, yazıb...” Dorğudanmı mərhum şairlə bağlı dediklərin dumanlı beynin məhsulu idi?

- Mən Xəlil Rza haqqında status yazanda içkili olmağına içkili idim, amma and olsun qələmimə ki, arağı xaşla içmişdim (gülür). Zarafatsız, cavan dostlarımdan bir statusunu oxudum, gördüm Xəlil Rzanı böyük ədəbiyyat adamı kimi tərənnüm edib. Mən də onun fikirlərinə rəy bildirdim. Səhər gördüm həmin rəy əməlli-başlı mübahisə yaradıb, mən də onu copyalayıb status kimi paylaşdım. Və belə bir reaksiya oldu.

- Rəydəki münasibətlər də belə aqressiv idi?

- Əlbəttə... Amma mən ümumiyyətlə, yazılarıma gələn rəyləri oxumuram və fikir də bildirmirəm. Mənim yazmaq azadlığım olduğu kimi onların da belə bir azadlığı var. Söyüş isə acizlik əlamətidir. Bəs söyüşlərə necə cavab verim? Mən də onları söyüm? Axı qələm adamıyam, söyüşlə danışmağı özümə yaraşdırmaram...

- Yəni mübahisə yarandığını, maraqla qarşılandığını görüb status kimi paylaşdın? Son cümlələrindən fərqli olaraq, belə çıxır müzakirəyə çevrilməyini, çoxlarını yazdığı kimi ifadə etsək, "söyülməyi” özün istəmisən...

- Bəli, düşündüm ki, fikirlərim müzakirə oluna bilər, ona görə paylaşdım. Amma bu qədər kəsin reaksiya təsəvvür eləmirdim. Düzü, burda aqresiyya doğuracaq nə var, anlamıram. On milyonluq bir xalq Xəlil Rzanı sevsin, bir nəfər də sevməsin.Təkcə Xəlil Rza məsələsi deyil, bir müddət əvvəl Bəxtiyar Vahabzadə haqqında da fikirlərim birmənalı qarşılanmamışdı. Buna görə məni Yazıçılar Birliyindən çıxardılar. Hesab edirəm ki, fəal vətəndaş mövqeyi, milləti mübarizəyə səsləyən odlu-alovlu çıxışları Xəlil Rzanı və Bəxtiyar Vahabzadəni həssas xalqımızın sevimli bir şairinə çevirib. Amma mən onların bir şair kimi vurğunu deyiləm.

- Belə bir fikir var ki, əslində, Kəramət Böyükçöl Xəlil Rza barədə çox az bilgilərə malikdi: nə onu tam oxuyub, nə də ümumiyyətlə, həmin dövrdəki prosesləri dərindən bilir. Səsləndirdiyi ittihamlar isə Meydan Hərəkatı barədə indiyə kimi dəfələrlə gündəmə gələn dedi-qodudan qaynaqlanıb. Bildiyimizə görə, statusu yazmamışdan bir neçə gün əvvəl Meydan Hərəkatı barədə həmişə iyrənc fikirlər səsələdirən Araz Əlizadə ilə müsahibə etmisən...

- Onun yaradıcılığını bir şair kimi haqqında məndə aydın təsəvvür yaradacaq qədər oxumuşam. Ən çox pafosu ilə yadımda qalıb. Mən elə şairləri ruhən sevə bilmərəm. O ki qaldı Meydan Hərəkatına, məncə, çox insanın rolu şişirdilir. Araz Əlizadəyə yox, onun qardaşı Zərdüşt Əlizadəyə dərin hörmət bəsləyirəm. Bilirsiniz, mən tarixçi deyiləm, hansınsa bir dövr haqqında fikir bildirərkən o dövrü tədqiq eləyib, araşdırmağa da özümü borclu bilmirəm. Mən yazıçıyam və bütün yazıçı ruhumla o dövrü, baş verdən proseslərin mahiyyətini hiss eləyirəm, duyuram. Ola bilsin mənim subyektiv fikirlərimdə yanlışlıq var, amma bu yanlışlıqlara düşməncə münasibət bildirilməməlidir. Mən topa-tüfəngəmi tutulmaylıyam? Axı söz azadlığı odur ki, sən hətta səhv də danışa bilərsən, hətta yalan da danışa bilərsən...

- Dövltçılık tariximizdə ən şanlı səhifələrdən biri barədə yazanda tarixi araşdırmamağı vacib saymamaq, hətta yalan danışmağı da məqbul hesab etmək, məşğul olduğun işə qeyri-ciddi yanaşmaq deyil ki?

