“Televiziya” qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacındakı torpaq sürüşməsi zonası barədə son vəziyyət açıqlanıb.
Mynews.az-ın məlumatına görə, Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, hazırda həmin ərazilərdə FHN, AMEA, ETSN əməkdaşları araşdırma aparır.
Onun sözlərinə görə, FHN və ETSN-nin nümayəndələri çatlara gil tökür, sürüşmənin təhlükə həddini yoxlayırlar.
“Ərazidə icra hakimiyyətinin nümayəndələri camaatla görüşlər aparır. Nə qədər ailə yaşadığı, hansı sənədlərinin olduğu araşdırılır”.
İsrafil Kərimov bildirib ki, sürüşmə təhlükəsi ilə bağlı siyahı hazırlanıb. Qeydiyyat aparan zaman neqativ halların olduğu ortaya çıxıb:
“Bəzi ailələr var ki, tərkibi üç nəfərdən ibarətdir, lakin gəlib bizə səkkiz nəfər yazdırır”.
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda Nazirlər Kabineti köçürülən əhaliyə kirayə haqqı üçün ayrılan vəsaiti müəyyən edir.
O qeyd edib ki, təhlükəli zonadan köçürüləcək, 163 nömrəli məktəbə yerləşdirilən şəxslərin sayı artıb:
“163 nömrəli məktəbdə birinci gün 42, ikinci gün 68, dünən isə 74 nəfər qalıb”.
Xatırladaq ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.
Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb. Sürüşmə zonasından çıxarılan 80 ailə – 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.