Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bunu Daxil İşlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında hesabat məruzəsində bildirib.
Nazir Dünya İqtisadi Forumunun "2017-2018-ci illər üzrə qlobal rəqabətlilik" hesabatına əsasən "Polis xidmətlərinin etibarlılığı" indikatoru üzrə respublikamızın 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşmasını diqqətəlayiq fakt kimi vurğuyıb.
R.Usubov deyib ki, 2017-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.113 cinayət qeydə alınıb. Onların 93,1 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,7 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
Profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 9, qəsdən adam öldürmələr 9,5, quldurluqlar 23,6, soyğunçuluqlar 16,6, dələduzluqlar 11,8, hədə-qorxu ilə tələbetmələr 10,5, xuliqanlıqlar 15,1, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 12,5, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb.
Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,6, ağır və xüsusilə ağır cinayətlərin açılması 2,8, quldurluqların açılması 8,6, soyğunçuluqların açılması 5,5, hədə-qorxu ilə tələb etmələrin açılması 0,3, oğurluqların açılması 6,4, dələduzluqların açılması 2 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də davam etdirilərək 418 cinayətin açılması təmin edilib.
Daxili işlər naziri qeyd edib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib.
Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 32 min 500 cinayət işinin istintaqı aparılıb ki, onlardan 84 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. İstintaqı tamamlanmış 9.085 cinayət işi ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2016-cı illə müqayisədə 14,5 faiz yaxşılaşaraq 84,9 faiz təşkil edib.
R. Usubov qeyd edib ki, artıq beşinci ildir ki, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalmanın müşahidə olunur. O, bildirib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 17,6 faiz artaraq 3.365.417 inzibati xəta təşkil edib. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2016-cı illə müqayisədə 17,2 faiz çox və ya 3.481.458 protokol tərtib edilib.
İclasın yekununda daxili işlər naziri 2017-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcud olduğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.
Nazir yerlərdə münaqişəli ailələrin vaxtında uçota götürülməsini, barələrində zəruri profilaktik tədbirlərin keçirilməsinə nəzarətin, əvvəllər məhkum olunmuş şəxslərlə profilaktikanın, eləcə də yol hərəkətinə nəzarətin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, xüsusən güclü təsirə malik narkovasitələrin aşkarlanması işinin gücləndirilməsini, istintaq və təhqiqat aparatının cinayətkarlığa qarşı mübarizədə aparıcı rolunun, aidiyyati baş idarə və idarələr tərəfindən ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib.