Estetik əməliyyatın qurbanı olan gənc qızın ölümündə qaranlıq məqamlar, saxta sənədlər... TƏFƏRRÜATLARI

655
Estetik əməliyyatın qurbanı olan gənc qızın ölümündə qaranlıq məqamlar, saxta sənədlər... TƏFƏRRÜATLARI

2 il əvvəl dünyasını dəyişən 17 yaşlı Leylanın ölüm səbəbi ətrafında müəmma qalmaqda davam edir. Leylanın ölümünə səbəb olan həkimlər hələ də məhkəmə önünə çıxarılır.

Əvvəlcə hadisə barədə...

Mynews.az musavat.com-a istinadən xəbər verir ki, Leyla 2015-ci ilin mart ayında "Star Med" özəl klinikasında burnundan əməliyyat olunan zaman dünyasını dəyişib. Maliyyə-İqtisad Kollecinin 3-cü tələbəsi olan Mürsəlova Leyla Namiq qızının əməliyyat zamanı narkoz verildikdən sonra dünyasını dəyişdiyi bildirilirdi. İlkin ehtimala görə, narkozun dozası çox olmuşdu.

Daha sonra isə L.Mürsəlovanın ürək çatışmazlığından əziyyət çəkdiyi barədə də məlumatlar yayıldı. Amma hazırda davam edən məhkəmə işinin gedişatından aydın olur ki, Leyla tamamilə başqa xəstəlikdən əziyyət çəkirmiş. Amma mərhumun ailəsi bununla razılaşmır.

2 ilə yaxındır, davam edən məhkəmə...

Leylanın ölümü ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Leylanı əməliyyat edən cərrah Mehdiyev Sənan Elman oğlu və əməliyyatda anestezioloq kimi iştirak edən Quluzadə Emin Akif oğlu cinayət məsuliyyətinə cəlb ediliblər. Bu cinayət işi üzrə məhkəmə iclası Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə aparılır.

Leylanın hüquqi varisi kimi atası Namiq Mürsəlov məhkəmə iclaslarında iştirak edir.

Leylanın ölümünə nə səbəb olub?

Yuxarıda Leylanın ölümü ilə bağlı səsləndirilən iki iddianı qeyd etdik. Amma cinayət işi materiallarında ölümə səbəb kimi "bədxassəli hipertermiya" göstərilir. Cinayət işi araşdırılan zaman Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən keçirilən ekspertiza bu rəyi verib. Amma mərhumun atası Namiq Mürsəlov bununla razılaşmır.

Namiq Mürsəlov musavat.com-a bildirib ki, əməliyyat zamanı qızının səhhəti ağırlaşan zaman anestezioloq Emin Quluzadə ona deyib ki, Leylanın təzyiqi 60-70-ə düşüb.

Əməliyyatdan əvvəl qızının klinikada müayindən keçirildiyini deyən Namiq Mürsəlov Leylanın bədxassəli hipertermiya xəstəliyindən əziyyət çəkməsi ilə bağlı verilən rəylə razılaşmadıqlarına söyləyib: "Cərrah Sənan Mehdiyev özü ifadəsində deyib ki, Azərbaycanda bədxassəli hipertermiya xəstəliyini müəyyən edəcək laborotoriya yoxdur. Həm də bu xəstəliyə 100 mində bir insanda rast gəlinir. Əgər bu xəstəliyi Leylanın sağlığında müəyyən edə bilməyiblərsə, ölümündən sonra necə müəyyən ediblər? Bu rəy Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri Şakir Musayevin imzası ilə verilib. Daha sonra onu işdən çıxardılar. İndi isə deyirlər ki, rəyi dəyişdirmək mümkün deyil. Çünki bu rəy dəyişdirilərsə, çox adam cəzalandırılmalıdır. Yenidən ekspertizanın keçirilməsi vacibdir".

N.Mürsəlov cinayət işi materiallarına bəzi saxta məlumatların da əlavə edildiyini söyləyib. O, qeyd edib ki, əməliyyat zamanı qızının səhhəti pisləşəndə ona bir neçə dərman vurulub: "Həmin dərmanlar anestezioloq Emin Quluzadənin ifadəsində sadalanır. O dərmanları da Emin Quluzadə vurub. Amma həmin dərmanlar ekpertiza rəyi ilə müəyyən edilən xəstəliklə uyğun gəlmir. Əgər doğurdan da qızıma həmin dərmanlar vurulubsa, bunu müəyyən etmək çox asan idi. Hadisədən sonra klinikaya gələn müstəntiq həmin dərmanların qablarını götürməli idi. Bu dərman qabları hara yoxa çıxa bilərdi? Əməliyyat otağında nəzarət kamerası var idi. Dərhal görüntülər götürülməli idi. Amma götürülmədi. Sonra da deyildi ki, kameralar işləmir. Bu necə ola bilər? Klinikada guya qızım bütün müayinələrdən keçirilib. Əməliyyatdan qabaq da bu nəticələr həkimlərə verilib. Klinikada kordiologiya şöbəsi yoxdur. Kordioloq həkim yoxdursa, qızım necə müayinə edilib? Bu müayinə ilə bağlı verilən sənədin üzərində tarix fevral ayının 26-sı göstərilir. Halbuki qızım o tarixdən 20 gün sonra əməliyyat edilib. Fevralın 26-da qızım səhər saat 10-dan axşam saat 6-ya qədər praktikada olub. Bununla bağlı arayışımız da var".

Qeyd edək ki, bu iş üzrə daha ilginc məqamlar da var. Bu barədə də məlumat verəcəyik. Növbəti məhkəmə iclası fevralın 21-nə təyin edilib.

Bildirək ki, təqsirləndirilən hər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Onlar ev dustaqlığındadırlar.

Xəbər lenti