Ötən gecə Azərbaycana xaricdən kütləvi zəng olub

538
Ötən gecə Azərbaycana xaricdən kütləvi zəng olub

Dünən gecə saatlarında Azərbaycanda bir çox insanlara xarici ölkələrə məxsus telefon nömrələrdən zənglər edilib. Zənglərin eyni ölkələrdən və kütləvi şəkildə edilməsi narahatlıq yaradıb. Bu barədə bir çox şəxs sosial şəbəkələrdə məlumat verib. Zənglər əsasən Albaniya və Serbiyadan edilib.

Mynews.az xəbər verir ki qafqazinfo məsələyə aydınlıq gətirmək üçün ekspert Osman Gündüzə müraciət edib. O.Gündüz sayta açıqlamasında bildirib ki, belə zənglərin məqsədi beynəlxalq trafikdən oğurluq etməklə pul qazanmaqdır: "Yəni, beynəlxalq zənglər klassik formada mobil operatorlar üzərindən yox, internet üzərindən edilir. Xaricdən kimsə hansısa nömrəyə zəng edəndə burada operatorlar vasitəçi olur. Amma internet üzərindən edəndə müəyyən texnoloji avadanlıqlardan istifadə edilir. Tarfikdən pul əldə etmək üçün zəng internet üzərindən yönəldilir. Zəng operatora yox, çoxlu sayda sim kartların yerləşdirildiyi xüsusi avadanlığa yönəldilir. Buradan da pul qazanılır.

Bu məsələni ortaya çıxarmaq asan deyil, bununla dövlətin xüsusi xidmət orqanları məşğul olmalıdırlar. Bəzən internet üzərindən olan zənglərin mənbəyini aşkar etmək qeyri-mümkün olur. Bizim operatorların da hazırlıqlı olmaması, peşəkarlığın aşağı olması trafikin oğurlanmasının qarşısını ala bilmir. Son vaxtlar operatorlarımızın trafiki dəhşətli dərəcədə oğurlanır, bununla bağlı müəyyən əməliyyatlar da keçirilib. Sadəcə onlar nüfuzlarına xələl gəlməməsi üçün bu məlumatı açıqlamırlar".

Ekspert bu zənglərin vətəndaşlara hər hansı maddi ziyanı olmadığını deyib: "Vətəndaşlar onlara edilən zənglərə cavab versələr, onlardan hər hansı pul çıxılmayacaq. Sadəcə burada itirən mobil operatorlar və dövlət olur. Amma bunun təhlükəsizlik tərəfi də var. Həmin zənglərdə hər hansı cinayət tərkibi olarsa, terror çağırışı və ya başqa hallar olarsa, bizim dövlət təhlükəsizlik xidməti onu tapa bilməyəcək. Həmin vətəndaş da bu zəngə aydınlıq gətirə bilmədiyi üçün pis vəziyyətdə qalacaq".

 

Qeyd edək ki, bir müddət öncə millət vəkili Siyavuş Novruzov da belə zənglərlə bağlı narahatlığını bildirib.

Xəbər lenti