Bu gün maliyyə dəstəyi almayan bəzi media qurumları reklam verən şirkətləri qorumaq üçün “başlıq siyasəti” yeridir.
Belə ki, bəzi saytlar daha çox oxucu cəlb etmək və gündəlik İP-ni qorumaq üçün yayımlanan xəbərlərin başlığı ilə “oynayır”, yaxud da bunun məcburiyyətində qalırlar.
Mətbuat Şurasının Sədri, Milli Məclisinin deputatı Əflatun Amaşov Metbuat.az-a açıqlamasında bildirib ki, bu, jurnalsitikada çoxdandır istifadə olunan fənddir:
“Doğrudan da, bəzi məqamlarda bu fənd uğursuzdur. Bəzi məqamlarda, hətta xəbərin özündən doğmayan, özü ilə uyğun olmayan başlıqlar seçilir. Bunların hamısı oxucu cəlb etmək üçündür. Hər şeyin öz yeri var. Əlbəttə, başlıq yaxşı olmalıdır. Başlıq oxucunu seçməlidir. Ancaq başlıq istər-istəməz materialın özündən çıxmalıdır. Çox təəssüf ki, həmin problemlərlə qarşılaşırıq. Hətta bəzi məqamlarda hansısa uzaq bir ölkədə baş verən hadisə oxucuya Azərbaycanda olmuş kimi çatdırılır. Elə şeylər yalnız təəssüf doğurur. Başlıq seçimi məzmuna uyğun olmalıdır”.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu isə bildirib ki, başlıqların qoyulması jurnalist yanaşması və redaksiyanın özünün bir siyasətidir:
“Başlıq mövzunu əks etdirməlidir. Mövzu və başlıq fərqli olmamalıdır. Bu, əslində oxucunun itirilmsinə gətirib çıxarır. Yaxşı olar ki, seçilən başlıqlar da mövzuya uyğun olsun. Təcrübəm və yanaşmam bunu deyir”.
“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Mətbuat Şurası İdarə heyətinin üzvü, “Əməkdar jurnalist”, Azərbaycan Respublikası Milli Məclisinin II çağırışdeputatı Vüqar Rəhimzadə Metbuat.az-a açıqlamasında bildirib ki, bu, peşəkarlıqdan uzaq bir məsələdir:
“Elektron media qurumlarında oxucuların diqqətini cəlb edən, “çığıran” başlıqlar qoyulur. Mətni oxuyan zaman onun başlıqla aidiyyatının olmadığı ortaya çıxır. Belə hallar var. Bu, sadəcə olaraq oxucunu cəb etmək məqsədi daşıya bilər. Eyni zamanda, saytın süni olaraq populyarlığını artırmağa xidmət edə bilər. Bu hallar yolverilməzdir. Ümumiyyətlə, yazının, yaxud da hansısa bir xəbərin başlığı onun məzmununun 50%-nı əks etdirməlidir. Yazının başlığı məzmununu tamamlamırsa, bu, tamam ziddiyyətli bir məsələdir. Bu gün Azərbaycanda, eləcə də digər ölkələrdə fəaliyyətdə olan saytlar məzmundan uzaq başlıqlar seçməklə “ucuz oxucu” əldə etmək istəyirlər. Təbii ki, oxucu yaxşı görür. Oxucu onu cəlb edən başlıqla məzmunun fərqli olduğunu görərsə, onda inanmsızlıq yaranır. Ona görə də, yazının içini əks etdirən hissənin başlığa çıxarılması daha məqsədəuyğun, oxucu üçün də əlverişli olar”.