Paytaxtın mərkəzində qəzalı vəziyyətdə olan evlər sökülüb,yerində isə müasir formada olan yaşayış binaları tikiləcək. Artıq işlərə də başlanılıb.sakinlərə isə tikiləcək binalardan tam təmirli mənzillər veriləcək. Xətai və Sabunçu rayonlarında başlanan bu işlərin yaxın illərdə başa çatdırılması planlaşdırılır.
Paytaxtın iki yerində qəzalı vəziyyətdə olan yaşayış evlərinin söküntüsünə başlanılıb.Yerində isə hündürmərtəbəli binalar tikiləcək.
Söhbət Xətai və Sabunçu rayonlarında yerləşən evlərdən gedir. Metronun Xətai stansiyasının yaxınlığında, Sabit Orucov küçəsində yerləşən qəzalı vəziyyətdə olan 100-ə yaxın ailənin yaşadığı birmərtəbəli evlərin söküntüsünə başlanılması üçün ərazi hasara alınıb. Söküntüyə başlanılması üçün binanı inşa edən tikinti şirkəti ilə sakinlərin bəziləri arasında razılığa da gəlinib.Sakinlər arasında mənzilləri boşaldanlar da var.Onlara kirayə mənzillərdə qalaması üçün kirayə haqqı ödənilib.
Bəzi sakinlər isə bildirir ki,ərazi hasara alınmasına baxmayaraq onlara bununla bağlı müraciət edən olmayıb.
Tikinti aparacaq şirkətin nümayəndəsi Kamil Məmmədov deyir ki, sakinlərin heç bir narahatçılığına ehtiyac yoxdur. Söküləcək bu evlərin yerindən bir neçə 18 mərtəbəli yaşayış binası tikiləcək.Sakinlərə evlərin verilməsi ilə bağlı onlarla əvvəlcədən müqavilə imzalanır.
Yaşayış binalarının 2 il müddətində istifadəyə verilməsi nəzərdə tutulub.Sabunçu rayonu Nazim İsmayılov prospektində isə pilot layihəyə uyğun olaraq 100-dən artıq qəzalı vəziyyətdə olan 157 ailənin yaşadığı 2 mərtəbəli evlərin söküntüsünə başlanılıb.Artıq həmin evlərdən sakinlər köçürülərək kiray mənzillərdə yerləşdirilib.
Sabunçu rayon icra hakimiyyətinin Bakıxanov qəsəbəsi üzrə icra nümayyəndəsi Vidadi Səlimov deyir ki, həmin evlərin yerində müasir formada olan çoxmərtəbəli yaşayış evləri tikiləcək.
Bu yaşayış binalarının ilyarıma tikilib istifadəyə verilməsi nəzərdə tutulub.