Son aylar sosial şəbəkələrdə, bəzi media orqanlarında müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı vətəndaşlara bir çox müalicə üsulları, reseptlər təklif edilir, onların bu reseptlərə əməl edəcəkləri təqdirdə şəfa tapacaqları əminliklə vurğulanır. Maraqlıdır, internet üzərindən xəstələrə vahid reseptlər təklif etmək, insanları bu reseptlərin möcüzəvi gücünə inandırmağa çalışmaq, habelə həkim nəzarəti olmadan hər hansı müalicəyə cəhd etmək nə dərəcədə doğrudur?
Moderator.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov bunun yolverilməz olduğunu qeyd edib:
“Bu, qətiyyən doğru deyil. Resept fərdi olaraq yazılır. Elə adam var ki, onda bir deyil, bir neçə xəstəlik var. Tutaq ki, iki xəstəliyi var. Məsələn, birinin ürəyi xəstədir. Elə resept ola bilər ki, orada yer alan dərman ürəyi xəstə olan adamın ürəyinə daha da pis təsir göstərər.
Sosial şəbəkədə resept təqdim etmək yolverilməzdir. Həkim yalnız xəstəni hərtərəfli müayinə elədikdən sonra onun bütün xəstəliklərini, dərmanların əlavə təsirini nəzərə almaqla dərman yazır. Xəstəni görmədən, tanımadan ona resept təklif etmək, yaxud özbaşına dərman qəbul ermək qətiyyən olmaz. Bu, çox qorxuludur və hər an ölümlə nəticələnə bilər”.