- Mən söz və ifadə azadlığının cəmiyyətin tərəqqisi üçün nə qədər vacib bir amil olduğunu şiddədli şəkildə nəzərə çatdırmaq üçün bu sözü dedim. O ki qaldı araşdırma məsələsinə, mən bunu özüm üçün vacib saymıram. Siz istəyirsinizsə gedin araşdırın, yazın. Orxan Pamuk soyqrım haqqında fikir bildirəndə əminəm ki, nəyisə araşdırmayıb, sadəcə, bir cümlə deyib, vəssalam. Yazıçının missiyası da məhz o cümləni deməkdir. Mən bu cür düşünürəm... Neyləyim, bu cür düşünməyim? Yaxud, düşündüyümü yazmayım? Deyirlər ki, Kəramət şəhidlərimizi təhqir eləyib. Harda təhqir eləmişəm? Hansı cümlədə? Xəlil Rzaya istedadsız demişəm. İstedadsız sözü təhqirdirmi? Mənim anam da istedadsızdır, bacım da, qardaşım da, hətta atam da istedadsızdır. İndi mən öz ailəmi təhqir etdim?

- Bir neçə gün əvvəlki statusun da qalmaqala səbəb olmuşdu. Statusun məğzi beləydi ki, məhbəsə düşənlər layiq olmadğı qədər məşhurdurlar. Sənin özün də xüsusi heç nə yazmadan, heç bir ədəbi nümunə, istedalı cümlə ortaya qoymadan iki günün içərisində məşhur oldun, iri-iri adamların müzakirə mövzusuna çevrildin. Bu məşhurluğa layiq görürsənmi özünü?

- Hesab edirsiz ki, məni Xəlil Rza məşhurlaşdırdı? Təəssüf! Mən götürdüyüm müsahibələrimlə ən azı ayda iki dəfə gündəmi dəyişən bir jurnalistəm. Yoxsa yazılarım oxunmur? Yazılarım sosial şəbəkələrdə bəh-bəhlə az paylaşılmır? Kim deyə bilər ki, mənim istedadım yoxdur? Kim deyə bilər ki, mən yaxşı bədii mətn yaza bilmirəm? Mənim romanlarım, hekayələrim maraqla qarşılanmayıbmı? Necə yəni xüsusi heç nə yazmamışam? Xüsusi heç nə yazmamışamsa Rafiq Tağı kimi böyük bir yazıçı niyə deyib ki, Kəramət Böyükçölün "Çöl” romanını çəkinmədən dünya oxucusuna təqdim etmək olar. Xüsusi heç nə yazmamışamsa adamlar haqqında xoş bir fikir deməyə xəsislik edən Əkrəm Əylisli kimi bir yazıçı niyə deyib ki, Kəramətin romanın oxudum, 23 yaşlı bir gəncin təfəkkürü və dünyagörüşü məni heyrətə gətirdi? O qədər nümunələr saymaq olar ki...

- Söhbət yazdığın statusdakı cümlələrdən gedir, ümumi yaradıcılığından deyil...

- Əsaslandırılmış fikir heç vaxt müzakirə olunmur. Hamı oxuyur və üstündən sükutla keçir. Heç oxumur da. Amma bir cümlə, uzaq başı bir abzas necə səs-küy yaradır, görürsənmi? Mən belə düşünürəm, qoy adamlar özləri gesin, araşdırsın, oxusun və bir daha əmin olsun ki, Kəramət səhv deyir.

O ki qaldı məhbuslarla bağlı dediklərimə, bəli, onlar layiq olmadığı səviyyədə məşhurdurlar. Onlar həbsxandan çıxan kimi unudulub gedəsi insanlardır. Onların məni səviyyəmdə savadı var, istedadı var, ağlı var, nəyi var? Ağzından süd iyi gələn, hələ əmgəyi bərkiməmiş iki uşaq köməkləşib harasa bir cümlə yazır, bununla da qəhrəman elan olunurlar. Mənim yazdığım cümlələri isə uc-uca calasan Azərbaycanı qucağına alar.

- Kəramət, maraqlıdır, xüsusən gənc nəsil niyə keçmişi yıxıb üstünə çıxıb, ordan görünməyə bu qədər meyillidir? Əslində, tarixi həqiqətlərin açıqlanması, insanların hər şeyi olduğu kimi bilməsi yaxşıdır. Amma bu aşağılanmalar, yıxmaqlar sadəcə qəzəb, hikkəylə, çox vaxt da əsası olmayan ittihamlarla, "yazıçı təxəyyülü” ilə edilir. Məsələn, indi Xəlil Rzanın yaradıcılığının pafoslu olub-olmaması... heç nəyi dəyişmir. Və deyilənlər həqiqət olsa belə heç kimə lazım deyil. Ümumiyyətlə, millətin dəyər hesab etdiyi isimlərə qarşı çıxmaqdan heçmi çəkinmirsiz? Axı bir yazıçı olaraq sənin özün də bu millətə, bu dövlətin insanlarına möhtacsan. Onların "layk”larıyla fərəhlənirsən, onların gətirdiyi tirajla özünü qabaqcıl jurnalist hesab edirsən... Yoxsa, məsələyə ümumiyyətlə, bu konteksdən yanaşılmasını düzgün saymırsan?

