USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Dünyanın ən sirli nüvə mərkəzinin AZƏRBAYCANLI ALİMİ "Orada insan cəmi 1 dəqiqəyə ölür" - FOTO

19:19 02.02.2018
Dünyanın ən sirli nüvə mərkəzinin AZƏRBAYCANLI ALİMİ "Orada insan cəmi 1 dəqiqəyə ölür" - FOTO
19:19 02.02.2018

 Mynews.az publika.az-a istinadən Almaniyanın ilk azərbaycanlı fizikaçı alimi, İsveçrənin "CERN" nüvə mərkəzində çalışan yeganə soydaşımız Anar Rüstəmovla müsahibəni təqdim edir:

- Anar bəy, vətənə xoş gəlmisiniz.

- Təşəkkür edirəm.

- Dünyada ən fantastik kəşfləri gerçəkləşdirilən nüvə mərkəzinin mütəxəssisisiniz. Bu çətin yolu necə qət etdiniz?

- 1977-ci ildə Şamaxıda doğulmuşam. Bakı Dövlət Universiteninin fizika fakültəsini bakalavr və magistratura pilləsi üzrə qırmızı diplomla bitirmişəm. 2001-ci ildən Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İstitutunda çalışmağa başladım. Orada nəzəri fizikadan təcrübi fizikaya keçid etdim. Bir müddətdən sonra Almaniya Federativ Respublikasının Darmştat şəhərinə dəvət aldım. Ağır yollar üzrə elmi tədqiqat mərkəzində çalışandan sonra doktorantura pilləsində təhsil alıb, Höte adına Frankfurt Universitetində mühazirə oxumağa başladım. Az sonra İsveçrə ilə Fransanın sərhəddində yerləşən "CERN" nüvə mərkəzinə işə dəvət edildim. Burada adron kollayder quraşdırılıb və olduqca mühüm məsələlər önə çəkilib. Əsas məqsəd "X" zərrəciyi olan skalyar bazonun axtarışıdır. Bu məqsədlə 100 metr dərinliyində, 27 km uzunluğunda tunel qazılıb. Həmin tunelin içində zərrəciklərin, yəni nüvələrin hərəkəti işıq sürətinədək tezləşdirilib, 4 nöqtədə bir-birilə toqquşdurulurlar. Bu zaman da çoxlu sayda zərrəciklər əmələ gəlir. Sadə dillə desək, yaşadığımız kainatın ilk anları yaradılır. Təsəvvür edin, laboratoriya şəraitində bütün kainatın yaradılışından 10 mikrosaniyə sonrakı halını müşahidə edə bilirik.

- Bu proses necə baş verir?

- Yəqin ki, optik teleskop görmüsünüz. Baxın, bu teleskoplar göy cisimlərindən gələn siqnalları araşdırırlar. Bir də var elektromaqnit spektorunun müxtəlif sahələrini qəbul edən teleskoplar. Lakin bu siqnalları teleskopla tutmaq üçün o siqnalların bizə gəlməsini gözləmək lazımdır. Kainatın da yaradılma mexanizmi elədir ki, bu siqnallar bizə yalnız 400 000 il sonra göndərilir. Ondan əvvəl baş verənləri isə öyrənmək mümkün olmur. Bu vaxt yeganə yol qalır, kainatın ilk anını laboratoriya şəraitində yaratmaq... Biz də bayaq qeyd etdiyim kimi, nüvələrin hərəkətini işıq sürətinə çatdırıb, kainatın yaradılışını müşahidə edirik.

- Müşahidələrinizin heyrətamiz yönlərini bizə sadə dillə izah edə bilərsinizmi?

