Ötən gün “Planet Parni iz Baku” komandasının ərsəyə gətirdiyi “Bəxt üzüyü 2” filminin təqdimat mərasimi keçirilib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, gecəyə media nümayəndələri və tanınmış simalar qatılıb.
Onların sırasında DTX rəisi Mədət Quliyev və həyat yoldaşı Zəhra Quliyeva, Xalq artistləri Mənsum İbrahimov, Aygün Kazımova, Brilliant Dadaşova, Ənvər Sadıqov, Əməkdar incəsənət xadimi Faiq Sücəddinov, Əməkdar artist Murad Dadaşov, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, “Xəzər” TV-nin Proqramlar Departamentinin direktoru Kənan Bayramov, aparıcı Hacı Nuran, rəqqasə Oksana Rəsulova və başqaları olub.
“Bəxt üzüyü 2” nümayiş olunmazdan qabaq ekran işinin heyəti izləyicilərin qarşısına çıxıb.
Əməkdar artist Tahir İmanov zalda əyləşən qonaqları salamlayaraq film haqda danışıb. Daha sonra isə sözü Xalq artisti Afaq Bəşirqızına verib. Sənətçi çox həyəcanlı olduğunu və heç bir söz deyə bilməyəcəyini bildirib.
Ekran işində Xalq artisti Arif Quliyevin də rol alması diqqətdən yayınmayıb. 27 il öncə sahə müvəkkilini oynayan aktyor bu dəfə tamam fərqli peşənin sahibi kimi tamaşaçıların qarşısına çıxıb. Arif Quliyevin səhnələrində “Bəxt üzüyü”nün birinci hissəsindən kadrlar nümayiş etdirilib.
Filmdə Əməkdar artist T.İmanov “Söylü”nün oğlu “Xoşbəxt”i, C.İmanov isə Rusiyada bizneslə məşğul olan qardaşı “Fedot”u canlandırıb.
İmanovun yaratdığı “Xoşbəxt”i özünün müsahibəsində tənqid etdiyi tipik “qurşaq altı” zarafatları ilə gülüş yaradan obrazlardan fərqlənməyib.
Filmdəki hadisələr nisbətən uzadılıb və sona doğru isə tezbazar yekunlaşdırılıb.
“Bəxt üzüyü 2” filmində Əməkdar artist Bəhram Bağırzadə, aparıcı Fariz İlyasov, aktyorlar Duyğu Dəvəli və Emil Musayev də rol alıb.
Qeyd edək ki, filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, icraçı prodüseri Mirsalam Mirsalamovdur.