“Təhsil kreditləri haqqında” qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbul olunmasına ciddi ehtiyac var.
Mynews.az xəbər verir ki, bu fikirləri millət vəkili Vahid Əhmədov dilə gətirib.
Millət vəkili deyib ki, cəmiyyət, valideynlər, tələbələr belə bir sənədin qəbulunu çoxdan-səbirsizliklə gözləyirlər:
“Bu sənədin hazırlanması və qəbulu cəmiyyətin sosial sifarişindən doğub. Odur ki, nəhayət, adıçəkilən qanun layihəsinin parlament müzakirələrinə çıxarılaraq, qəbul olunması çox vacibdir, bunun zamanı çoxdan çatıb”.
Sözügedən qanun layihəsini deputat həmkarı Əli Məsimli ilə birgə hazırladığını xatırladan millət vəkili bildirib ki, bu məsələni dəfələrlə - həm Milli Məclisin (MM) komitə, həm də üzvü olduqları İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslarında gündəmə gətiriblər.
O xatırladıb ki, üzvü olduqları komitədə bununla bağlı müzakirələr də aparılıb:
“Hər kəs bunun vacibliyini dilə gətirmişdi. Ancaq gördüyünüz kimi, hələ də ortada bir nəticə yoxdur. Onu da deyim ki, bir vaxtlar banklar bu qanun layihəsinə qarşı çıxırdılar, daha doğrusu, orada tələbələrə veriləcək kreditlərin faiz dərəcələri ilə və digər bəzi məqamlarla bağlı etirazları vardı, amma qeyd etdiyim kimi, bütövlükdə hər kəs belə bir qanun layihəsinin qəbulunu vacib sayırdı. İndiki dövrdə və reallıqda belə bir sənədin olması çox vacibdir.
Bu gün insanlarımızın, övladları ali təhsil müəssisələrinə daxil olan valideynlərimizin heç də hamısının maddi durumu qənaətbəxş deyil. Onların maddi durumları, güzəranları övladlarının təhsil haqqını ödəməkdə çətinlik yaradır.
Bu baxımdan da, çoxları övladlarının təhsil haqqını ödəyə bilmədiyi üçün uşaqları ali məktəblərdə təhsillərini davam etdirə bilmir, təhsillərini yarımçıq qoymaq məcburiyyətində qalırlar. Elə tələbələr var ki, təhsil haqqını ödəyə bilmədiyi üçün birinci kursa getmədən, təhsillərini dayandırırlar. Bu da nəticə etibarilə Azərbaycan təhsilinə, elmimizə, onun gələcək inkişafına mənfi təsir göstərir.
Bizim hazırladığımız və təklif etdiyimiz qanun layihəsində isə kifayət qədər güzəştli şərtlər, tələbələrin, valideynlərin rahatlıqla kredit götürüb, təhsil haqqı ödəyə bilmələri nəzərdə tutulur. Onu da xatırladm ki, keçmiş təhsil naziri Mikayıl Cabbarovun dövründə bir neçə ali məktəbin iştirakı ilə Fond da yaradıldı. Ancaq hesab edirəm ki, o da bu məsələnin köklü həlli üçün yetərli deyil. Çünki orada böyük miqdarda vəsait yoxdur və ondan tələbələrin çox cüzi qisminin yararlanması mümkündür. Ona görə hesab edirəm ki, artıq bütün bəhanələrə son qoyub, adıçəkilən qanun layihəsini parlament müzakirələrinə çıxarmaq və qəbul etmək lazımdır. Ən azı 2018-ci ildə bu qanunun qəbulu olduqca vacibdir”.