"11-ci sinifdə oxuyurdum. Məktəbin bitməsinə bir neçə ay qalmış görürdüm ki, qızlarla məktəbdən çıxanda ucaboy və yaraşıqlı bir oğlan bizi izləyir. Gün keçdikcə həmin oğlan məndə maraq doğurdu və ona qarşı müəyyən hisslər yaranmağa başladı. Bir müddət sonra məlum oldu ki, həmin oğlanın da məndən xoşu gəlir. Artıq məktəbin bitməsinə sayılı günlər qalırdı və biz sevgili idik. Onu çox sevirdim. Axırıncı dərslərdən bəhanə ilə qaçaraq, onunla gizlicə görüşürdüm. Amma bu xoş günlərimizin bitməsinə az qalırdı. Bilirdim ki, məktəb bitdikdən sonra daha onunla görüşə bilməyəcəm. Bakı kəndlərindən birində yaşayırdım, çox mühafizəkar ailəm vardı. Hətta atam məni 9-cu sinifdən sonra məktəbdən çıxarmaq istəyirdi, amma birtəhər razılığını alıb, oxumağa davam etmişdim. Valideynlərim deyirdi, məktəbi qurtarandan sonra səni qohumlarımızdan biri ilə evləndirəcəyik. Onlar düşünürdü ki, qız uşağını tez ərə vermək lazımdır. Mən isə qətiyyən buna razı ola bilməzdim. Sevdiyim oğlana dedim ki, elçilərini göndər bizə, bəlkə valideynlərim məni sənə verməyə razı olar. Amma o, qətiyyətlə bundan boyun qaçırdı, dedi, onsuz da səni mənə verməyəcəklər. Yaxşısı budur, gəl birlikdə qaçaq, sonra valideynlərin də bunu qəbul edəcək. Razı oldum. Məni kirayə tutduğu evə apardı. Dedi, indi öz evlərinə apara bilməz, qoy bir az ara sakitləşsin, sonra məni valideynləri ilə tanış edəcək və toyumuz olacaq".
"Mən evliyəm, səni də ikinci ailə kimi saxlayıram"
Milli.Az bildirir ki, bu hadisəni ailem.az-a Gülnar Hacıyeva (ad şərtidir) danışır. Deyir ki, günlər, aylar keçməsinə baxmayaraq, qoşulub qaçdığı şəxs onu nə valideynləri ilə tanış edirdi, nə də toy olurdu: "Artıq hamilə idim. Amma fikir verirdim ki, nəsə mənə qarşı soyuq davranır. Getdikcə evə də gəlməməyə başladı. Hardasa başqa yerdə qalırdı. Səbəbini öyrənmək istədikdə bir bəhanə ilə üstümə qışqırır, hətta əl qaldırırdı. Belə mübahisələrin birində isə dedi ki, mən evliyəm, uşaqlarım da var, səni də elə-belə, ikinci ailə kimi saxlayıram. Xoşun gəlir, qəbul elə, gəlmir, çıx get. Mən hara gedə bilərdim? Valideynlərim artıq məni bir övlad kimi silmişdi öz həyatlarından. Qaçandan sonra anama zəng vurdum, dedi ki, bizim sən adda övladımız yoxdur, bir daha bizi axtarma, atanın papağını yerə soxmusan...
Bir neçə ay sonra Günel dünyaya gəldi. Sevdiyim, uğrunda valideynlərimi qurban verdiyim adam heç öz övladına atası olduğu barədə sənəd də verməyə razı olmadı. Bizi atıb getdi. Hazırda Günelin 5 yaşı var, mən onu özüm satıcı işləyərək saxlayıram. Qızımı sənədi olmadığı üçün bağçaya da qoya bilmirəm, eləcə qonşuların ümidinə buraxıb çıxıb gedirəm işə..."
Danılmaz həqiqətdir ki, Gülnarın başına gələnlər bir çox xanımın başına gəlir.