- Temperatur Günəşin mərkəzindəki bugünkü istilikdən 100 000 dəfə çox olur. Yəni həmin şəraitdə kainat o qədər isti olur ki, zərrəciklər bildiyimiz formada deyil, onların tərkib hissələrinə bölünürlər. Məsələn, atom nüvədən və onun ərtafındakı elektronlardan ibarətdirsə, temperatur artdıqca, öncə həmin elektronlar atomlardan qopur. Daha sonra nüvə də parçalanmağa başlayır. Yəni temperatur 2 min milyard dərəcəyədək artırılır. Bu prossesdən kvarklar, ionlar əmələ gəlir. Sonra isə kvarklar bir-birinə birləşərək, protonları, neytronları, nüvəni yaradaraq ulduzlar, qalaktikalar formalaşır. Bu kainatın 14 milyard il əvvəlki yaradılış anının vəziyyətidir.

- Bu nüvə mərkəzi yalnız İsveçrədədir?

- Xeyr, Amerika Birləşmiş Ştatlarında, Rusiyada və digər ölkələrdə də mərkəzlərimiz var.

- Hansı daha fəaldır?

- Hər bir mərkəzimizin əməkdaşları fəaldırlar. Lakin enerji baxımından İsveçrədəki mərkəz daha güclüdür.

- Təcrübələriniz ilboyu gedir?

- Təbii ki, ilboyu yerin altında proses gedir. Yerüstü laboratoriyalarda isə araşdırmalar aparılır.

- Yəqin ki, tunellər həyat üçün təhlükəlidir.

- Təbii ki, orada gedən reaksiyalar, radiasiyanın səviyyəsi o qədər güclüdür ki, insanın ölümü üçün cəmi 1 dəqiqə kifayət edir. Həmçinin Yer qabığı və tunelin örtüldüyü beton qatı radiasiyanın qarşısını alır. Lakin cihazların hamısı həmin tunellərdə yerləşir.

- Əminəm ki, sizin bu ixtiralarınız, kainatın yaradılışı ilə bağlı bir sıra təhrif edilmiş elmi faktlara aydınlıq gətirir. Bu haqda məlumat verə bilərsinizmi?

- İndiyədək ən böyük problemlərdən biri kütlənin necə əldə olunması idi. Bunun nəzəriyyəsi də vardı. Nəzəriyyə bizə deyirdi ki, mühitdəki zərrəciklər müəyyən X sahəsi ilə qarşılıqlı təsirə girir və kütlə yaranır. Həmin sahə də 2012-ci ildə mərkəzimizdə ölçüldü və buna görə Nobel mükafatı alındı. Bu nəhəng kəşf sayılırdı. İkinci qlobal məsələ odur ki, kainat durmadan genişlənməkdədir. Bu isə qaranlıq enerjinin varlığı ilə əlaqədardır. Ətrafımızda gördüyümüz ulduzlar, qalaktikalar kainatın sadəcə 5 faizini təşkil edir. Yerdə qalan sirli 95 faizdən heç xəbərimiz də yoxdur. Buna qaranlıq enerji, yaxud materiya deyirlər. Həmçinin bu gün istifadə etdiyimiz sensor ekranlı telefonlar da məhz bu mərkəzdə kəşf olub. Çünki alimlər öncə öz işlərini asanlaşdırmaq üçün cihazların ekranını sensorlaşdırıblar. Daha sonra isə mobil telefonlarda və bir sıra digər alətlərdə tətbiq olunmağa başlanıb. Bundan əlavə "www" protokolu da CERN-in kəşfidir.

- CERN nə vaxt yaradılıb?

- 1954-cü ildə yaranıb. Hazırda 22 üzv ölkə var.

- Ölkəmiz üzvlər sırasındadır?

- Üzvlər sırasında təəssüf ki, hələ yoxuq. Çünki bu mərkəzlərdə quraşdırılan ən sadə cihazın qiyməti 8 milyard avrodur. Bunun ödənişini isə üzv dövlətlər edir. Burada gerçəkləşdirilən "Alis" təcrübəsi ilə Azərbaycanın müqaviləsi var və həmin layihəyə mən başçılıq edirəm. Əlavə olaraq, İsveçrə rəhbərliyi məni öz ölkələrinin fizika qrupuna başçı təyin edib.