- Əlbəttə, məsələyə bu cür yanaşmağı düzgün saymıram. Fikir müxtəlifliyi və müzakirələr mütləq aparılmalıdır. Məsələn, sizə elə gəlir ki, Fazil Mustafanın Azərbaycan tarixi ilə bağlı yaratdığı polemikalar əhəmiyyətsizdir? Yox! Milli Məclisdə Fazil Mustafa iki deputatımız da olsaydı, ümumiyyətlə, onun kimi iki aydınımız daha olsaydı, cəmiyyətin dərdi azalardı. Mən keçmişimizin düşməni deyiləm. Amma onlara münasibətimi də yaltaqlıq üzərində qurmaq istəmirəm. Adamlar Mirzə Cəlil, Sabir, Bəxtiyar Vahabzadə haqqında danışanda məndə belə təəssurat yaranır ki, onlar Mirzə Cəlilə, Sabirə, Bəxtiyar müəllimə yaltaqlanırlar. Daha doğrusu, onların cəmiyyətdəki obrazına yarnırırlar. Məsələn, Abbas Səhət yazır ki, vətəni sevməyən insan olmaz! Bu nə məntiqdir? Necə yəni vətəni sevməyən insan olmaz? Mənim düşüncəmə görə Abbas Səhət bu şeirdə vətənə yaltaqlanıb. Və bunu bu şəkildə dilə gətirirəmsə, deməli, keçmişə daş atır, özümü məşhurlaşdırmaq istəyirəm? Neyləyim, ucdantutma hamını tərifləyim, hamının haqqında müsbət fikirdə olduğumu deyim? Axı elə düşünmürəm.

İkincisi, ictimai şəxs tənqid olunmalıdır, hətta təhqir də oluna bilər. Təsəvvür eləyin, Bayron haqqında fikir deyirsən, yazırsan ki, Bayron istedadsızın biri olub, filan, filan, filan... İngilis xalqı qalxır ayağa ki, Bayronu niyə təhqir edirsən? Biabırçılıqdır, vallah. Atam mənə tez-tez deyir ki, nə edirsən, et, amma dörd şey haqqında tənqidi heç nə yazma. Qadın, din, dövlət, dövlətçilik, bir də dünyasını dəyişmiş şəxsiyyətlər! Deyirəm ki, ata, daha nə qaldı? Özünü nə əlavə elə, olsun beş (gülür).

- Bayaqdan tez-tez söz azadlığından danışırsan. Sən doğrudanmı, bu məslədə söz azadlığı haqqından istifadə edirsən? Etiraf etməyə biməzsən ki, söz azadlığı məvhumu bizdə ən çox güzəşt etdiyimiz, paylaşdığımız dəyərdi... Məsələn, bir dəfə pivə içdiyin adama belə, güzəşt edirsən. Səhəri haqqında bir informasiya əldə etsən, heç vaxt yayımlamazsan... Amma millətin dəyər verdiyi şəxslərə gəldikdə isə hamı söz azadlığından danışır, prinsipiallıq göstərir...

- Nə eləyirsən elə, nə deyirsən de, məni pivəylə sınağa çəkmə (gülür). Bu müqaisə fikrimcə, yanlışdır. Əvvəla, məni oturub-durduğum adamları tənqid elədiyimə görə də çox qınayıblar. Məsələn, Yunus Oğuzla çox yaxşı münasibətimiz vardı, həmişə mənimlə hörmətlə rəfdar edib, amma bu yaxınlarda onun bir kitab təqdimatı keçirildi, mən o təqdimatdan çox tənqidi bir yazı yazdım. Yaxud, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Rəşad Məcid, Şərif Ağayar və nə qədər belə qələm adamları sayaram ki, hamısı mənə hörmətlə yanaşan adam olublar, amma onların barəsində düşündüyüm yazmaqdan çəkinməmişəm. Başqa kimi deyirsən, adını çək, elə müsahibədəcə fikirlərimi deyim (gülür).

Bütün bunlara baxmayaraq, demirəm mən tamamilə azad bir yazaram. O qədər də azad deyiləm. Düşündüklərimin hamısını yazsam, məni öldürərlər. Sadəcə, azad olmağa cəhd göstərirəm. O da deyəsən, alınmır.