Uşağın atasının kimliyi elə də əhəmiyyətli deyil...
Qadınlar bir çox səbəblər nəticəsində qeyri-rəsmi nikaha sövq edilir və nəticədə özləri də, dünyaya gətirdikləri uşaqlar da xeyli problemlərlə qarşılaşırlar. Amma elə qadınlar da var ki, bu seçimi könüllü edir. Hətta bir çox məşhurlar qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirirlər. Onlardan bu haqda soruşanda əksəriyyəti deyir ki, ailə qurmaq yox, sadəcə bir övlad sahibi olmaq istəyirlər. Yəni onlar üçün uşağın atasının kimliyi elə də əhəmiyyət daşımır...
Maraqlısı isə budur ki, bu cür düşünən və hərəkət edən qadınlar cəmiyyət tərəfindən də heç bir qınağa tuş gəlmir, sanki adi hal kimi qarşılanır. Halbuki əvvəllər nəinki bu hərəkəti etmək, hətta danışmağa belə, heç kim özündə cəsarət tapmazdı.
Bəs görəsən hazırda cəmiyyətdə bu kimi hallar niyə artır? Qeyri-rəsmi nikaha, kiminsə ikinci həyat yoldaşı olmağa səbəbiyyət verən psixoloji məqamlar hansılardır? Hüquqi qaydada bu məsələlər necə tənzimlənir və qanunsuz nikah nəticəsində doğulan uşaqlar hansı problemlərlə qarşılaşırlar? Rəsmi nikahı yox, dini nikahı əsas sayanlar fikirlərində haqlıdırmı? Ailem.az bu suallara mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildə 24 038 olub. 2016-cı ildə isə bu rəqəm artaraq 26 288-ə yüksəlib.
Ailə məcəlləsinin 45.1 bəndinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
Həmçinin məcəllənin 46.3 bəndinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
"Uşağı tulla, gəl, səni qəbul edək"
Məsələ ilə bağlı Ailem.az-a danışan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, qeyri-rəsmi nikahların kökündə dayanan səbəblərdən biri və ən əsası əmlak məsələləridir: "Yəni əmlak məsələlərində qarşı tərəf özünün pulunu, əmlakını sığortalamaq istəyir. Bununla yanaşı aliment məsələsi də var. Amma övladlarını, xanımın həyatını təhlükə altında qoymaqdan çəkinmirlər".
Birlik sədri qeyd edir ki, bəzi hallarda övladların qeyri-rəsmi nikahına görə valideynlər də günahkardır: "Bəzi valideynlər qızlarından qurtulmaq üçün rəsmi nikahın olmamasına rəğmən, onu evləndirirlər. Dini nikahı əsas götürürlər, hesab edirlər ki, ən vacib budur. Allah qarşısında bu halaldır. Və sonrakı proseslərdə həmin adamlar heç övladlarına və nəvələrinə yaxın durmurlar. Tez-tez eşidirik deyirlər ki, uşağı tulla, gəl, səni qəbul edək. Qadının özünün tələsik ərə getməsi və qanuni prosedurların onun üçün əhəmiyyətli olmaması faktı da var. O fikirləşir ki, getdiyi yerdə hər şeyə sahib olacaq. Bu hal onların nikahının möhkəmliyinə maneçilik törətmir. Bəzi hallarda oğlanlar da manipulyasiya ilə məşğul olur. Onlar deyir ki, rəsmi nikah nəyinə lazımdır, bizim sevgimiz rəsmi nikahdan, bir kağızdanmı ibarətdir? Bu cür sözlərlə qızı aldadır, hisslərindən sui-istifadə edirlər.