- Alimlər hazırda qlobal istiləşmə gəlir deyə, həyəcan təbili çalırlar?

- Hazırda kainatda genişlənmə gedir və bu prosses baş verirsə, demək ki, soyuyacaq. Əvvəllər belə bir nəzəriyyə vardı ki, kainat genişlənəndən sonra yığılmağa başlayacaq və bu da istiləşməyə səbəb olacaq. Yəni başlanma nöqtəsinə geri dönəcək. Lakin sübut olundu ki, kainat nəinki genişlənir, hətta təcillə genişlənir. Bu isə buzlaşmaya səbəb olacaq, nəticədə milyon illər sonra kainat məhv olacaq. Həmin genişlənmənin səbəbi isə qaranlıq enerjidir. Hətta ömrünü sırf bu araşdırmaya həsr edən Eynşteyn də araşdırmalarında dediyimiz nəticəyə gəlmişdi. Lakin o sonradan bunu həyatının ən böyük səhvi adlandırmışdı. İndi elm sübut edir ki, Eynşteynin ən böyük yanlışı əslində ən doğru kəşfi olub.

- Bu qaynar xəbərləriniz üçün sizə təşəkkür edirəm. Çünki hətta xarici mediada bu tip elmi xəbərlərə nadir hallarda rast gəlirəm. Bəs bu cür fantastik ixtiralara imza atan dünya alimləri xərçəng kimi sadə xətəliyin müalicəsini tapa bilmirlər?

- Bilirsiniz, xərçəng çox maraqlı xəstəlikdir. Çünki o adətən radiasiyadan yaranır və radiasiya, müxtəlif şüalarla da müalicə edilir. Hazırda dünyanın qabaqcıl tibbi araşdırmaçıları bunun üzərində ciddi çalışırlar. Almaniyada xüsusi onkoloji mərkəzlər var. Bu klinikalarda xəstələr sürətləndirdiyimiz zərrəciklərlə şüalandırlırlar. Əsas odur ki, bu qamma şüalarla müalicə zamanı sırf zədələnmiş hüceyrələr məhv olur. Digər sağlam hüceyrələr zərər görmür. Sevindirici haldır ki, mərkəzlərdə müalicə görən xəstələr sağlamlıqlarına qovuşurlar.

- Neçə ildir ki, Almaniyadasınız?

- 18 ildir. Yeni köçəndə dəqiq və ciddi alman mühiti məni sıxmağa başladı. Çünki bu ölkədə insanların günlük işləri həftələr, hətta illər öncədən planlaşdırılır. Lakin bizdə hər şey fərqlidir. Hər günümüz fərqlilik, yenilikdir. Onu da deyim ki, mən fizika sahəsi üzrə Almaniyada doktorluq müdafiə edən ilk azərbaycanlıyam. Bununla da ayrıca qürur duyuram.

- Ailəlisiniz?

- Bəli, həyat yoldaşım da azərbaycanlıdır. 3 övladımız var. Hər 3-ü ana dilimizdə səlis danışırlar. Çox gözəl də təhsil alırlar.

- Bəs iki ölkənin təhsil sistemində nə kimi fərqlər var?

- Billirsiniz, Azərbaycan təhsili nəzəri cəhətdən çox güclüdür. Lakin Almaniyada ümumiyyətlə, Avropada təcrübi elm çox üstündür. Bu iki sistemi birləşdirəndə möhtəşəm kəşflər etmək mümkündür. Hazırda Azərbaycana gəlməyimin səbəbi elmlər doktoru disertasiyamı müdafiə etməkdir. Lakin ildə bir neçə dəfə vətənə gəlib, Baki Dövlət Universitetində mühazirələrlə çıxış edirəm. Qismət olarsa, istedadlı tələbələrimizi Almaniyaya aparmağı da düşünürəm.

- Anar bəy, dəyərli açıqlamalarınız üçün minnətdaram.

- Buyurun. Mənim üçün xoş oldu.


Xəbər lenti

300x200r