- Kəramət, çox ağr ittihamlar irəli sürüldü, çox pis söyüşlər söydülər... Səhərdən müsahibə vaxtı da qohumlar zəng edir, onları niyə söydürdüyünü soruşurlar... Bu məsələlərdə səni ən çox incidən nə oldu?

- Mən ictimai bir şəxsəm. Cəmiyyət məni qələm adamı kimi tanıyır. Haqqımda hər söz deyə bilərlər, hətta məni təhqir də eləyə bilərlər, problem yoxdur. Amma istər-istəməz əhatəm məişət adamları ilə doludur. Əmim var, bibim var, dayım, xalam və s. Başları da heç nədən çıxmır. Əmim zəng eləyib deyir, kənddə danışırlar ki, Kəraməti söyürlər, nə olub? Bibim, xalam, qohumlarım mənə zəng edib danlayanda narahat oluram.

- Döyməyə çağıran, ölümlə hədələyən də varmı?

- Mobil telefonuma mesajlar yazıb hədələyənlər kim, evimizə zəng eləyib məni axtaranlar kim... O qədər!

- Səncə, bu gərginliyin sonunda hansı cəzanı alacaqsan? Yuxarıdan da qeyd etmisən ki, yazına görə Yazıçılar Birliyindən uzaqlaşdırılmısan. Bildiyimiz qədər başqa bir yazına görə isə işdən uzaqlaşdırılıbsan...

- Bəzi fürsətçil adamlar mənim öz şəxsi profilimdə yazdığım statusa görə işlədiyim yeri ittiham eləyirlər. Belə şeylər doğru deyil. Mənim yazdığm fikirlərə görə, nə atam, nə ailəm, nə də işlədiyim yerin rəhbərliyi məsuliyyət daşıyır. Nə boyda səhv eləmişəmdə də, bunun günahı mənimdir. Əgər cəza olmalıdırsa, onu da mən çəkməliyəm. İnsanların bu qədər fürsətçiliyi məni dəhşətə gətirir və çox qorxudur. Təzyiqlər, təhqirlər o qədər çox oldu ki, məcbur qalıb profilimi dondurdum. Məncə, insanları sözə münasibəti belə olmamalıdır.

- Kəramət, Xəlil Rza barədə səndə ən çox nə qıcıq doğurur? Belə çıxır pafosu?

- Bütün yaradıcı adamlarda pafos məni qıcıqlandırır.

- Gəl səmimi danışaq. Bizim reaksiyamızada da işləmisən, çox səs-küylü müsahibələr götürmüsən Bu müsahibələri oxuyanda, redaktə edəndə həmişə bir xətt diqqətimizi çəkib: müsahibin nə deməsi, onun cəmiyyətə hansı informasiyalar ötürməsi və bunun əhəmiyyətindən daha çox, hansı cümləni başlığa çıxarmaq və oxucu toplamaq, sensasiya yaratmaq barədə düşünmüsən... İndi də müsahibələrinlə cəmiyyətə hansı faydalar verməyinlə və yaxud hansı faktların üstünü açmaqınla deyil, onların nə qədər oxunmasıyla fəxr edirsən... Və statusu da məhz müzakrə olunmaq üçün, daha çox adamın diqqətini çəkmək üçün yazdığını dedin... Bax, bunu elə jurnalist pafosu adlandırmaq olmazmı?

- Hamınız, ümumiyyətlə, işlədiyim bütün saytlar, redaksiyalar həmişə məndən diri yazılar tələb edib. Mən həssas, heç bir səbəb olmadan belə daim içimdə qorxu gəzdirən bir adamam. İndi bu qədər kəskin reaksiyadan sonra mənim keçirdiyim təlatümləri, həyəcan təsəvvür edirsənmi? İndi neyləyim, üzr istəyim? Kimdən üzr istəyim? Lap üzr istədim, bu üzr mənim məğlubiyyətim olacaq, bəs qələbə kimin qələbəsi sayılacaq, bunu bilmək istəyirəm. Vallah, mən əminəm ki, Xəlil Rza sağ olsaydı, bu məsələyə görə qəti inciməzdi, əksinə, mənə zəng edərdi, gülərdi, zarafatlaşardı. Bundan sonra mən də ona deyərdim ki, əmi, qələt eləmişəm, məni bağışla! Sən böyük kişisən!

Mənim Xəlil Rzaya üç cümləlik vurduğum "ziyan” o qədər də dəhşətli bir şey deyil, amma buna görə mənə qarşı bu qədər təhqirlər, söyüşlər Azərbaycana nə boyda ziyan vurur, bunu anlayırsınızmı?

- Demək istədiyin başqa sözün varmı?

- Heç nə! Durduğum yerdə özümü işə saldım. Daş mənim başıma.


Xəbər lenti

300x200r