"2 min manat pul olmalıdır ki, atalıq faktı müəyyən olunsun"
M.Zeynalova deyir ki, qanunvericiliyə görə, hətta rəsmi nikah olmadıqda belə, atalıq faktı müəyyən olduqda şəxs aliment ala bilər. Amma bəzən kişilər uşağın ondan olmasını inkar edirlər: "Bəzən atalar boyun qaçırır ki, mənim övladım deyil. Atalıq faktını müəyyən etmək üçün də müəyyən rüsum lazımdır. O rüsum da ucuz deyil. Haradasa 2 min manatdan çoxdur. Həssas vəziyyətdə olan qadının o rüsumu ödəyib atalıq faktını müəyyən etmək imkanı məhdud olur. Bəzi hallarda bioloji testdən keçmək və sonradan ataya bunu ödətdirmək olur. Amma xanım atalıq faktını müəyyən edə bilməyəndə aliment almaq hüququndan məhrum olur. Əgər uzun müddət bir yerdə yaşasaydılar, birgə əldə etdikləri gəliri bərabər bölərdilər. Amma qeyri-rəsmi nikahda bunu sübut etmək çox çətindir".
"Bəlkə nə vaxtsa ürəyinə mərhəmət düşər..."
M.Zeynalovanın sözlərinə görə, belə faktlar ortaya çıxanda uşaqların sənədləşmə işində problemlər yaranır: "Qadınlar çox vaxt istəmir övladı haqqında "atasız" deyilsin. İllərlə sənəd gözləyə bilirlər ki, bəlkə nə vaxtsa kişi insafa gələr, ürəyinə mərhəmət düşər, uşağa atalıq verər. Bəzən olur ki, 5-6-7 yaşlı uşağın sənədi olmur. Bu zaman o, məktəbdən yayınır, bağçaya getmə imkanında məhdudiyyətlər yaranır. Əslində problem mühitdədir. Bir çox hallarda biz özümüzə yox, kişiyə güvənməyə çalışırıq. Onun bizi saxlamasını istəyirik. Qadın öz ayağı üstündə durmağı bacarmalıdır. Ona görə də kim oldu ərə gedək, əsas odur yanımda kişi olsun, məni təmin eləsin deyib, bu addımı atmaq olmaz".
"Qadın uşağı dünyaya tək gətirmir..."
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyir ki, qeyri-rəsmi nikahda olan qadınların dəqiq statistikası yoxdur: "Amma biz digər məlumatlarla bunu əsaslandıra bilirik. Məsələn, rəsmi nikahda qeydiyyata alınmamış qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı ilə. Bu sayın özü qeyri-rəsmi nikahlar barədə dəqiq də olmasa, təsəvvür yaradır. Burada da iki məqam var. Biri var hər iki valideynin ərizələrinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınan uşaqların sayı. Rəsmi qeydiyyatda deyil bu qadın, amma eyni kişidən ikinci, üçüncü uşağı doğulur. Onlar normal ailədir, firavan yaşayırlar və sair. Dini nikahları var, sadəcə rəsmi nikahları yoxdur. Hansısa obyektiv, subyektiv səbəblərdən sənədləri hazır olmayıb, yaxud rəsmi müraciət etməyiblər. Digər məqam isə tək ananın ərizəsi ilə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınan uşaqların sayı ilə bağlıdır. Bəli, bu məsələ bizi daha çox narahat edir. Əslində, hər iki hal düzgün deyil. Çünki ailə qurulursa, mütləq rəsmiləşdirilməlidir. Rəsmi nikah ailənin ümdə əsasıdır. Və bu rəsmi nikah həm də ailənin hüquqi prosedurlardan keçməsi üçün bir növ vacib olan sənəddir. Doğulan uşağa şəhadətnamə alınması, ev alqı-satqısı, başqa ölkələrə gedəndə, istənilən hüquqi prosedurlar zamanı rəsmi nikah qadın və kişi üçün vacibdir. Amma tək ananın ərizəsi əsasında qeydə alınan uşaqların sayı daha narahatedici məqamdır. Məsələn, qadın bir kişi ilə qeyri-rəsmi yaşayır, onun ikinci ailəsi ola bilər. Yaxud hər ikisi subaydır və qeyri-rəsmi bir yerdə yaşayırlar və bu münasibətlər nəticəsində uşaqlar dünyaya gəlir. Bir çox halda atalar Ədliyyə Nazirliyinə müraciət etmir və analar tək müraciət edir".
