Saytların daha çox oxucu cəlb etmək üçün son dövrlər istifadə etdiyi taktikalardan biri də “çağıran” başlıqlardır.
“Dəhşət”, “Şok hadisə”, “İnanmayacaqsınız” kimi sözlərlə bəzədilən bu başlıqlar çox vaxt xəbərin məzmunundan uzaq olur. Amma etiraf edək ki, öz-özünü maliyyələşdirən saytlar çox vaxt reklamvericilərini qorumaq üçün bu cür üsullara əl atırlar. Daha doğrusunu deyək, məcbur olurlar. Lakin bu kimi başlıqlar verilən xəbərlər cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır.
“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Mətbuat Şurası İdarə heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı Vüqar Rəhimzadə Metbuat.az-a açıqlamasında bildirib ki, başlığın mətni ifadə etməməsi, ziddiyyət təşkil etməsi yolverilməzdir:
“Çaşdırıcı, mövzunu əhatə etməyən başlıqlarla oxucunu cəlb etməyə çalışan kifayət qədər saytlar var. Belə hallar jurnalistlərin imicinə xələl gətirir. Ümumiyyətlə, juralistikaya xas olmayan xüsusiyyətdir. Başlıq xəbərin ümumi məzmununu ifadə etməlidir. Bunların hamısı oxucunu cəlb etmək xarakteri daşıyır. Lakin bir müddət sonra oxucuda həmin sayta qarşı böyük bir inamsızlıq formalaşdırır”.
Bu cür saytların cəzalandırılması ilə bağlı hansı tədbirlər görülə bilər?
Vüqar Rəhimzadə əlavə etdi ki, ölkəmizdə belə bir cəza mexanizmi yoxdur:
“Azərbaycanda bir nəfər bu gün bir neçə sayt yarada bilir. Elə saytlar var ki, hər yazısında jurnalistikanın peşə və davranış qaydalarını pozur. Azərbaycanda söz, fikir azadlığı qanunla müəyyənləşir. Kifayət qədər bu sahəyə önəm verilir. Hər bir şəxs sərbəst şəkildə fikirlərini ifadə edə bilər. Amma təəssüflər olsun ki, bəzi hallarda bundan sui istifadə halları da olub. Jurnalistikadan, onun peşə-davranış qaydalarından bixəbər olan adamlar saytlar təsis edir, sağlam mətbuatımıza xələl gətirməklə məşğul olurlar. Bütövlükdə cəmiyyətə mənasız narahatlıq verirlər. İnsanların şərəf və ləyaqətlərinin alçatmaqla öz yalan informasiyalarını cəmiyyətə “sırımaq” istəyirlər. Bu da uzun müddət davam edə bilməz. Oxucu ağı qaradan yaxşı seçir. Bir, iki, üç dəfə baxandan sonra o sayta inamsızlıq yaranır. Ona görə sağlam sözə hörmət edən hər bir fərd belə hallara qarşı ictimai qınaq xarakterli müqavimət göstərməli, öz mövqeyini nümayiş etdirməlidir”.
Məsələnin hüquqi tərəfini izah edən vəkil Asif Abdullayev bildirib ki, ümumi bir xəbərin başlığını şişirdərək oxucuya təqdim etmək məhkəmə predmeti ola bilməz:
“Oxucu cəlb etmək, yaxud şəxsi maraqlar üçün məlumatların təhrif olunmasına yol verilməməlidir. Yalan başlıqlarla bağlı ciddi tədbirlər görülə bilməz. Bundan sui istifadə halları müəyyən olunmasa, orada bir qanun pozuntusunu müəyyən etmək olmaz. Təcrübədə qərəzli şəkildə kiminsə şərəf və layəqətini alçaldan xəbər başlığı olub və bununla bağlı məhkəmə prosesi keçirilib. Hansısa şəxsin barəsində verilən yalan başlıqla bağlı müraciət etmək olar. Lakin ümumi bir xəbər başlığına görə məhkəməyə müraciət etmək real deyil”.