USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Mənsimovun batan gəmisi və yaxınlaşan final...

23:08 16.01.2018
Mənsimovun batan gəmisi və yaxınlaşan final...
23:08 16.01.2018

“Palmali”nin rəhbəri Mübariz Mənsimovun biznesində yaranan problemlər artıq bir neçə ildir ki, medianın gündəmindən düşmür. Bu illər ərzində Mənsimovun yaranan problemlərlə bağlı çoxsaylı açıqlamaları olub. Bir çox hallarda bir-birini təkzib edən bu açıqlamalar üzərindən toz dumanı artıq yavaş-yavaş qalxır.
Əvvəllər biznesində heç bir problemin olmadığını israrla desə də, daha sonra Türkiyədəki otel və turizm obyektlərini satdığını və yalnız gəmiçiliklə məşğul oacağını bəyan etdi. Son vaxtlar isə bu illər ərzində bütün danışdıqlarını təkzib edərək, tam fərqli şeylər quraşdırmağa başlayıb. Üstəlik, bu dəfə radikal və siyasi çalarlarla…
“Palmali”də işlərin tərs getdiyi aydındır. Artıq pişik çoxdan torbadan çıxıb və gizlətməli heç nə yoxdur. Onun biznesini öz çiyinlərində qaldıran iki dövlət – Rusiya və Azərbaycan rəsmi dairələri ilə münasibətləri hansısa səbəblərdən korlanan Mənsimovun biznesi hazırda batmaqda olan gəmini xatırladır. Mənsimovun bütün son açıqlamaları da batan gəmidən eşidilən isterik və sistemsiz çığırtılardan başqa bir şey deyil.
Durum isə ortada: “Lukoil” və “Socar”la çəkişmələr… Təzadlı açıqlamalar… Məhkəmə prosesləri… Külli miqdarda kredit borcları və s. Bəs Məınsimov xilas olmaq üçün nə edir? Buraxdığı səhvləri analiz edirmi? Niyə xilasedici kəmərlərdən yox, suyun üzərinə dağılmış saman çöplərindən yapışır? Niyə adamın birdən-birə parlayan adı, biznesi eyni sürətlə də çökməkdədir? Türkiyədə və digər ölkələrdə qurduğu və batmaqda olan biznesi haqqında detallı bilgilərə sahib olmasaq da, Azərbaycandakı biznesləri və nəyi-necə batırdığının şahidiyik.
Qısa müddətdə ulduzu parlayan “Xəzər-Lənkəran” hekayəti gözümüzün önündə bir an içində sönmədimi? Klubun qeyri-peşəkar idarəçiliyinə, tez-tez icraçı direktor dəyişikliyinə, maliyyə qalmaqallarına, şübhəli məşqçi və oyunçu transferlərinə cavabdeh kim idi? Azarkeşlərmi, başı dumanlı qardaşımı, yoxsa hamını stadiona qoyun buraxacağı ilə şantaj edən Mübariz Mənsimov özümü? Minlərlə kəndlidən südü toplayıb pullarını hələ də ödəyə bilməyən “Pal Süd”ün çöküşündə kimi günahlandırasan? Süd qəbulu məntəqələri adı altında südü kəndlidən ucuz alıb, zavoda baha satan və zavodun zərərlə işləməsini şərtləndirən Mənsimovun qohumlarımı, yoxsa adi kəndlilərmi? Mənsimov isə hələ də çığırır. Düşünmür, çıxış yolu axtarmır, məhz çığırır.
Son açıqlamalarında həm də “kompramat” və “oğru” söhbətlərinə qədər enmiş, yuxarı dairələri şantaj edəcək qədər ucuzlaşıbdır. “Mən bəziləri və övladları kimi büdcədən oğurlamamışam”- deyir. Bəs dövlət tenderlərini maneəsiz udanda, milyonları havaya sovuranda nə fikirləşirdi? Onlar büdcə pulu deyildimi? Aldığı kreditləri özünün, qardaşlarının, yaxınlarının bahalı şəxsi təyyarə və avtomobil kolleksiyalarına, əyləncələrinə xərcləyəndə, hər Lənkərana gələndə Bakıdan helikopterlə qızlar sifariş edib gətizdirəndə bu pulların qaytarmaq vaxtının da gələcəyini düşünmürdümü?
Ara qarışıb hər şey itən ziyafətlər təşkil edib, onun “səxavətli şahzadəsi”nə çevriləndə büdcəni niyə xatırlamırdı? Vətənpərvərlik ritorikasını özünə sığınacaq etməklə kreditləri, borcları qaytarmaq mümkün olsaydı, devalvasiyadan sonra banklara borclu qalan çoxsaylı Azərbaycan vətəndaşları gedib bankların qabağında “İstiqlal” marşı oxuyardılar. Görünən odur ki, SSRİ dağılandan sonra Rusiyada şübhəli əlaqlər hesabına qısa zamanda varlanan bir çox şəxslər kimi Mənsimov da normal kapitalist ölkələrə açılandan az sonra əldə etdiklərini idarə edə bilmədi.
Axı bunların böyük hissəsini özü qazanmamışdı. Eynən Telman İsmayılov kimi… Budur, biz daha bir “Titanik”in batışını seyr etməkdəyik. Təəssüf ki, sahildə tamaşaya duran bizlərin xorla oxuyacağı heç bir vətənpərvərlik şərqisi belə, bu səhnənin finalını dəyişə bilməyəcək. Təəssüf!

mənbə: avropa.info


Xəbər lenti

300x200r