A.Veysəlovanın sözlərinə görə, komitə bu sahədə maarifləndirmə işlərini davam etdirir: "Xüsusilə regionlarda maarifləndirmə işlərinə daha çox əhəmiyyət verilməlidir. O cümlədən bu maarifləndirmə işləri təkcə qadınlar yox, həm də kişilər arasında aparılır. Çünki qadın uşağı dünyaya tək gətirmir. Burada kişinin də məsuliyyəti var. Qeyri-rəsmi yaşasalar da, o, uşağın atasıdır. Və ata olaraq onun da qarşısında uşağın sosial məsuliyyəti var".
"Bir uşağım olsun, başqa heç nə lazım deyil"
Psixoloq Vəfa Rəşidova problemin psixoloji məqamlarına aydınlıq gətirərək deyir ki, qeyri-rəsmi nikahların çoxalması, yaranması, ümumiyyətlə, bu qədər normal şəkildə qəbul olunması bir az təqlid forması daşıyır: "Misal olaraq deyirəm ki, xanımın rəfiqələri var. Artıq bunlarda bir təqlid şəklində hal yaranır ki, o, bunu edirsə, mən niyə etməyin? O, azad yaşayırsa, mən niyə yaşamayım? Bu cür insanların düşüncəsində, psixologiyasında azadlıq eşqi durur. Əslində bunu azadlıq adlandırmaq absurddur. İnsan başqa cür də azad ola bilər. İnsan ailə qurursa, bu o demək deyil ki, azadlıqdan məhrum edilib. Amma əksər xanımların düşüncəsində belə bir fikir dayanır. Mən qanuni, rəsmi ailə qursam, azadlığım əldən gedəcək, həyat yoldaşım mənə heç nə etməyə icazə verməyəcək. Ondansa qeyri-rəsmi ailə qurum, bir uşaq da dünyaya gətirim, bu şəkildə də yaşayım, heç kim mənə heç nə deməsin. Düşüncəyə baxın. Burada nə qədər psixoloji sarsıntı var".
Psixoloq bildirir ki, bu cür düşüncəyə sahib olanlar zamanında ailəsindən travma alan insanlardır: "Atası ilə anasının münasibətlərini o qədər dəstəkləməyən, uşaqlıq zamanı travma alan, ailə ilə bağlı neqativ düşüncədə olan insanlardır. Yəni burada o qədər psixoloji məqam var ki, sadalamaqla bitmir. Yaxud da belə bir fikir var - bir uşağım olsun, mənə həyatda heç nə lazım deyil. Bu, müvəqqəti bir həyat üçündür. Bir xanım 7-8 il belə həyata dözə bilər. Həmin o 7-8 ili qeyri-rəsmi nikahda olmaq, yaxud hansısa kişinin ikinci xanımı olmağı seçmək qadın üçün çox çətindir. Yəni gözəl yaşayım, gəzim, rahat olum, bir uşağım var, uşaq da böyüyəcək kimi səthi fikirlər yürüdən insanlar bu fikirdə olur. Baxsanız, həmin fikirləri yürüdən xanımların ətrafı da, rəfiqələri də eyni düşüncədə, eyni strategiyadadırlar. Təqlid dediyim budur".
"Həmin uşaqlar da ata, bacı, qardaş istəyir..."
