“Vətən xaini” olaraq adlandırılan 220 saylı məktəbin müəllimi açıqlama verdi.
A24.az xəbər verir ki, keçən ilin dekabr ayında gündəmə “Vətən xaini” olaraq gələn 220 saylı məktəbin ingilis dili müəlimi Rövşən Əzizov xalqa açıqlama verib. O, açıqlamasında həqiqətlərdən xəbərsiz kütlənin onu düşmən kimi görməsinin əsası olmadığını bildirib.
Yalan məlumatlarla qaralandığını bildirən Rövşən Əzizovun sözlərinə görə şagirdlərinə “düşmənlərimizi sevək” mesajını deyil, “Azərbaycan və Ermənistan arasında sülh yollarını necə tapmaq olar” mesajını dilə gətirərək hər iki tərəfin itki verməməsi üçün, anaların gözü yaşlı qalmaması üçün düşmənçiliyə deyil, sülh münasibətlərinin qurulmasına çalışıb. Onun fikrincə sadə erməni vətandaşlarının hamısı Azərbayacana düşmən ola bilməz. Ümumiyyətlə insanlara düşmənçilik dövlətin siyasəti olduğu üçün uşaqlıqdan təbliğ edilməyə başlayır. Burada əsas günahkar xalq yox, dövlətdir.
Xalqa video ilə müraciətində Rövşən Əzizov bilidirir:
“2017-ci il dekabrın 23-də 220 saylı məktəbə şagirdlərin gözü qarşısında sülh təbliğimə görə məni təhqir etmək, “erməni”, “erməni agenti”, “Get Ermənistana sənə burada yer yoxdu” kimi sözlərlə məni alçaltmaq üçün sinifə basqın etdilər.
Məni alçaltmağa çalışan bəzi təşkilat nümayəndələri xaricdən aldığı qrantlar hesabına yaşayır, amma “Vətən, Vətən” deyərək sinələrinə döyürlər. Yeri gələndə isə bütün həyatını Azərbaycan övladlarına verən və buna görə peşman olmayan, Azərbaycan bayrağını dünya çempionatında zirvəyə qaldıran, daim Azərbaycan adını yüksəklərdə tutan Rövşən Əzizova qarşı bu cinayəti işlədilər.
Bu təhdidlərdən sonra adını Qarabağ Azadlıq Təşkilatı qoyan, amma Qarabağın qayıtması üçün iynənin ucu qədər belə bir iş görməyən təşkilat nümayəndələri gücünü ancaq bir müəllim üzərində göstərməyə çalışaraq Təhsil Nazirliyinə qarşı çağırışlar edərək 4 gün ərzində işdən qovulmağıma səbəb oldular. Bu hadisəni səhərisi bütün erməni mətbuatları “Sülh çağırışı edən bir müəllimi işdən qovdular” başlığıyla xəbərlər paylaşmağa başladılar. Beləcə dünyada Azərbaycanın imicini aşağı salınmasında və mənim haqqımda yalan məlumatlar yayan o təşkilatlar mühüm rol oynadı.
Necə oldu ki, bir çox telekanalda ATV, İctimai, Xəzər televiziyasında mənim dərslərimin keyfiyyəti haqqında, “Azərbaycan təhsilində yenilikçi müəllim” – deyə xəbər verənlər üçün birdən-birə ən pis müəllim oldum və işdən çıxarıldım. Bəlkə elə bilərdiniz ki, qarşınızda haqqı tapdalanan və sakit dayanan bir şəxs olacaq, yanılısınız. Çünki mən uşaqlarıma belə, hər zaman haqlarının tapdalanmasına icazə verməməyi öyrətmişəm. Uşaqlara öyətdiyim ilk şey hər zaman özünə inamdır. Haqqımda çoxlu yalan xəbərlər verdilər, amma yalan ayaq tutar yeriməz. Haqqımda xəbərlər yaydılar ki xaricdən külli miqdarda pul alır, amma heç bir halda bunu yenə sübut edə bilmədilər.
Mənim “Hayes Turkes” adlı YouTube-a yüklədiyim videoma baxmadan məni təhqir edənlər oldu. Halbuki o video Azərbaycanın alqışını alacaq bir videodur. Mən əminəm ki, Azərbaycanda yaşayan hər bir insan bir gün mənim sözümün doğruluğunu qəbul edəcək.”