Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışlarında iştirak edən Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri bir neçə gündən sonra axtarışları dayandıraraq ölkəmizi tərk edib.
Bu barədə oxu.az-a axtarış tədbirlərində iştirak edən mənbə məlumat verib.
Məlumatda qeyd olunur ki, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrini bölüşüblər. Sonrakı günlərdə xarici mütəxəssislər Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup jurnalistlə görüşüb, onlara bəzi açıqlamalar verib.
Axtarış işlərində heç bir nəticə əldə etməyən Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri növbəti günlərdə ölkəmizi tərk edib.
Mənbə bildirib ki, hazırda axtarış işlərini yerli xilasedicilər və Türkiyədən olan iki mütəxəssis aparır.
Onu da bildirək ki, axtarışlardan 20 günə yaxın vaxtın keçməsinə baxmayaraq, alpinistlərdən heç bir iz tapılmayıb.
Məsələ ilə bağlı FHN-ə müraciət etsək də, şərh almaq mümkün olmayıb.
Qeyd edək ki, itkin düşmüş alpinistlərin bir qrup dostları axtarışlar üçün əlavə tədbirlərin görülməsi ilə bağlı təkliflər hazırlayıblar. Onlar dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini istəyiblər. Alpinistlər əlavə olaraq dövlət qurumlarından Türkiyə Dağçılıq Federasiyası (TDF) və Arama Kurtarma Derneği (AKUT) xilasedicilərinin də axtarış-xilasetmə prosesinə cəlb olunmasını təklif ediblər.
Xatırladaq ki, “Gilavar” Hava-Ekstrim İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.
Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.