V. Rəşidovanın fikrincə, ciddi münasibətdən qorxan, ehtiyat edən qadınlar qeyri-rəsmi nikahdan çəkinmirlər: "Bu, bir az da münasibətlərdən qorxan xanımlar üçündür. Ciddi münasibətlərdən qorxan, ehtiyat edən xanımlar əsasən belə hallar yaşayırlar. Çünki onlar üzərlərinə məsuliyyət götürməkdən ehtiyat edirlər. Elə insanlar var ki, bu şeylərdən uzaqlaşırlar, mental dəyərlərə gülürlər, lağa qoyurlar ki, əşşi, o qaldı keçmişdə. Xeyr, bu, belə deyil. Mental dəyərlər hər zaman bizə doğru istiqaməti göstərib. Burada əsas məqamlardan biri də özgüvənsizlikdir. Xanımlara üzümü tutub deyirəm ki, özünüzə inanın. Deməyin, yaşım 30-u keçib. Məni bundan sonra kim alacaq deyib, kiminsə ikinci həyat yoldaşı olmayın. Həmin münasibətdən doğulan uşaqların da nə hiss etdiyini bilmək lazımdır. O da ailə - ata, bacı, qardaş istəyir. Bir xanım maksimum 10 il xoşbəxt yaşayacaqsa, bir uşaq ömür boyu əziyyət çəkəcək. O, qardaşsız, bacısız, çox çətin bir həyat yaşayacaq".
"Dini nikah kəsilməsinin qarşısını almaq lazımdır"
Bəzi hallarda rəsmi nikaha yox, dini nikaha üstünlük verilməsi ilə bağlı məqamlara münasibət bildirən dini ekspert Elşad Miri deyir ki, peyğəmbərin dövründə dini nikah və yaxud da dini olmayan nikah anlayışı yox idi və heç bir zaman da olmayıb: "Bu dini nikah anlayışı çox sonralar ailə məcəlləsi türk dilinə tərcümə olunub, qəbul ediləndən sonra ortaya çıxıb. Orada da əslində dini nikah deyil, kilsə nikahından söhbət gedirdi. Ona görə də türkcədə tərcümədən imam nikahı, dini nikah altında gündəmə gətirilib. Əslində bizdə İslamda bir nikah var - onun adına da əqd deyirlər. Bu əqd isə Azərbaycan qanunvericiliyində bir termin olaraq günümüzdə də olan məsələdir. Əqd zamanı tərəflər və onların şahidləri olur, razılıq olur və bu əqd elan olunur. Əqd olanda hər iki tərəfin hüquqları qorunur. Amma bugünkü dini nikah altında həyata keçirilən nikahlarda qadının haqqı qorunmur. Aliment məsələsi yoxdur. Çünki dini nikah adı altında bizə sırınan nikahı bağlayanlar Allahın yer üzündəki nümayəndələri, təmsilçiləri deyillər. Allah onlara bu barədə xüsusi vəzifə verməyib. Ona görə də mən bu aspektdən yanaşıb deyirəm ki, hüquqi sənədi olan, dövlət tərəfindən tanınan hər iki tərəfin, həm qızın, həm oğlanın hüquqları qəbul olunan rəsmi dövlət qeydiyyatından keçməyə təşviq etmək lazımdır. Və bununla dini nikah kəsilməsinin qarşısını almaq lazımdır".
***
Aparılan kiçik araşdırmadan da bəlli oldu ki, bəzən cəmiyyətdə müəyyən stereotiplərin dəyişməsi, bəzən də qadınların bilgisizliyinin nəticəsi olaraq qanunsuz nikahlar günümüzün aktual problemi olaraq qalır. Nəticədə onların özləri ilə bərabər uşaqları da bir çox qanunsuzluqlarla, haqsızlıqlarla qarşılaşırlar. Öz real hüquqlarını tələb etməkdə aciz qalırlar. Yaxşı olar ki, aidiyyatı qurumlar tərəfindən daha təsirli mexanizmlər tətbiq olunaraq qeyri-rəsmi nikahların qarşısı alınsın ki, günahsız uşaqlar kimlərinsə mal-mülk hərisliyinin qurbanına çevrilməsin.